GÜNEY AZƏRBAYCANIN QADIN İDMANÇISI YARIŞDA BAŞ ÖRTÜYÜNDƏN İMTİNA ETDİ

İranda etirazlar heç cür səngimir. Əksinə, son günlər qarşıdurmaların miqyasının xeyli dərəcədə artdığını demək olar. Evin həbsxanasının yanması, məhbusların həyatını itirməsi sanki alovun üzərinə yanacaq töküb. Etirazçılar tələblərini bir az artırıb. İndi İranda alışmadığımız mənzərələri görmək mümkündür. Qadınların bəzisi küçədə hicabsız gəzir.

Kütləvi informasiya vasitələri xəbər verir ki, İranın azərbaycanlı qadın idmançısı yarışda baş örtüyü taxmaqdan imtina edib. Elnaz Rekabi olimpiadaya vəsiqə turnirində hicab taxmamaqla etirazçılara dəstəyini göstərib. Dağçılıq yarışlarında həmişə İranı yaxşı təmsil edən azərbaycanlı idmançı bu dəfə saçlarını gizlətməmək qərarına gəlib.

Elnaz Rekabi 2021-ci ildə dünya çempionatında bürünc medal qazanmışdı. Azərbaycanlı idmançı həm də olimpiadaya vəsiqə vəd edən Asiya Çempionatında medalsız qalıb. O, yalnız dördüncü yeri tuta bilib. Buna baxmayaraq, Rebaki Seulda geyimi ilə diqqət mərkəzinə düşüb. Elnaz başqa qadın idmançılardan fərqlənməməyə çalışıb.

Rekabi 1989-cu ilin avqustun 20-də Zəncanda doğulub. Sultaniyyə dağlarına yaxın ərazidə doğulan Elnaz dağçılığa uşaq yaşlarından böyük maraq göstərib. Valideynləri onun qarşısını kəsmək istəməyib. O, beynəlxalq yarışların əksərində medal qazanıb. Rekabi dünya və Asiya çempionatlarında dəfələrlə ilk üçlükdə yer almağı bacarıb.

Elnazın Seuldakı çıxışı İran telekanallarında əksini tapmayıb. Amma etirazçılar idmançıya böyük rəğbət nümayiş etdirirlər.

İranda etirazlar Məhsə Əmininin öldürülməsindən sonra başlamışdı. Hökumət qızın xəstə olduğundan həyatını itirdiyini bildirir. Amma etirazçılar onun öldürüldüyünə əmindir. Əmininin ölümündən sonra İranda sabitlik pozulub. Böyük şəhərlərdə etiraz aksiyaları bir-birini əvəz edir. Güc strukturlarının əməkdaşları etirazçılarla çox sərt davranır, silaha əl atır. Ölənlərin sayını dəqiqləşdirmək olmur, amma rəqəmin böyük olduğuna şübhə yoxdur.

Etirazlara tələbə və məktəblilər də qoşulub. İrandan yayılan videolarda hətta qız şagirdlərin də küçədə hicabsız gəzdiyi görünür.

Aytən

Şərhlər bağlıdır.