Azərbaycan xalqının istəyi İran xalqının azadlığıdır

Azərbaycanın əsarət zəncirindən qurtulmuş xalqının Tehrana göndərilən
teleqraflarından aydınlaşır ki, Azərbaycan xalqı yalnız Azərbaycanın azadlığı
uğrunda mübarizə etmir, eyni zamanda bütün İranda yaşayan məzlumları
istibdadın dəhşətli çəngindən xilas edib İranda tam mənası ilə bir demokratik
rejimin qurulmasını tələb edir.
Azərbaycanın şərəfli və qəhrəman xalqı uzun müddətdir ki, irticaya qarşı
mübarizə aparıb, istismar dəllallarının, faşizm fikirli murdar ünsürlərin əlindən
özünün qəsb olunmuş haqlarını və azadlığını aldıqdan sonra ictimai, iqtisadi,
elmi və mədəni sahələrdə dünyadakı mütərəqqi millətlərlə yanaşı olaraq böyük
addımlarla irəli getməkdədir. Azərbaycan xalqı şəhrivər hadisələrindən (1941
ci ilin 25 avqustundan – red.) bu tərəfə, yəni o 4 il yalançı məşrutə (konstitusiya – red.) və demokratiya dövründə Tehrana minlərlə teleqraflar edib öz haqlarını
tələb edirdilər. Tehrandan isə istismar siyasətinin quldur qara nökərləri bu
səslərə cavab vermək istəməyərək Rza xanın 20 illik o pis və alçaq diktatorluq
dövrünü yenidən həyata keçirməkdən ötrü bizim haqqımızı və azadlığımızı
vermək istəmirdilər. Xain fikirli adamlar Azərbaycan xalqının demokratik
hərəkatını boğub yenidən zülmkar bir hökumət yaratmaq istəyirdilər.
Azərbaycanın rəşid oğulları o kimi xain ünsürlərin hakimiyyətindən boyun
qaçırıb öz milli qüvvəsi ilə onlardan qəsb olunan haqqını, azadlığını cəsarətlə
geri alıb, onların xaincəsinə bizim haqqımızda etdikləri fikirləri pozub çəkdikləri
planları öz silahının gücü ilə dağıtdı.
İndi isə Azərbaycan xalqı öz istək və ideallarına görə sair məzlum və məhkum
millətlərə qibtəverici bir surətdə demokratik bir milli hökumət yaratdı.
Azərbaycanın hər bir nöqtəsində və hər bir sahəsində yeni həyat doğulmuş,
azadlığını da almış xalqımız böyük bir sevinc və çox böyük bir ruhla iqtisadi,
ictimai, elmi və mədəni sahələrdə inkişaf və tərəqqiyə doğru getməkdədir. İndi
bu qan bahasına aldığı azadlığı millətimiz göz bəbəyi kimi qorumaq üçün bütün
varlığı ilə qətiyyətini bildirmişdir.
Bizim yenidən qollarımızı əsarət zənciri ilə bağlayıb istismar etmək istəyənləri
qəzəblənmiş aslanlar kimi dişlərimizlə, dırnağımızla parçalayacağıq. Müqəddəs
ana yurdumuzun qapıları əbədi olaraq onların üzünə bağlanmış və o qapıların
keşiyində qəhrəmanlar durmuşlar. İrtica canavarları və istibdad ruhlu cəlladlar
bir daha Azərbaycana ağalıq edə bilməz, yenidən bizi fəlakətli hala salmaq
arzularını da torpaq altına aparacaqlar. Onlar yaxşı anlamalıdırlar ki, bir daha
bizim başımıza börk (papaq – red.) keçməyəcəkdir. Yumruğa yumruq, silaha
silahla cavab verəcəyik.
Biz həmişə şərəfli ölümü zillətlə yaşamaqdan üstün tutmuş qanlı-canlı bir
millətik. Bizim iradəmiz sarsılmaz və möhkəm bir dağ kimidir.
Biz Azərbaycan xalqı hamımız tək bir əsgər kimi azadlığımız və muxtariyyətimiz
yolunda fədakarlığa və ölməyə çox əvvəldən hazır olmuşuq. İlk gündən azadlıq
ağacı Azərbaycanda göyərib qəhrəman şəhid balalrımızın qanı ilə
suvarılmışdır.
İndi isə bu ağacın kökü daha da möhkəmlənmişdir və bu ağacın kölgəsində 5
milyon Azərbaycan xalqı yeni və asudə bir həyatla yaşamaqdadır. Bu təzə və
təravətli azadlıq ağacına xəyanət gözü və xain fikirlərlə baxanlara aman
verməyəcəyik. Azərbaycan xalqının idealı əsrlər boyu babalarının və şəhid
qardaşlarının tökülən müqəddəs qanları ilə suvarılmış bu ağacın altında yalnız
5 milyon Azərbaycan övladının deyil, eyni zamanda İranın hər tərəfində
yaşayan məzlum qardaşlarımızın da asudə bir həyat sürməklə yaşaması
olmuşdur.
Dünya durduqca yaşasın, var olsun azadlığı sevən və qoruyan vicdanlı
insanlar!
Ə.Fatemi
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 198, 14.05.1946
Təqdim etdi: S. Bayramzadə

Şərhlər bağlıdır.