Dağılmış Ağdam erməni vandalizminin və barbarlığının şahididir

Vüqar Rəhimzadə

30 il işğal altında qalan torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza
atmaqla sahibinə qovuşdu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev
şanlı tariximiz kimi dəyərləndirilən İkinci Qarabağ müharibəsindən bəhs edərkən daim bu fikri xüsusi
vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan rəhbərliyi, onun arxasında dayanan
qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər
təcüvüzkar dövlətə işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, işğalçılıq
siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində
təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də
tükənirdi. İşğalçı dövlət daha da azğınlaşaraq hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya
bilər.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44
günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat
Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bu mühüm
sənədin imzalanmasında Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi əhəmiyyətli rol oynadı.
Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. 10
noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə
atılmadan tarixi sahibinə qaytarıldı.
Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasında xüsusi yer tutan işğaldan
azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi daim 44 günlük İkinci Qarabağ müharibəsinin
hər gününü geniş təhlil etməyə, qanları, canları ilə tarix yazan şəhidlərimizin dastana çevrilən həyat
yolunun vərəqlənməsinə, bir vətənpərvərlik məktəbi kimi öyrənilməsinə çağırış edir. 44 günün hər
günü tariximizin zəfər səhifələridir. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 20 noyabr
Ağdam Şəhəri Günüdür.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz,
qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini
abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və
Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və
yenidənqurma işləri aparılır. Bu gün digər azad edilmiş ərazilərimiz kimi, Ağdam da dirçəlir, yenidən
bərpa edilir. Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezidentin
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Artıq Füzuli, Laçın, Şuşa, Xocalı və
Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə qovuşub. Bu torpaqlarımızda yeni
həyat başlayıb. Prezident İlham Əliyevin çıxışlarında bu hədəf daim önə çəkilir ki, Böyük Qayıdış
Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına
qayıdışı nəzərdə tutulub. Bu il Xankəndi və Kəlbəcər şəhərləri də qayıdış ünvanları sırasında olacaqlar.
2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə soydaşlarımızın qayıdışı nəzərdə tutulub.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma
forumlarının keçirilməsi ölkəmizin təkmil dirçəliş modelinin dünyaya təqdimatında öz sözünü dedi. İlk
Milli Şəhərsalma Forumu 2022-ci ildə Ağdam şəhərində keçirildi. 44 ölkədən 130-dan çox
nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı, dünyaya səsə salan bu Forum
şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradaraq şəhər
ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi
ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynadı. Ölkəmizdə ilk dəfə məhz
Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın
müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın
təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu
platforma oldu. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bildirdi ki, tədbir Ağdamın
beynəlxalq əlaqələrinin başlanğıcıdır. Ağdam və dünyanın bir çox şəhərlərinin qardaş şəhərlər
olacağına əminik. Sovet İttifaqı vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi. Həyatla coşub-daşan
şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər,
jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər: “Bu adlardan biri “urbisid qurbanı” idi, bu
da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın
Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində
baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz
qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri
qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq”.
Milli Məclisin deputatı qeyd edib ki, işğaldan azad olunmuş Ağdam erməni vandalizminin,
barbarlığının şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş,
təhqir və qarət etmişlər. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci ilin 28 may tarixində
Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5
məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə
gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti
işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri
davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Prezident İlham
Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdam şəhərinə hər bir səfəri yeni sosial
obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyevin
tarixi Zəfərimizdən ötən dörd ildə Ağdam rayonuna 9 səfəri olub. Həmin səfərlər çərçivəsində atılan
addımlar firavan gələcəyə doğru aparır. Ümumiyyətlə, Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin hər bir azad edilmiş torpağa ilk səfəri burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə
yazılır. Bu ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır.
Artıq Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti
böyük dərəcədə genişlənəcək.
Vüqar Rəhimzadə böyük qürur hissi ilə qeyd edib ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad
edildiyi tarixləri qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs
edərkən daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda tərbiyə edilməlidir. Azərbaycançılıq
ideologiyasının təbliği və inkişaf etdirilməsi qarşıda dayanan əsas vəzifələrdəndir. Bu isə öz
növbəsində tariximizin hər bir səhifəsinin öyrənilməsinə, Azərbaycan həqiqətlərinin bütün dünyada
təbliğinə çağırışlar edir. Bu baxımdan torpaqlarımızın azad edildikləri tarixlərlə yanaşı, onların işğal
günlərini də unutmamalıyıq. 30 il işğal altında qalan bu torpaqlarımızın hər daşı, qayası bir tarix
olmaqla yanaşı, erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbədir.
Millət vəkili bildirib ki, azad edilmiş ərazilərimizin hər biri müasir tələblər səviyyəsində, “ağıllı şəhər”
və “ağıllı kənd” layihələri üzrə yenidən qurulur. Ağdam Azərbaycanda ilk “ağıllı şəhər” olacaq. “Ağıllı
kənd”in ilk ünvanı isə Zəngilan rayonunun Ağalı kəndidir. Tezliklə bütünlüklə cənnətə çevriləcək
Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.
Trend.az

Şərhlər bağlıdır.