Dövlət çökür, “günah keçiləri” artır
Böhranı idarə edə bilməyən İran hakimiyyəti xilası öz adamlarını yandırmaqda axtarır. Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin İsmayılov ilə Azərbaycan Ruznaməsi üçün xüsusi
Müsahibəni hazırladı: Ayda Əmir Haşimi
9 noyabr 2025
- Sədrəddin müəllim, ABŞ və İsrailin Tehrana qarşı sərtləşən ritorikası İranın siyasi davranışında hansı müdafiə mexanizmlərini işə salır?
ABŞ ilə İsrail İranı, Tehran da əks tərəfi hədələyir, tənqid edir, bəzi hallarda isə əxlaq çərçivəsini belə çıxırlar. Bu ritorika ilə İslam Respublikası özünü güclü göstərməyə səy edir. Bəzi hallarda isə ölkəsindəki bütün problemləri az qala ABŞ və İsrailin yaratdığını iddia edir. “Milli birlik” və “müqaviməti” əlində bayraq edən Tehran hakimiyyəti onların reallaşması, cəmiyyətlə arasında olan uçurumu aradan qaldırmaq istiqamətində addım atmır. Bu günlərdə Tehran cümə namazının müvəqqəti lideri Məhəmməd Cavad Əli Əkbəri bildirib ki, “milli birlik” və “müqavimət” ABŞ-nin “hegemonluğunu” darmadağın etmək üçün yeganə çıxış yoludur. O, buna örnək olaraq 1979-cu il noyabrın 4-də ayətullah Xomeynini dəstəkləyənlərin, “xətti imam” yolunun tələbələrinin ABŞ-nin Tehrandakı səfirliyinə basqından bəhs edib. 46 il öncə onlar Ştatların səfirliyinin 52 əməkdaşını 444 gün girov saxlamışdılar. Müvəqqəti imam cümə bunu “qəhrəmanlıq” kimi təqdim edib. O, bildirib ki, İran tələbələrinin ABŞ səfirliyini ələ keçirməsini Xomeyni “İslam inqilabından daha vacib” hadisə adlandırıb.
Ancaq indi həmin hadisə İran hakimiyyətinin başını aşağı edən məsələlərdən sayılır. Keçmişlə öyünərək və yaşamaqla, Tehran hakimiyyəti çoxsaylı problemləri və “Z” nəslinin istəklərini ödəməyə çalışır. Hətta, bir zamanlar “İsraili toz edərik” deyimi belə bu gün onun əleyhinə işləyir.
- Netanyahunun sərt ritorikası və iddialı açıqlamaları İsrailin real hərbi-siyasi vəziyyətini əks etdirirmi, yoxsa daxili və xarici auditoriya üçün yaradılan siyasi görüntüdür?
İsrailin Baş naziri Binyamin Netanyahu bu günlərdə verdiyi ismarışda ordusunun İslam Respublikası oxunu dağıtdığını, yəhudi dövlətini “toz” adlandıran düşmənləri “toza çevirdiyini” yazıb: “Düşmənlərimiz bizi “hörümçək toru” və “toz” adlandırırdılar. Ancaq bu gün onlar özləri toza çevriliblər. Biz dayanırıq: güclü, zəfər çalan, yaradıcı və döyüşkən – bu əbədi ruhdur”. O, ölkəsini qurmağa davam etdirməklə yanaşı, təhlükəsizlikləri uğrunda mübarizə apardıqlarını vurğulayıb. Netanyahu müharibə zamanı dağılmış ərazidə dağılmış 21 000 yeni mənzil tikiləcəyini, minlərlə iş yerinin açılacağını və bunların İsrailin cənubunda elektrik təchizatını bərpa etməyə kömək edəcəyini əlavə edib. İsrail Baş naziri Amerika rəsmiləri ilə birgə görüşündən danışaraq vurğulayıb: “Biz Prezident Donald Trampla razılaşdığımız hədəfə çatmaq üçün birlikdə çalışırıq”. Binyamin Netanyahu deyib ki, İranda etdikləri dünyanı heyrətləndirib. İsrail görəcəyi yeni quruculuq işlərindən, təhlükəsizliyi təmin etmək üçün görəcəkləri işlərdən, habelə HƏMAS-ın tərk-silah olacağından danışmaqla daha sistemli fəaliyyət göstərdiklərini nümayiş etdirir. Hökumət başçısının çıxışlarında uğursuzluğa görə, kimsə günahlandırılmır.
- İran daxilində “günah keçisi” konseptinin aktuallaşması hakimiyyətin daxili böhranını hansı səviyyədə açır?
İran hakimiyyəti “günah keçisi” axtarır. Bu ifadə ilə bağlı məsələ də maraqlıdır. Bu anlayışa müxtəlif cəmiyyətlərdə fərqli zamanlarda rast gəlinir. “Əhdi-Ətiqin” “Kəffarə Günü” mərasimlərində yəhudi xalqının günahları rəmzi olaraq bir erkək keçiyə yüklənərmiş. Bu keçi püşklə seçilirmiş. “Azazel” (yəqin “əzazil”) adlı pis ruhu sakitləşdirmək və yəhudi xalqını günahlarından təmizləmək üçün Qüdsdən kənarda bir uçurumdan aşağı atılarmış.
Yeri gəlmişkən, qədim Yunanıstanda vəba və bənzər fəlakətləri yüngülləşdirmək, yaxud qarşısını almaq məqsədilə günahkar keçi kimi insanlardan istifadə edilərmiş. Afinalılar “Tarqeliya Bayramı”nda bir qadın və bir kişi seçilər, ziyafətdən sonra bu cütü şəhərdə gəzdirər, incə yaşıl budaqlarla döyüb şəhərdən kənara aparar, orada böyük ehtimalla daşlayarmışlar. Beləcə şəhərin bir il boyunca pis taledən qorunacağına inanılarmış.
İran hakimiyyəti Qüds uğurunda mübarizədə fələstinlilərdən daha fədakarlıq göstərir. Bu halda oradakı uçurumdan kimi atmağı planlaşdırırlar.
- Rəfsəncani hadisəsi fonunda İran siyasi elitasında baş verən ittihamlaşma dalğası hansı güc mübarizəsinə işarə edir?
Son günlər İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı KİV, deputatlar və ayrı-ayrı siyasilər bir neçə adamın adını hallandırır : keçmiş prezident Həsən Ruhani, sabiq xarici işlər naziri Məhəmmədcavad Zərif, indiki prezident Məsud Pezeşkian.
Elə bu günlərdə keçmiş prezident Əliəkbər Haşimi Rəfsəncanin ölmü ilə bağlı sensasion açıqlama yayılıb. Onun qızı Faizə Rəfsəncani bildirib ki, atasını İsrail, yaxud Rusiya deyil daxildəki qüvvələr öldürüb. Bu, o deməkdir ki, Rəfsəncani artıq gizli, yaxud daxili çəkişmənin “günahkar keçi”si olub. Onun ölümü ilə bağlı qızı istintaq işi başlatdıracağını da bildirib.
- Ruhani–Zərif cütlüyünün yenidən hədəfə alınması Tehran–Moskva xəttindəki gərginliyi hansı formada üzə çıxarır?
İran parlamentinin Tehrandan olan nümayəndəsi Həmid Rəsai keçmiş prezident Həsən Ruhaninin məsluliyyətə cəlb olunmasını tələb edərək deyib: “ABŞ-yə qarşı 8 illik gərginliyin nəticəsi (Ruhaninin prezidentlik müddəti-S.S.) sanksiyaların artırılması oldu. Keçmiş prezidentin bu cür açıqlamalar verməkdə məqsədi administrasiyasının zəif və zərərli fəaliyyətinin nəticələrindən ictimai rəyi yayındırmaqdır”. O, İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamrza Möhsün Ejeiyə müraciət edərək deyib: “Həsən Ruhaninin səkkiz il ərzində etdiyi qanun pozuntuları ilə bağlı iş niyə araşdırılmır? Doktorluq dissertasiyasındakı plagiat işi ilə bağlı niyə heç bir tədbir görülməyib?”. Rəsainin çıxışı bitdikdə bir neçə millət vəkili Həsən Ruhanini nəzərdə tutaraq şüar səsləndirib: “Feriduna ölüm olsun!”
Əvvəlcə Feridun məsələsinə aydınlıq gətirək. İranın əfsanəvi qəhrəmanıdır. Fars ədəbiyatında zəfər, ədalət və comerdlik simvolu sayılır. Rəvayətə görə atası Cəmşidin soyundan, anası Fəranəkdir. Feridunun 500 il yaşadığı deyilir. Onun Selm, Tur və İrəc adlı üç oğlu var imiş. Oğullarını Yəmən şahının qızları ile evləndirdikdən sonra ölkəsini bu üç oğlu arasında bölüşüb. Turanı Tura, İranı İrəcə ve Rumu (Anadolu) da Selmə verir. İrəci qısqanan Tur və Selm qardaşlarını öldürürlər. İrəcin oğlu Mənuçehr əmilərini öldürərək atasının intiqamını alır. Deputatların iddiasına görə, Həsən Ruhani fars düşüncə sisteminin qəhrəmanı Feridun kimi ölkəni parçalayır və s.
Tehranın parlamentdəki nümayəndəsi Əmir Hüseyn Sabeti də keçmiş prezidentin həbsini istəyib: “Həsən Ruhaninin əsl yeri həbsxanadır”.
Daha bir deputat, Kamran Qəzənfəri 11-ci və 12-ci hökumətlərin başçısı Həsən Ruhaniyə dair məclisə edilən əvvəlki şikayətlərlə əlaqədar bildirib: “Ruhaniyə qarşı bəzi ittihamlar sübuta yetsə, onun hökmü edam olacaq”. Deputatın sözlərinə görə, keçmiş prezidentinin “yerdə fəsad” ittihamı sübut edilərsə, ölüm cəzasına məhkum ediləcək.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf İranın keçmiş prezidenti Həsən Ruhani və onun dövründə xarici işlər naziri olmuş Məhəmməd Cavad Zərifi tənqid edərək onları Rusiya ilə İranın əməkdaşlığına zərər vurduqlarının deyib. Parlament sədri Həsən Ruhani və Məhəmməd Cavad Zərifi Tehranla Moskva arasındakı “mütərəqqi” münasibətlərə zərər vurmaqda günahlandırıb: “Rusiya ilə strateji əməkdaşlığımızın yolu inkişaf etdiyi bir vaxtda, onlar mövqeləri ilə bu yola zərər vurublar”.
Son aylarda Həsən Ruhani İslam Respublikasını Qərb, xüsusilə ABŞ ilə danışıqlara çağıran açıqlamalar verib. Bu ilin sentyabrındakı çıxışında o, Ukraynadakı müharibədə İslam Respublikasının Rusiyanı dəstəkləməsinin nəticələrinə dolayı olaraq toxunub: “Avropa Ukrayna məsələsinə görə bizdən qisas almamalıdır. Bu, düzgün deyil”.
2015-ci ilin yayında əldə edilmiş Əhatəli Razılaşma Müqaviləsinə görə onların hər ikisi çoxdandır “xəyanətkar” elan olunublar. Müqavilə imzalananda Zərif ölkəsində qəhrəman kimi qarşılanmış, bunu İranın ali rəhbəri ayətullah Seyid Əl Xaməneinin yürütdüyü siyasətinin təntənəsi olaraq vurğulamışdılar. Ancaq ABŞ bu müqavilədən geri çəkildikdən sonra keçmiş prezident və xarici işlər nazirinə hücum başlamışdı. Son zamanlar isə onları az qala 12 günlük müharibənin başlaması səbəbkarı kimi təqdim edirlər.
Deməli, Ruhani və Zərif potensial “günah keçisi” rolundadırlar.
- Pezeşkianın “qərarlarımızı icra etməyə icazə vermirlər” açıqlaması ölkə daxilində hansı güc mərkəzlərinin toqquşduğunu göstərir?
Bəli, bu yaxınlarda prezident Məsud Pezeşkian da narahatlğını bir daha dilə gətirib və bildirib ki, qərarları həyata keçirməkdə ciddi çətinliklər var. Məsud Pezeşkian Qərbi Azərbaycana səfəri zamanı əyalət mərkəzi Urmiyadakı toplantıda Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında bir bəndi söyləməklə, deyəsən vəziyyətini şərh edib:
“Heydərbaba, göylər bütün dumandı
Günlərimiz bir-birindən yamandı
Bir-birizdən ayrılmayın, amandı
Yaxşılığı əlimizdən alıblar
Yaxşı bizi yaman günə salıblar.” …
O, icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin rəhbərlərinin qəbul etdiyi qərarların həyata keçirilməməsini sərt şəkildə tənqid edib. Prezident bildirib ki, ölkədə əsas qərarları qəbul edən hakimiyyətin hər üç qolunun başçıları – Prezident, Parlamentin sədri və Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri, qərarlarının icrası zamanı maneə ilə qarşılaşır. Pezeşkian çıxışında icra hakimiyyətinin qarşısında duran ciddi məhdudiyyətlərə diqqət çəkib: “Hakimiyyətin hər üç qolunun rəhbərləri bəzi məsələləri həyata keçirmək qərarına gəlib, amma biz bunu edə bilmirik. Bir qrup qərarların icrasına icazə verməlidir”. Prezident Məsud Pezeşkian ölkədə iqtisadi vəziyyəti tənqid edir, bildirir ki, İranda benzin sudan ucuz satılır: “Niyə bizdə inflyasiya var? Çünki hökumət özündə olmayan pulları çap edir. Biz qızılın üstündə yatırıq, amma insanlar acdır”. Məsud Pezeşkianın bu kimi çıxışları isə İranda müxtəlif siyasi dairələrdə, xüsusən Sepahda, ona bağlı qruplar tərəfindən birmənalı qarşılanmır. Onlar Xaməneinin arxasında gizlənərək, ölkəni idarə edir, hər nəyə sahibdir. Sepahın təzyiqləri və çəkdiyi cız Prezidentin səlahiyyətlərinin icrasına problem yaradır. Bu həm də onun bütün istiqamətlərdə səlahiyyət azadlığını məhdudlaşdırır.
Bu kimi səbəblərdən prezidentlik dövrü başa çatdıqdan sonra prezidentlər tənqid olunur, “ali rəhbərə xəyanət etdi”, “özünü ölkənin başçısı sayır”, “İranın maraqlarını satdı” kimi damağalar vurulur. Hələ ötən il İranın keçmiş prezidenti Həsən Ruhani “hökumət başçılarının azadlığı yoxdur” deyə etirazını bildirmişdi. İndiki Prezident Məsud Pezeşkian isə 2024-cü ilin avqustunda, yəni hökumət başçısı səlahiyyətlərinin icrasına başlayandan bir ay sonra “mənə işləməyə imkan vermirlər” deyərək, idarəetməsinə maneələrin olduğunu demişdi. O, hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu vurğulamışdı: “Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Çünki bu kadrlar işə cəlb olunduqları halda, hakimiyyətdaxili bəzi problemli qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.
Yenicə Prezident olmuş Pezeşkian bildirirdi ki, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların çətinlik içərisində yaşadıqlarını vurğulamışdı: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik, amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdır”.
- Pezeşkianın təhlükəsizlik, müharibə və hicab kimi əsas məsələlərdə göstərdiyi tərəddüdlü və bir-birinə zidd mövqelər onun həm siyasi iradəsinin zəifliyinə, həm də ölkədəki real güc strukturlarına nəzarət edə bilməməsinə işarə deyilmi?
Pezeşkian HƏMAS lideri İsmayıl Həniyənin İranda qətlə yetirilməsinə görə uyğun qurumları tənqid etmişdi. O, hökumətin ayırdığı pulların hara xərcləndiyinin də bəlli olmadığını bildirmişdi. Bu çıxışdan öncə o, İsraillə müharibəyə qarşı olduğunu da qeyd etmişdi. O, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneidən gərginliyi arzuolunmaz müharibəyə çevirməmək üçün İranın İsrailə istənilən birbaşa hücumunun qarşısını almağı xahiş etmişdi. Pezeşkian xəbərdarlıq edirdi ki, İsrailin İranın milli infrastrukturuna və enerji resurslarına qarşı sərt cavab hücumu təşkil etmək qərarı ölkə iqtisadiyyatını çökdürə, potensial olaraq İslam Respublikasının tənəzzülünə səbəb ola bilər. Prezidentin bu kimi açıq çıxışları Sepah və ona bağlı qüvvələrin hərəkətə keçməsinə səbəb olur. Bu halda Pezeşkiandan da “günah keçisi” yaratmağa başlayırlar. Onu hələ günahkar elan edə bilmirlər. Çünki hökumət başçısı olduğu müddət azdır. Elə böyük işlər görülməyib və pullar xərclənməyib, əlavə olaraq 12 günlük müharibədə prezident olub.
Məsud Pezeşkian həm də hicab qayadalarının sərt şəkildə tətbiqinə və ona əməl etməyənlərin cəzalandırlmasına qarşı çıxır. Ancaq onun bu addımı da cavabsız qalmır. Malik Əştər İmamzadə Briqadasının keçmiş komandiri Sərdar Abdullah Amoli Həsənnia hicab məsələsi ilə bağlı çıxışında ad çəkmədən bunları deyib: “Hicab dialoqla düzəlməz, biz onların başının ətin qoparmalıyıq. Bir ölkənin rəsmisi hicabın nə olduğunu başa düşmür. Ey insan, hicab Qurana aiddir, onu inkar edən edam edilməlidir. Sən, rəsmi şəxs, hicabı qəbul etmədiyini deyirsən? Sən qələt edirsən, hər kim olursan ol… Əgər rəhbər icazə versə, and içirəm, biz onların başlarını, dərisin soyarıq. Onlara ən ağır cəza verilməlidir”.
İranda “günah keçilərini” indiki şəraitdə belə sıralamaq olar: Həsən Ruhani, Məhəmmədcavad Zərif, Məsud Pezeşkian.
- Şəmxani ailəsi ətrafında yayılan korrupsiya və dəbdəbə iddiaları İran hakimiyyətində hansı çatların dərinləşdiyini göstərir?
Bəli, bu siyahıda Xaməneinin müşaviri, keçmiş müdafiə naziri və milli təhlükəsizlik şurasının katibi Əli Şamxaninin də adı hallanır. Qızının toyu ilə bağlı yayılmış video hədəfdə onun olduğunu göstərir. Habelə oğlunun qoluna taxdığı milyonluq saat ictimai rəydə tez-tez yada salınır.
Yeri gəlmişkən, İranda Ərvənd Azad İqtisadi Zona Təşkilatı sədrinin texniki işlər üzrə keçmiş müavini Mud Şamxani həbs olunub. O, Əli Şamxaninin qardaşı oğludur. Mud Şamxani rüşvət almaq və korrupsiya əməllərində şübhəli bilinir.
İran tanınmış jurnalist və insan hüquqları müdafiəçisi Hadi Mehrani, İranın ali rəhbərinin müşaviri Əli Şəmxaninin qızının dəbdəbəli toy mərasimi ilə bağlı sosial şəbəkədəki paylaşımında yazıb: “Amma heç kim Əli Şamxaninin qızının 4 milyardlıq “Audemars Piguet Royal Oak” markalı saatına diqqət yetirmədi. Biz quru çörək yeyib köhnə paltar geyinməliyik, sonra da bu dəbdəbəli binalarda yaşayanlara ağlayıb, onları öldürdülər deyirik. Biz mehriban və sadə, ancaq çox tez təsirlənən insanlarıq. Elə buna görə də İran rejimi bizim başımıza çıxıb və düşmək bilmir”.
Nəzərə almaq lazımdır ki, Əli Şəmxani müdafiə naziri işləyərkən müavini olmuş Əlirza Əkbəri barəsində çıxarılan edam hökmü icra olunub. O, Böyük Britaniyaya casusluqda təqsirli bilinib.
Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviter səhifəsində onun barəsində çıxarılan edam hökmünün siyasi motivli olduğunu bildirərək təcili azad edilməsini yazmışdı. Bu baxımdan dəbdəbəli həyat tərzi, müavinin ingilis casus olması barədə məhkəmə qərarı bu siyahıya Əli Şəmxanin də adının əlavə edilməsinə imkan verir.
- Xaməneinin siyasətinə yönələn açıq tənqidlər hakimiyyətin daxildə legitimlik böhranına düşdüyünü göstərirmi?
İran daxilində ali rəhbər Xaməneini tənqid edənlər də az deyil. İranın Yaşıllar Partiyasının rəhbərlərindən biri Mehdi Kərrubi deyib ki, Xamənei iqtisadiyyatı, mədəniyyəti, təhlükəsizliyi və əxlaqı məhv edib. O, İrandakı hazırki vəziyyətin yaranmasında birbaşa Xaməneini günahkar hesab edib, “uşaqcasına kin-küdurətə və inadkarlığa” son qoyulmasına, Mir Hüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdin azadlığa buraxılmasını istəyib: “Cənab Xamənei 2009-cu il seçkilərində xalqın səsinə dözməməklə yanaşı, saxtakarlığı və zorakı repressiyaları da dəstəkləyərək bizi fitnəkarlıqda, anlayışsızlıqda və səriştəsizlikdə ittiham etdi. O, iqtisadiyyatı, mədəniyyəti, təhlükəsizliyi, əxlaqi dəyərləri məhv etdi. Bu gün gördükləriniz eyni səhv yanaşmanın nəticəsidir”.
- Tehran hakimiyyətinin öz iflasa uğramış idarəçiliyinə bəraət qazandırmaq üçün durmadan “günah keçiləri” uydurması artıq açıq şəkildə rejimin acizliyinin, siyasi tükənmişliyinin və idarəetmə qabiliyyətsizliyinin etirafına çevrilməyibmi?
Bu kimi faktlar, çıxışlar, mülahizələr, hədə-qorxular və başqa hadisələr İranda vəziyyətin günü-gündən ağırlaşamağa doğru getdiyini göstərir. Ali rəhbər ABŞ və İsraili ittiham etməklə vəziyyətdən çıxmağa səy edir. Deməli, gücsüzlüyünü, yaranmış vəziyyətdən çıxış yolu tapa bilmədiyini etiraf edə bilmir. Yeni proqram və təkliflər yox dərəcəsindədir. Təəşəbbüskarlıq boğulur, ya da xəyanət kimi qiymətləndirilir. Yeniliyə, dəyişikliyə doğru addım atılmır. Bunlar hamısı indiki hakimiyyətin ölkənin hələ də 46 il əvvəlki kim idarə etmək cəhdini göstərir. Necə deyərlər “Z” nəsli isə onların bu cəfəngiyyatını qəbul etmir. Elə hicab deyilən pərdənin arxasında “zet”çilər açıq-aşkar görünür.
Adlarını çəkdiyimiz və çəkmədiyimiz çoxsaylı “günah keçiləri” isə vəziyyəti düzəltməyəcək. Əksinə onu daha da ağırlaşdıracaq. Ona görə Tehran hakimiyyəti günahı kimin üstünə yıxsa da o, bumeranq kimi özünə qayıdacaq…
Azərbaycan Ruznaməsi adından dəyərli vaxtı və əhatəli cavablarına görə hörmətli Sədrəddin İsmayılova təşəkkür edirik!
Şərhlər bağlıdır.