HƏSƏN CƏBRAYILOVUN (AHƏNGİ) XATİRƏLƏRİNDƏN

O müdhuş gecədən lövhələr

Həsən Cəbrayılov (Ahəngi) hamımızın xatirində görkəmli sənətkar, dünya şöhrətli parodiyaçı kimi qalıb. Amma çoxları bilmir ki, insanlara həyatı boyu xoş ovqat bəxş edən bu şəxsiyyətin həm də əksəriyyətə gizli qalan mübariz bir həyat yolu var. Həsən Azərbaycan Demokrat Firqəsinin üzvü olmasından, Mərkəzi Komitədə təmsilçiliyindən, xalq hərakatında iştirakından heç vaxt yazmadı, tribunalarda çıxış etmədi. Bu matrealı isə bir növ qılığına girib qələmə aldı. İndi 20 Yanvar şəhidləri anım günündə məsləkdaşımızı yada salmaqla onun həmin gün rastlaşdığı lövhələri göz önündə canlandırırıq.

O müdhuş gecədən lövhələr

20-ci əsrin sonu, xalqımızı qazanacağı milli isiqlalı və azadlığı yolunda dəhşətli faciələrlə imtahana çəkdi. Qarabağ müharibəsi, 20 yanvar, 20 noyabr, Xocalı olayları, Vətən torpağına çökmüş minlərlə şəhidin vücudu, əbədi şikəst qalan insanların əzabları hesabına Azərbaycana çoxdan gözlənilən müstəqiliyi bəxş olundu. Bu sırada 20 yanvar şəhidləri öz qanları bahasına zəncirləri qıra-qıra, zülmətləri yara-yara işıqlı sabaha, xoşbəxt gələcəyə yol açaraq, ulu Allahın müqəddəslərinə çevrilib, öz ölümləri ilə ölməzlik qazanmış, cənnətin qapılarını üzlərinə açaraq, əbədiyyətə qovuşdular. 1990-cı ilin yanvar gecəsi dağılmaq ərəfəsində olan SSRİ-nin “xilaskar ordusu”, “sülh ordusu” ağır texnika ilə silahlanaraq öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqa divan tutdu və Bakını susdurmaq üçün vəhşiliklər törətdi.

1990-cı il yanvarın 19-da, saat 18-30 da. mən Az.TV-nin texniki nəzarət  şəbəsində efirə gedəcək proqramlara baxış keçirirdim. Adətən gecənin ənginliklərinə qədər qalır, lentləri aşkarlayır və anotasiyalar yazırdım. Saat 18-də tələsik olaraq televiziyanın gün ərzində işləyən şöbələrindən işçilərə binanı tərk etmə əmri verildi. Hərbçilər onları tələsik çıxarmağa başladılar. Hətta efirə  vüdeoproqram yayımlayan şöbənin növbə rəisi Azad Xudaverdiyevin yayımı dayandırmaq istəmədiyinə görə zabit tapançasını başına sıxmışdı. Saat 18-30 radələrində bir rus zabiti mənim otağımın qapısını açdı və rusca: – Bıstro na vıxod (cəld, çıxışa doğru) əmrini verdi. 1988-ci ildən rus hərbçilərinin özbaşınalığına və qəddarlığına bələd idim. Odur ki, qapını bağlayıb həyətə düşdüm. 4 əsgər əllərində yeşikləri hara isə daşıyırdılar. Mən bu ölçüdə taxta yeşikləri akkumlyator sanıb darvazaya doğru yönəldim. Sabahı başa düşdüm ki, enerji blokuna doğru aparılan bu yeşiklərdə  partlayıcılar daşınırmış.

Səhərə qədər növbə çəkəcək elektrikləri həbs edib, silahla hədələyərək blokdan çıxarmış, partladılacağı nəzərdə tutulan eneji blokundan uzaqda beton zirzəmidə saxlamışdılar. Elektrik montyoru Romanov başına gələnlərdən və çəkdiyi qorxu hisslərindən az sonra həyatını dəyişdi.

Nəqliyyat işləmədiyinə görə Mehdi Hüseyn küçəsi ilə piyada aşağı enirdim. Cavan bir oğlan hamını Salyan kazarmasına getməyə çağırırdı. Evə qayıtdım. Televizor qarşısında əyləşərək xəbər axtaran tamaşaçılar ekranın qəfil qaralmasının səbəbini başa düşmürdülər. Saat 19-26-də enerji bloku partladılıb Az.TV-nin işi dayandırılır. Bilindi ki, bu əməliyyat sovet DTK-nın “Alfa” qrupunun əvvəldən hazırladığı plan əsasında həyata keçirilmişdi. Faciəyə bir neçə saat qalmış Azərbaycan informasiya blokadasına salınmış, 23-30 da şəhərə daxil olacaq qoşunlar haqqında televiziya vasitəsi ilə xalqa müraciət etmək, onları məlumatlandırmaq imkanı yox edilmişdi. 20 yanvar səhəri Sovet Ordusunun Bakıda dinc əhaliyə divan tutduğu məlum olacaqdı, partlayışın da əsas gerçək səbəbi bu idi.

Mən 7-ci Zavağzal küçəsində, Xalq cəbhəsinin qərargahının 100 metrliyində yaşayırdım. İnsanlar qərargagı tutmuş, sanki qoşunun daxil olacağından hali idilər. Bir neçə nəfərdə kerosin dolu şüşələr gördüm. Moskva prospektində Nərimanov rayonu  partiya komitəsinin binasını hərbçilər tutmuşdu. Ara-sıra yoldan keçən maşınları saxlayıb yoxlayırdılar. Bir minik maşını əmrə tabe olmadan keçib üzü Şmidt adına zavod istiqamətinə yollananda, dərhal atəş açıldı. Güllə küçəyə səpələnmiş adamları da həlak edə bilərdi, ancaq maşının arxa şüşəsindən dəyib, qabaq şüşəsindən çıxmışdı. Sürücü maşını dərhal tərk etdi. Bərk qorxduğuna görə ona su verdilər. Yavaş-yavaş pis xəbərlər gəlirdi. Dəmiryolu texnikumundan Leninqrad prospektinə gedən yolda sərnişin avtobusunun gülləbaran edilməsi, eyvana çıxan yeniyetmə qızın atəşlə qətlə yetirilməsi, küçəmizdən bir dəstə yeniyetmənin  yoxa çıxmasını eşitdik. Salyan kazarmasında əməlli-başlı döyüş getdiyini qərargahda eşitdim.

Kazarma önündə istifadə olunan iri çaplı pulemyotların atəş səsi məhəlləmizdə də aydın eşidilirdi. Səhərə qədər stadionu əhatə edən   meşəlikdə qaldıq. Zirehli maşınların səsi aləmi götürmüşdü. Qaranlıq meşənin təpələrdə yerləşməsi ordunun oraya daxil olmasını məhdudlaşdırmışdı. Sübh güllə səsləri azaldı. Ordu qarşısına qoyduğu qətl proqramını yetirib Bakını tərk etmişdi. Saat 9-00-da sərnişin avtobusuna yaxınlaşdıq. Ölənləri daşıyıb aparmışdılar. Tökülən insan qanı maşından süzülərək üzüaşağı tramvay relslərinə qədər axmış və orada gölməçə yaratmışdı. Avtobusun üstündə 300-ə qədər güllə yeri saydım. İçəri laxtalanan qanla dolu idi, öldürülənlərdən kiminsə ayaqqabıları, şəxsi əşyaları qalmışdı. Yaxındakı binaların pəncərə və divarları deşik-deşik idi. Enli metal borudan hazırlanan elektrik dirəklərinə dəyən güllələr onları deşib keçmişdi. Mən oradan Az.TV-yə gəldim. Enerji blokunun bütün elektrik qurğuları dağılmış, nəhəng darvazasını partlayış dalğası tullayaraq 300 metr aralıqdakı divara çırpmışdı. Dəhlizlər zülmət içində idi. Energetiklər radionun işini sahmanlamaq üçün ehtiyat bloklarını işə salıırdılar. Eşitdik ki, televiziyanın milli fəallarından jurnalist Rafiq Savalan, rəssam Azər Zamanlı, rejissor Vasif Babayev, texnik Ağası Məmmədov həbs edilərək naməlum istiqamətdə aparılmış, oradan Rusiya həbsxanalarına göndərilmişlər. Donor qanı vermək üçün xəstəxanalara yollandıq. Küçələrdə bizi saxlayır, əllərimiz yuxarı vəziyyətdə üzü divara söykədib, ciblərimizi yoxlayırdılar. Şəhər əhalisi Şəhidlər Xiyabanını yaratmaq, qətliamın qurbanlarını şərafətlə dəfn etmək üçün hazırlaşırdılar. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması Qorbaçov rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Şərhlər bağlıdır.