İRANDA ONLARLA AZƏRBAYCANLI HÜQUQŞÜNAS REJİM TƏRƏFİNDƏN TƏQİB OLUNUR

İranda etirazlar başlayandan bəri azı 16 hüquqşünas-hüquq müdafiəçisi, o cümlədən bu yaxınlarda Şərqi Azərbaycan əyalətində 4 hüquqşünas həbs edilib.

Vəkillər etirazçılara hüquqi yardım göstərmək niyyətinə görə təzyiqlərə məruz qalır, təqib və həbs olunurlar.

Yerli mənbələr bildirirlər ki, onlarla etnik azərbaycanlı hüquqşünas hökumətin nümayişləri vəhşicəsinə dağıtdığını tənqid etdiyinə, hökumət əleyhinə nümayişlər zamanı həbs olunanlara hüquqi yardım göstərdiyinə görə hökumət tərəfindən artan təzyiqlərə məruz qalır. Şərqi Azərbaycan əyalətinin Vəkillər Kollegiyasının da İran rejimi tərəfindən ciddi nəzarət altında olduğu iddia olunur.

Şərqi Azərbaycan Vəkillər Kollegiyası daha əvvəl sentyabr ayında İranın əxlaq polisləri tərəfindən saxlanılan və nəticədə dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin öldürülməsi ilə bağlı etiraz aksiyalarında da iştirak edib.

Ümummilli etirazların başlamasından bir neçə həftə sonra Vəkillər Kollegiyası etiraz aksiyaları zamanı həbs olunanlara hüquqi yardım göstərmək üçün “Müdafiə Komitəsi” yaradıb. Bu barədə oktyabrın ortalarında azərbaycanlı vəkil və Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi məlumat verib. O, sosial şəbəkədəki paylaşımında Şərqi Azərbaycan əyalətinin paytaxtı olan Təbriz şəhərində keçirilən etiraz aksiyalarında 1 700-dən çox adamın həbs edildiyini bildirib.

Üç gün sonra S.Yusifi və daha 3 vəkil Təbrizdə həbs edilib. Sonda onlar iki-altı həftəlik həbsdən sonra zaminə buraxılıblar.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.