İran qondarma “Talış-Muğan Respublikası”nın başçısı Əlikram Hümbətova anım günü keçirməyə hazırlaşır. Görünən odur ki, sağlığında Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi sərgiləyən cinayətkar Əlikram Hümbətovun ölüsü də İran tərəfindən əziz tutulmaqda, ehtiramla qarşılanmaqdadır.
Maraqlıdır, İran daxilində vətəndaş müharibəsi həddində qarşıdurma və qırğınların yaşandığı bir vaxtda rəsmi Tehranın Əlikram Hümbətovu yada salmasına səbəb nədir? Əlikram Hümbətovun hansı özəlliyi onu İran üçün bunca dəyərli edir?
Tehranın Azərbaycanı parçalamaq cəhdi
İranın Əlikram Hümbətov və bu qəbildən olan separatçıları dəstəkləməsinə səbəb onun Azərbaycana, onun müstəqilliyinə və suverenliyinə olan düşmənçiliyi, nifrət hissidir. 1813-cü ilin Gülüstan, 1828-ci ilin Türkmənçay müqavilələrinə əsasən, çar Rusiyası ilə birlikdə Azərbaycanı parçalayan İran, 1991-ci ildə müstəqilliyini bərpa edən dövlətimizi məhv etmək üçün çoxsaylı təxribatlara imza atıb. Bu təxribatların biri də Azərbaycanın cənub rayonlarında qondarma “Talış-Muğan Respublikası”nın yaradılması ideyası olub. Əlikram Hümbətovu bu ideyanın müəllifi kimi təqdim edən və onun rəhbərliyi altında separatizmin reallaşmasına çalışan İran onlara ciddi dəstək verib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Ermənistan işğalına qarşı mübarizə aparmasından istifadə edən İran belə çətin dönəmdə Əlikram Hümbətov kartından faydalanmağa çalışmışdır. Məhz ümummilli lider Heydər Əliyevin prinsipiallığı sayəsində Əlikram Hümbətovun separatizm cəhdlərinin qarşısı alınmış, Azərbaycanın bölünməsi, parçalanması planları alt-üst olmuşdur. Heydər Əliyev 24 avqust 1993-cü ildə Bakıda ümumrespublika müşavirəsindəki çıxışında Əlikram Hümbətovu xəyanətkar elan etmiş, onun əlinin Azərbaycan xalqının qanına batdığını bildirmişdir. Ulu öndərin səyi nəticəsində Əlikram Hümbətovun cənub rayonlarındakı təxribatçı əməllərinə son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü üçün təhdid yaradan hallar aradan qaldırılmışdır.
Əlikram Hümbətovun sağlığında onun əli ilə Azərbaycanı parçalamaq niyyətini həyata keçirə bilməyən İran bu gün onun ölüsü vasitəsilə separatizmi diriltməyə çalışır. Bu faktın özü, habelə son üç əsrdə Tehranın Azərbaycanla bağlı yürütdüyü siyasətin təhlili göstərir ki, İranın dövlətimizi, xalqımızı parçalamaq arzusu əzəli və əbədidir. Lakin İran, o cümlədən, digər anti-Azərbaycan qüvvələr bilməlidir ki, Azərbaycanın müstəqilliyi əbədidir və bizim müstəqlliyimizə, ərazi bütövlüyümüzü qəsd etmək istəyənlərin arzusu hər zaman gözündə qalacaq.
Separatçının “demokrat” obrazı
İranın Əlikram Hümbətovun anım mərasimini keçirməkdə bir neçə məqsədi var. Bunlardan biri bölgədə separatizmi yenidən alovlandırmaq, separatist ideyaların yayılmasına təkan verməkdir. Ehtimal etmək olar ki, anım mərasimindən sonra İran Azərbaycanın cənub bölgəsində separatizm ideyalarının yayılmasına yenidən cəhd edəcək, Əlikram Hümbətovun ideya davamçılarını tapmaq üçün ciddi səylər ortaya qoyacaq.
Əlikram Hümbətovun anım məraisiminin keçirilməsində digər bir məqsəd isə “Vətən xaini”nin separatçı fəaliyyətini “mübariz lider”, “azadlıq carçısı” kimi ifadələr altında ehtiramla pərdələmək, ona “mötəbər demokrat” donu geyindirməkdir. İran belə tədbirlərlə “Əlikram Hümbətov məktəbi” yaratmağa, bu məktəbə davamçılar cəlb etməyə, Azərbaycana qarşı yeni bir cəbhə formalaşdırmağa çalışır.
Əlikram Hümbətovun anım gününün keçirilməsində digər məqsəd isə Azərbaycana mənəvi-psixoloji təzyiq göstərməkdir. İran bununla demək istəyir ki, Əlikram Hümbətov ölsə də, onun bölücülük, separatçı ideyaları ölməyib və Tehran bu ideyaları günümüzdə də dəstəkləməyə hazırdır.
Vətən xaini – düşmənlərin dostu
“Vətən xaini”nin anım mərasimi həm də Ermənistanla İran arasındakı dostluğun göstəricisidir. Çünki Əlikram Hümbətov İran kimi Ermənistan hakimiyyəti tərəfindən də sevilir və təqdir edilirdi. Əlikramın erməni mediasından Azərbaycan xalqının ünvanına səsləndirdiyi təxribat xarakterli fikirlər, dəfələrlə Ermənistana səfər etməsi faktları buna nümunədir.
Həm İran, həm də Ermənistan üçün Əlikram Hümbətovu dəyərli edən yeganə amil onun Azərbaycana düşmən mövqe tutması, onu parçalamağa çalışması idi. Hər iki dövlət hesab edir ki, Azərbaycanı zəiflətmək, onu vətəndaş müharibəsinə sürükləmək üçün Əlikram Hümbətovun separatçı ideyaları dəstəklənməli, ona hərtərəfli yardım göstərilməlidir.
İran və Ermənistanın Əlikram Hümbətova olan bu sevgisi hər iki dövlətin hansı ortaq dəyərlərə sahib olduğunu göstərir. İran da Ermənistan kimi, separatizmi dəstəkləyən, Azərbaycanı qanlı qarşıdurmalar meydanına çevirməyə çalışan ölkədir və bu gün də öz çirkin niyyətindən əl çəkmək fikrində deyil.
Bütün bunlar xalqımızın dövlətin və Prezidentin ətrafında sıx birləşməsinin son dərəcə önəmli olduğunu göstərir. Azərbaycan xalqının ona ölüm və iztirab gətirmək istəyən qüvvələrin təxribatından, bəd əməllərindən yalnız bu yolla qorunması mümkündür. Başqa sözlə desək, anti-Azərbaycan qüvvələrinə qarşı mübarizədəki uğurlarımız birliyimizdən və həmrəyliyimizdən asılı olacaq.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.