Bu gün xalq arasında “ İlaxır çərşənbə”, “Yer çərşənbəsi” adlandırılan dördüncü çərşənbəmizi-“Torpaq çərşənbəsi”ni qeyd edib milli bayramımız Novruza qovuşanadək son hazırlıq işlərinə başlayacağıq. Torpaq Yaradanın o 4 möcüzəsindən biri, bəlkə də ən başlıcasıdır. Torpaqsız su haradan başlanğıcını götürərdi, çaylar, dəryalar, okeanlar hansı sahilə yan alar, dincliyini tapardı, küləyin boş-boşuna əsməyinə nə ehtiyac qalardı?!
Torpaq insanın mənliyi, şərəfi, namusu, qeyrəti, həyat eşqi, nəyin uğrunda mübarizəsinin rəmzidir. Buna aid minlərlə tarixi misaldan biri olan Qarabağımızın azad edilməsi uğrunda verdiyimiz qurbanlar yenidən təsdiqlədi ki, xalqımız ulu vətənimizin hər qarışına necə bağlıdır. Torpaq əkib-becərmək, bolluq yaratmaq, ruzi əldə etmək, yaraşıqlı məskənlər salmaq, qonaqlı-qaralı evlərdə yaşamaq üçündür. İnsan var-dövlətinin əldən getməsinə əhəmyyət verməyə də bilər, fəqət torpaqdan pay olmaz!
Bu ali məntiqə sübutlardan birinin də müəllifi xalqımızdır, Zəfərli Silahlı Qüvvələrimizdir, onun Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.Sərkərdə Prezidentimizin məharəti, qəhrəman döyüşçülərimizin şücaətləri sayəsində ötən ilin noyabrında erməni işğalçıları zəbt etdikləri torpaqlardan başlarını götürüb qaçdılar. Biz fəxr edirik ki, tarixi qələbəyə 21 Azər hərəkatının şücaət salnaməsini yaradanların evladları, nəvələri də şanlı sətirlər həkk ediblər. Onlar daim ön sıralarda olublar- vuruşublar, yaralanıblar, xəsarət alıblar, şəhidlik zirvəsinə ucalıblar.
Tezliklə geriyə köç başlayacaq. Torpaq da əsl sahiblərinə qovuşmaqdan qürur hissi duyacaq, onları bağrına basacaq, yeni yurd-yuvaların salınmasına sevinəcək, təzə həyatından zövq alacaq. Firqəçilərimiz, mühacirlərimiz Qarabağdakı keçmiş məskənlərinə qayıtmaq üçün sadəcə işarə gözləyirlər.Əminik ki, növbəti çərşənbələrin, Novruzun tonqalları yeni məskənlərdə, ata-baba torpaqlarında yenidən şölələnəcək. Bizlər də həmin süfrələrin bayram nemətlərindən əziz qonaqlar kimi dadacağıq.
Azərbaycan Demokrat Firqəsi hamınızın Torpaq Çərşənbənizi təbrik edir, hər birinizə can sağlığı, bol süfrə, arzularınıza qovuşduracaq günləri arzulayır.
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ
Şərhlər bağlıdır.