Azərbaycan İranın azadlıq zaminidir!
Qanlı mübarizələrdən sonra bütün Azərbaycan xalqının hüququ bir qrup qərəzli və xəyanətkar başçıların siyasəti nəticəsində ayaqlar altına düşdükdən, Azərbaycan xalqı öz hüququnu tələb etdikdə onlara təhqir ilə cavab verildikdən sonra… bu gün Azərbaycan tarixində yeni bir şərəfli səhifə açıldı.
Azərbaycan xalqı öz azadlığını fəqət özünə bağlı bildiyi üçün uydurma sözlərə inanmayıb və axırda sübut etdi ki, heç vaxt bu günkü dünyada bir milləti təkamül seyrindən geri qoymaq olası bir iş deyildir. O, bu danılmaz həqiqəti hafizəsiz insanların yadına salarkən öz milli mübarizəsinə davam etməklə onu əməldə göstərdi. Biz əvvəldən sülh tərəfdarı olduğumuz üçün bütün məsələləri sülh yolu ilə həll etmək istəyirdik. İndi Azərbaycan xalqı öz nümayəndələrini Tehrana göndərib çox sevinclə bu sülh danışığını apararaq ümidi edir ki, bütün məsələlər asanlıqla həll olunsun.
Buna görə firqə və milli dövlət Baş nazir cənab Pişəvərinin də gedib bu danışıqda iştirak etməsinə icazə verdi.
Azərbaycan xalqı öz nümayəndələrini yola saldıqda dünyalarla dolu bir səbrsizliklə onların yolunu gözləyirlər. Bundan sonra Tehran hökuməti ilə Azərbaycan xalqının və bütün İran xalqının arasındakı münasibətlər tamamilə gərək qərəzsizlik üzü ilə olsun. Bundan sonra gərək İranda olan hökumət xalqın diqqətini və razılığını özünə cəlb etsin.
Azərbaycan xalqı azadlığını hifz etmək üçün bu gün böyük bir qüvvə yaratmışdır. Bu qüdrət onun və İran xalqının azadlığını təmin edə və ona zəmanət verə bilər. Yalnız Azərbaycanın müvəffəqiyyəti bütün azadlıqsevərlərin, İranın əzilmiş millətlərinin və əqəlliyətlərinin (milli azlıqlarının – red.) qələbəsi deməkdir.
Biz öz milli qüdrətimizdən əlavə İranın bütün nöqtələrində olan demokratik qüvvələrə də etimad edirik. İndi 5 ildir ki, onlar irticanın ən çətin və sarsıdıcı şərtləri altında azadlıq uğrunda mübarizə edirlər.
Bu gün bütün İran xalqının ictimai fikri milli bir dövlətin əmələ gəlməsini tələb edir. Xalq elə bir hökumət istəyir ki, onun öz hökuməti olsun, öz nümayəndələrindən təşkil edilsin.
Azərbaycan nümayəndələrinin Azərbaycanın və bütün İran xalqlarının müqəddəratını həll etmək işində Azərbaycan və kürd xalqı birlikdə var qüvvələrilə onların arxasında durmuşlar.
Yaşasın azadlıq və sülhsevən Azərbaycan xalqı!
Azərbaycan xalqı öz nümayəndələrini danışığa göndərdi.
Bu gün Azərbaycan nümayəndələrinin Tehran hökuməti ilə müzakirəyə getmələri münasibətilə şəhər əhalisindən minlərlə adam təyyarə meydanına tərəf yollanmışdılar.
Xalq müntəzəm sıralarla səhər saat 4-dən başlayıb öz sevimli nümayəndələrini yola salmaq üçün sel kimi o tərəfə axmaqda idilər. Bu günkü yığıncaq tamamilə Azərbaycan xalqının qüdrətini təmsil edirdi. Hər yerdən xiyabana baxırdılar. Hər tərəfdən kiçik uşaqlardan tutmuş böyüklərə kimi yüyürürdülər. Hamı nümayəndələri görmək istəyirdi.
Nümayəndələr Milli hökumət binasından çıxdıqdan sonra Milli Məclisə gəlib və oradan da alqışlar içərisində təyyarə meydanına tərəf yollandılar. Xiyabanın hər tərəfindən gurultulu alqışlar və atəşin duyğular yağmaqda idi. Hamı öz sevimli nümayəndələrini sevinc ilə yola salmaq istəyirdi. Təbrizdən tutmuş təyyarə meydanına qədər yol, dam, divar, çöl, çay, hamısı adam ilə dolu idi. Bu gün Azərbaycan xalqı öz nümayəndələrini Tehrana göndərir və gözü onların yolundadır. Bunlar gedirlər ki, beş milyon bir millətin müqəddəratını həll etsinlər. Azərbaycan xalqı onlara missiya vermişdir ki, beş milyon azərbaycanlının tərəfindən Azərbaycanın gələcəyi və onların siyasi müqəddəratı barəsində danışsınlar.
Buna görədir ki, hamı bu gün fəqət yola baxır. Yola baxır ki, öz sevimli nümayəndələrini oradan sürətlə ötərkən alqışlasınlar.
Təyyarə meydanında isə təsəvvürə sığışmayan bir mənzərə var idi. Üç yüz min nəfərdən artıq şəhər əhalisi müxtəlif şüarlarla oraya yığışıb və nümayəndələrin gəlməsini gözləyirdilər. Nümayəndələr daxil olduqda gurultu ura və alqışlar havanı bürüdü. Baş nazir cənab Pişəvəri və nümayəndələr dənizi təcəssüm edən xalq həyəcanının dalğaları arasında maşından aşağı endilər.
Müsiqi dəstəsi Azərbaycan himnini çaldı. Bütün camaatdan “Yaşasın böyük rəhbərimiz”, “Yaşasın Azərbaycan xalqının nümayəndələri” səsi meydanın bütün ətrafını bürümüşdü. Meydan başdan-başa qadınlar və kişilərlə dolmuşdu.
Sonra yola salmaq üçün gəlmişlər gül dəstələri ilə qabağa gəlib onları Pişəvəriyə və o biri nümayəndələrə təqdim etdilər. Yerin darısqallığına baxmayaraq hamı qabağa gəlmək istəyirdi. Hamı gül vermək istəyirdi.
Axırda Milli Məclisin hörmətli rəisi cənab Şəbüstəri Azərbaycan nümayəndələrinin müşayiəti ilə təşkil olunmuş mitinqi açıq elan etdi. Mitinqin zamanı minlərlə gül dəstələri mitinqdə iştirak edənlər tərəfindən nümayəndələrin başına səpələnirdi.
Nəhayət, misli görünməmiş bu təntənəli yola salma mərasimi Azərbaycan nümayəndələri təyyarəyə oturduqdan sonra dünyalarca coşğu ilə sona çatdı. Nümayəndələr təyyarəyə oturanda imkanları çatdıqca yoldaşlarımızla görüşdülər. Təyyarə qalxıb dövr vurduqdan sonra yola düşdü. Xalq onu mavi səmada son ana kimi gözdən itənə qədər müşayiət edirdi. Beləliklə bu tarixi gün Azərbaycan xalqının həyatında daha şərəfli bir vərəq açdı.
Qoy nümayəndələrimiz gedib varlığımızı bütün dünyaya sonuncu dəfə olaraq yenə bildirsinlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946
Ardı var…
Şərhlər bağlıdır.