ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşı Asif Rəhman İsrailin İrana hərbi hücum
planlarını ətraflı təsvir edən məxfi sənədlərin sızmasından sonra casusluqda ittiham olunub.
Bu barədə “The Guardian” qəzeti yazıb.
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FBI) agentləri ötən həftə Virciniya federal məhkəməsində
ittiham irəli sürüldükdən sonra Asif Rəhmanı çərşənbə axşamı Kambocada saxlayıblar. Saxlanılan
şəxsin “Telegram” tətbiqindən istifadə etməklə məxfi sənədləri qarşı tərəfə ötürməkdə təqsirləndirilir.
Məxfi sənədlər oktyabrın 1-də Tehranın regiondakı rəqibinə qarşı ən böyük hücumu olan raket
zərbəsindən sonra İsrailin İrana cavab planları ilə bağlı olub.
Gizli sənədlərin birincisi “İsrail: hava qüvvələri İrana zərbə üçün hazırlıqları davam etdirir və ikinci
böyük qüvvə məşqini həyata keçirir” başlıqlı, ikinci sənəd isə “İsrail: müdafiə qüvvələri zəruri sursat
hazırlıqlarını və İrana zərbə üçün gizli PUA (pilotsuz uçuş aparatı) fəaliyyətini davam etdirir” başlıqlı
olub.
Rəhmanın saxlanılması ABŞ-nin Hərbi Hava Milli Qvardiyasının üzvü Cek Teyxeiranın 15 illik həbs
cəzasına məhkum edilməsindən sonra baş verib. Teyxeira bu ilin əvvəllərində Ukrayna müharibəsi ilə
bağlı yüksək məxfi hərbi sənədləri Discord sosial platformasında paylaşdığı üçün həbs edilib.
Qeyd edək ki, MKİ əməkdaşı Asif Rəhman 14 noyabr tarixində Quam adasındakı federal məhkəmə
qarşısına çıxacaq. Bu məlumat sızması Vaşinqtonun Təl-Əvivin hərbi planlarından nə dərəcədə
narahat olduğunu daha yaxşı anlamağa imkan verib və ABŞ-nin hətta yaxın müttəfiqlərini belə
izlədiyini göstərib.
24 oktyabr tarixində ABŞ-nin məxfi sənədlərinin sızması səbəbindən İsrail İrana cavab hücumunu
təxirə salmağa məcbur qalıb.
Baku.ws
Şərhlər bağlıdır.