Xalqımızın bütövlüyünü qoruyan və yaşadan bayram
Abdulla Əmir Haşimi Cavanşir: Otay-butayın kökü minilliklərdən gələn, daim yaşadılan, ortaq təntənə ilə qeyd edilən Novruz bayramı ilə yenidən qol-boyunuq.
Sorağı minilliklərdən gələn Novruz törəni Azərbaycan xalqının ən əziz milli bayramı olduğuna görə varlığımıza qənim kəsilən hakim dairələr zaman-zaman onu həyatımızdan çıxarmağa, unutdurmağa çalışıblar. Bu bayram Vətənimizin hər iki tayında eyni duyğu-düşüncələrlə qeyd edildiyinə görə xalqımızın bütövlüyünü, milli varlığına bağlılığını təcəssüm etdirmiş, buna görə də düşmən dairələrin ciddi təhdidinə səbəb olmuşdur.
Sovet dövründə kommunist hakimiyyəti yurdumuzun quzeyində bu bayramı qadağan etmiş, onun gizlin keçirilməsini bacardığı qədər əngəlləmişdi. Azərbaycan müstəqillik qazanandan sonra Novruz milli bayram kimi dövlət səviyyəsində qeyd edilir. Bu, xalqımızın tarixi nailiyyətləri sırasında öyünclü bir hadisədir.
İranda isə İslam Respublikası qurulandan sonra molla rejimi islamaqədərki digər ayin və mərasimlər kimi Novruz bayramına da xor baxmış, qadağalar qoymuşdur. Lakin quzeydə olduğu kimi, güneydə də xalqımız öz sevimli bayramını qoruyub yaşadır. Güneylilər Novruz bayramını və çərşənbələri qeyd etməyi mübarizə bayrağına çevirmişlər.
Molla rejimi Pəhləvi şahlığının siyasətinin davamçısı olaraq, Novruz bayramının qeyd olunmasının qarşısını ala bilməmişdir. Bu halda fars rejimi Novruz bayramını mənimsəmək yolu ilə özününküləşdirməyə çalışmışdır. Guya, bu bayram binadan farslarındır və indi də onlara məxsusdur. Bu saxtakarlıqdan istifadə edib, Azərbaycan türklərini öz adət-ənənəsindən qoparmağa səy göstərmişlər. Həqiqətdə isə Novruz bayramı Azərbaycan xalqının mədəniyyətinin bir parçası olaraq, min illərlə onun yaşadığı coğrafiyada yaranmış və inkişaf edib bu günə çatmışdır.
Novruz bayramını qadağalarla, mənimsəmələrlə əlimizdən almaq olmaz. Lakin onun bəşəri xüsusiyyətləri başqa xalqlar üçün də maraqlı ola bilər. Bu bayramın sivil, humanist dəyərləri onun UNESCO-nun bəşəri irs siyahısında yer alması üçün əsas olmuşdur. Lakin molla rejimi Novruz bayramına, çərşənbələrə qadağa qoyur, farsların adət-ənənələrinin geniş yayılmasına şərait yaradır. Hakim fars ideoloqları çalışırlar ki, qondarma mədəniyyət yaratsın, onun vasitəsilə digər xalqları əridib yox etsin.
Niyə Novruz bayramı fars mənşəli ola bilməz? Bu bayram əski türklərin həyatında yaranıb-formalaşıb, sonrakı dövrlərdə farsların da arasında yayılıbdı. Novruz bayramı bir ay öncədən çərşənbələrdən başlanır. Bu isə qışı ağır keçən bir xalqın həyat fəlsəfəsini ifadə edir. Novruz, farsların iddia etdiyi kimi, yeni il, təqvim bayramı deyil, əslində, türklərin yaşadığı coğrafiyada qışın yaza çevrilməsi prosesini əks etdirən təbiət bayramıdır.
Bundan əlavə, Novruzu qoruyub yaşadan da farslar deyil, türklər olmuşlar. Şəhriyarın “Heydərbaba”sı məhz Pəhləvi rejiminin türkləri assimilyasiya siyasətinə qarşı milli mübarizə əhval-ruhiyyəsini əks etdirirdi. Poemada Novruz bayramının sevgi ilə tərənnüm edilməsi də Azərbaycanın adət-ənənələrinə şah rejiminin basqısına qarşı bədii etiraz idi. Ona görə də həmin dövrdə “Heydərbabaya salam” mənzuməsi güney azərbaycanlılarının fars şovinizminə qarşı mübarizə dastanına çevrildi.
Türklərin inanclarına əsasən, yaranış 4 ünsürdən ibarətdir: su, od, hava və torpaq. Qışın sonunda təbiətin tədricən qış yuxusundan oyanması bu dörd ünsürlə bağlıdır. Su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi də bu oyanışı göstərir. Çərşənbə günü türklərdə uğurlu sayılır. Novruz çərşənbələrinin hər birində icra olunan ayrı-ayrı mərasimlər yüz illərlə yaranıb, bu günə çatmışdır. Farsların həyatında isə bu çərşənbələrdəki iqlimə və onunla bağlı mərasimlərə rast gəlmək mümkün deyil.
Beləliklə, Novruz bayramının yaranması, təkamülü və yayılması, əski türk xalqlarına məxsus tarixdir. Türk ellərində iki böyük bayram – Novruz yazda, Şualan isə payızda, məhsul yığılandan sonra qeyd olunurdu. Bu bayramlar qonşu xalqlar arasında da geniş yayılmışdı. Farslar da həm Novruz, həm də bizim Şualan bayramını türklərdən götürüb mənimsəməyə başlamışlar. Halbuki, həm Novruz, həm də Şualan bayramı, əslində, yaranışından biz azərbaycanlılara aiddir. Azərbaycan xalqının fars şovinizmindən istəyi ondan ibarətdir ki, bu mədəniyyət oğurluğundan əl çəksin. Azərbaycanlıların adət-ənənələrinə, dilinə, torpağına, mədəniyyətinə təcavüzə və müsadirəsinə son qoysun.
Min illərdir ki, xalqımız 4 çərşənbəni qeyd edir, sonra Novruz bayramının ölkəyə gəlməsini şənliklə qarşılayır. İnsanlar təzə paltarlar geyirlər. Rəqslər, musiqilər, şənliklər bayramı təravətləndirir. Bu bayramda küsülülər barışır. Təbiət kimi cəmiyyətdə də soyuqluq istiliyə çevrilir. Doğmalar görüşə can atırlar, bir-birinə hədiyyə verirlər. Novruz ümumxalq şənlik törəni kimi xalqımızı yaşamağa, çalışmağa ruhlandırır. Bütün bunlar xalqı bir daha yaxınlaşdırıb bütövləşdirir.
Otay-butayın kökü minilliklərdən gələn, daim yaşadılan, ortaq təntənə ilə qeyd edilən Novruz bayramı ilə yenidən qol-boyunuq. Bu əziz bayram münasibətilə Azərbaycanın quzeyində, güneyində yaşayan, sorağı dünyanın hər yerindən gələn xalqımızı ürəkdən təbrik edirik, onlara cansağlığı, uzun ömür, sülh, əmin-amanlıq, bərəkət arzulayırıq.
Abdulla Əmir Haşımi CAVANŞİR,
Güney fəalı
İsveç
https://xalqqazeti.az/sosial-heyat/123690-xalqimizin-butovluyunu-qoruyan-ve-yasadan-bayram
Şərhlər bağlıdır.