17 dekabr Xalq yazıçısı Mirzə İbrahimovun anım günü

17 dekabr  Xalq yazıçısı Mirzə İbrahimovun anım günüdür. Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimov 15 oktyabr 1911-ci ildə Cənubi Azərbaycanın Sərab mahalının yaxınlığındakı Evə kəndində anadan olub. 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub və işləyib. O, bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.
1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə edib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olub və daim elmi fəaliyyətlə məşğul olub. 1942-ci ildə isə Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olub və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif naziri, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə Xalq Komissarları Sovetinin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərib.
1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləyib. Azərbaycan mövzusunda yazdığı “Qorxulu səs”,”Sənət aşiqləri”,”Zəhra”,”Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat” hekayələri, “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”povesti, “Gələ cək gün” (1948), “Böyük dayaq” (1957), “Pərvanə” romanları ilə yanaşı, “Həyat” (1935), “Madrid” (1937) və s. pyeslərini Azərbaycan dilinə tərcümə edib.
O, Sov.İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilib. Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil edib, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olub (1946-1954).
Mirzə İbrahimov 17 dekabr 1993-cü ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. ALLAH RƏHMƏT ELƏSİN

Şərhlər bağlıdır.