ADF MKnın Bəyanatı

19.03.2026

Dəyərli güney azərbaycanlılar,

Bildiyiniz kimi, İranın bədnam molla rejiminin törətmiş olduğu fövqəladə vəziyyət ölkədə böyük insan kütlələrini düşmənçiliyin girovuna çevirib. Özünü dini rəhbər adlandıranlar qaçıb zirzəmilərdə gizlənib, əli silahlı və başıpozuq insanlar “qaranlıq kölgələrlə” vuruşur, raket atır, dron göndərir və xaos yaratmaq məqsədlərini də gizlətmirlər.

Azərbaycan Demokrat Firqəsi bildirir ki, bütün baş verənlərin yeganə günahkarı İran İslam Respublikasının faşist mahiyyətli daxili və xarici siyasətidir. Bu məqsədlə İran coğrafiyasında böyük təzyiq altında yaşamaq məcburiyyətində olan bütün Azərbaycan xalqına, xüsusilə də Qərbi Azərbaycan ustanına müraciət edərək onların ayıq olması, təxribatlara uymaması, fövqəladə vəziyyətlərə hazırlaşması və lazımi tədarüklərini etməsini tövsiyə edirik.

Əziz həmvətənlər, vəziyyətin bundan da ağır olacağı gözlənilir. Bu məlun molla rejimi yüz minlərlə insanı qırğına vermədikcə geri çəkilmək niyyətində deyil. Bəsic qüvvələrinin təzyiqindən və həmçinin kürd silahlıları vasitəsilə aparılan psixoloji hücumlardan qorxmamalı, yerimizi-yurdumuzu tərk etməməli və hər hansı gözlənilməz hadisələrə hazır olmalıyıq.

Hər bir azərbaycanlı bilməlidir ki, o tənha deyil; onun arxasında Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və bütün türk dünyası dayanır. Hər şeydən əvvəl, sizin arxanızda Güney Azərbaycanın 40 milyonluq şir kimi oğlanları və aslan kimi qızları durur. Sizə molla rejimi və digər ərazi iddiasında olanlar heç nə edə bilməz.

Qərbi Azərbaycan torpaqları yalnız Urmiyəlilərin deyil, bütün Azərbaycanın vətən torpaqlarıdır və lazım gəldikdə bu torpaqların müdafiəsinə bütün Azərbaycan qalxacaq.

Əziz həmvətənlər,

Milli davamızda lider axtaranlara deməliyik ki, milli mücadilənin lideri milli ideyamızdır. Milli azadlığımız yolunda hər bir azərbaycanlı liderdir. Lider axtaranlara səslənirik: dostlarımızı və əzizlərimizi hədəf etməyin. Çünki bizim seçdiyimiz milli yolda liderimiz məhz milli ideyamızdır. “Azadlıq! Ədalət! Milli Hökumət!” şüarını səsləndirən hər bir azərbaycanlı azadlığa gedən yolumuzun lideridir.

Gələcək bizimdir!

Azərbaycan Demokrat Firqəsinin Siyasi Heyəti

Şərhlər bağlıdır.