“ÖZÜNÜNKÜ” DURA-DURA CƏNUBİ AZƏRBAYCANLILARA BAŞQA DÜŞMƏN AXTARMAQ LAZIM DEYİL

Özünü dünya azərbaycanlılarının rəhbəri qismində görmək istəyən, Vəliye fəqihin Ərdəbil ostanında nümayəndəsi, Ərdəbil imam cüməsi ayətulla Seyid Həsən Amili bir neçə ildir zahirən cəlbedici, amma mahiyyətcə əsas məsələlərdən caydırıcı və eyni zamanda bölücü bir siyasət yeritmək ya icra etməklə məşğuldur (görəsən, kim yadına salıb). Belə ki, Dünya azərbaycanlılarından, onların birliyindən danışan bu “yoldaş” (Kommunist Partiyasi Mərkəzi Komitəsinin VİLAYƏT İdeologiya şöbəsinin müdiri kimi bir şeydir) qarşısına Şimali azərbaycanlılar arasında dini kimliyi geniş yaymaq və gücləndirmək məqsədi qoyduğunu bəyan edib və hətta deyib ki, o və dərü-dəstəsi (yuxarının tapşırığı ilə bütün şöbəsi) həmin məsələyə görə xüsusi məsuliyyət(!) daşıyır. Onun ikinci əsas vəzifəsi, Şimali azərbaycanlıların “iranlı” kimliyini (?) bərpa etməkdir. Bu siyasi-dinçi və ya dinçi-siyasi xidmətgüzara görə, özünün dediyi kimi, “azəri” toplumunun əksəriyyətini təşkil edən Cənubi azərbaycanlıların heç bir problemi yoxdur və əsas məsələ Şimali azərbaycanlıları, necə deyərlər, DİNƏ-İMANA, daha doğrusu DİNƏ-İRANA gətirməkdir.

BU DA ONUN PROQRAMININ ƏSAS MÜDDƏASI.
Seyid Həsən Amili: “Biz azərilərin birliyinə həssas yanaşırıq, birlik yalnız İmamlıqla(?!) mümkündür, çox şükürlər olsun ki, dünyanın ən böyük (?) Rəhbəri bir azəridir(?). İnqilabın əzəmətli Rəhbəri bütün dünya azərilərinin mənəvi və siyasi(?) rəhbəridir və biz hamımız onun oxu ətrafında hərəkət etməliyik”.

P.S.Rəhbər S.Ə.Xamenei necə azərbaycanlıdırsa, İmam cümə S.H.Amili də elə o cür azərbaycanlıdır. Tarixi-etnik baxımdan hər ikisi eyni kökdən olsa da, tarixi-coğrafi baxımından əcdadları müxtəlif ölkələrdəndir; biri Ərəbistandan, o bir Livandan. Bunların hər ikisi öz əslini-nəslini, şəcərəsini və genealogiyasını çox yaxşı bilirlər və kimlikləri ilə fəxr edirlər.
Vidadi Kamal

Şərhlər bağlıdır.