ETTELAAT-IN BAKIYA QARŞI PLANI ÜZƏ ÇIXDI – SƏNƏD

İran Xalq Mücahidləri Təşkilatına yaxın olan “Rejimi devirmək üçün inqilab” haker qrupu internet vasitəsilə İran prezidentinin internet resurslarına nüfuz etdiyini və 120 serverdə məlumat əldə etdiyini bildirib. Haker qrupu İran prezidentinin kompüterinə, iş və istirahət zonasını; prezidentin üzgüçülük hovuzu ilə bağlı “gizli” və “tam məxfi” məlumatları, İbrahim Rəisinin İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaniyə etiraz mesajını yayıb.

Bu barədə siyasi ekspert Cəmaləddin Quliyev qeyd edib.

Onun sözlərinə görə, sənədlərin içərisində Azərbaycanla bağlı mühüm məqamlar var:

“Dərc olunmuş sənədlərin birində Kəşfiyyat Nazirliyinin İran – Azərbaycan münasibətlərinə dair hesabatı əks olunur. Hesabatda deyilir ki, polis Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra səfirliyin binasına 20 dəqiqəlik gecikmə ilə gəlib. Xatırladaq ki, Azərbaycan tərəfi ilk vaxtlardan səfirliyin mühafizəsində qəsdən yol verilmiş səhlənkarlıqlardan bəhs edir, polisin hadisəyə bilərəkdən gec reaksiya verdiyini vurğulayırdı. Amma İran rəsmiləri səhlənkarlıqları, səfirliyin mühafizəsinin təşkil olunmamasını, polisin hadisəyə gec reaksiyasını inadla təkzib edir, Azərbaycanı guya məişət məsələsini siyasiləşdirməkdə ittiham edirdilər. Sənədlərdən anlaşılır ki, İranın güc qurumlarından biri (Kəşfiyyat Nazirliyi) bu məsələlərə görə digər qurumu – Daxili İşləri Nazirliyini təqsirkar bilir və məsuliyyəti öz üzərindən atır.

Digər sənədə əsasən, İranın Kəşfiyyat Nazirliyi Rusiyaya təklif edir ki, NATO-nun Azərbaycan Respublikasında hərbi mövcudluğuna həssaslığını artırsın. Bu da olduqca mühüm məqamdır. Dəfələrlə qeyd etmişik ki, İran mediasının ekspert qismində təqdim etdiyi şəxslər vaxtilə Qasım Süleymaninin davrandığı kimi, Rusiyanı Azərbaycana qarşı birgə mübarizə aparmağa, bu məqsədlə Azərbaycanda NATO, Türkiyə və İsrailin mövcudluğuna, bu mövcudluğun Rusiya üçün yaratdığı risklərə inandırmağa çağırışlar edirlər. İndi həmin ekspertlərin başının hara bağlı olduğu aşkarlanır; İran kəşfiyyatı Rusiyanı Azərbaycana qarşı təhrik etmək üçün həm kulisarxası danışıqlarda, həm təbliğat resurslarında planlı iş aparır”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.