Bizim əsas məqsədimiz Iranda demokratiyanın bərqərar olmasıdır

Sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının 47-ci mətbuət konfransı keçirilmişdir. Yalnız təəssüf etmək olar ki, Ali Sovetin sədrinin də mətbuat konfransı təsadüfən həmin günə və həmin saata təyin olunmuşdu və ADF-nin təşkil etdiyi bu tədbirə mətbuatımızın laqeyd münasibətini ancaq bununla izah etmək olar. ADF-nin tarixi və fəaliyyəti haqqında oxuculara daha geniş məlumat vermək üçün “Istiqlal”ın müxbiri mətbuat konfransından sonra Firqənin ildönümünə həsr olunmuş sədri Əmrəli Lahrudi ilə görüşmüş və ondan müsahibə almışdır.

Y.Ə.: Əmralı müəllim, ADF-nin yaranmasının 47-ci ildönümü münasıbətilə Sizi və Firqənin üzvlərini təbrik edirik. Cənubi Azərbaycanda milli şüurun formalanmasına və ümumiyyətlə Iranda demokratik proseslərin inkişafına ADF-nin təsiri böyük olub. ADF-nin tarixi barədə və Sizin Firqəyə sədr olduğunuz dövrdə onun fəaliyyəti haqqında oxucularımıza qısa məlumat versəydiniz yaxşı olardı.

Ə.L.: ADF ikinci dünya müharibəsi qurtarandan sonra təşkil olub. Burada əsas hədəf Iranda diktatorluğun yenidən bərpasının qarşısını almaq, Azərbaycanda yaranan demokratiyanı bütün Irana yaymaq idi. O zaman S. C. Pişəvəri deyirdi ki, iki yol ayrıcında durmuşuğ. Ya diktatorluq bərpa olur və ya demokratiya qalib gəlir. Iranda Azərbaycan xalqına milli muxtariyyət verilməsi məsələsini ilk dəfə ADF qaldırdı. Bu xalqın demokratik ruhundan irəli gəlirdi. Azərbaycan xalqının inqilabi ənənəsi, müasir dövrün faşizmə qarşı, Atlantik xartiyasının üç böyük dövlət tərəfindən imzalanması Azərbaycanda böyük intizar yaratdı və Azərbaycan xalqı müharıbə qurtarandan üç ay sonra Təbrizdə öz milli hökumətini qurdu. Bütün Azərbaycanda milli hökumətin orqanları yarandı. Az bir zamanda dövlət universiteti yarandı. Inanın ki, altı ay ərzində kitablar, dərsliklər yazıldı, ibtidai məktəbdən 12-ci sinfə qədər və ali məkitəblərdə dərs keçmək üçün tamamilə Azərbaycan dili dərslikləri istifadə olundu. Şəhərin yolları asfaltlandı, dövlət rodiosu təşkil olundu, Azərbaycan Dövlət filarmoniyası yaradıldı. Dövlət torpağları pulsuz kəndlilərə paylandı, mülkədarlarla- kəndlilər arasında münasıbətlər nizama salındı. Azərbaycan Yaxın Şərqdə ən təhlükəsiz, əmin-amanlıq hökm sürən bir məntəqəyə çevrildi. Təbiidir ki. O vaxt bu işə həm şah, həm də ingilislər və amerikalılar qarışdı. Bu tərəfdən də Rusiya müharıbədən çıxmışdı və bizə heç bir kömək etmədi. Elə o ümumi mühütə uyğun olaraq biz də müqavimət göstərməmək məcburiyyətində qaldıq. Eyni zamanda Azərbaycan hökumətinin Iranla bağladığı müqaviləyə əsasən Iran qoşunları Azərbaycana ancaq seçkilərə nəzarət etmək üçün gəlməli idi. Azərbaycanda mövcud vəziyyət olduğu kimi qalmalı. Milli Əncumən, əyalət Əncumənləri (yerli qanunverici orqanlar-red.) və digər dövlət orqanları milli hökumətin yaratdıqğı və həyata keçirdiyi siyasəti icra etməli idi. Bu müqaviləyə əsasən Iranın başqa yerlərində də dövlət torpağları kəndlilərə paylanılmalı. Milli Əncumənlər yaradılmalı və Iranda da demokratikləşmə prosesi getməli idi. Lakin müqaviləyə xainlik edən, arxa çevirən Iran dövləti o vaxtkı Amerika səfiri C. Alenin şifahi təzyiqi nəticəsində bizi geri oturtdu. Biz müqavimət göstərmədik, sadəcə geri oturduq. O vaxtdan biz mühacirətdəyik. Bizim MK-mız Bakıya köçdü. Pişəvəri Bakıdı yerləşdirildi. Firqəmiz bərpa oldu, “Azərbaycan” qəzeti təşkil oldu. Artıq 46 ildir ki, biz burada fəaliyyət gəstəririk.

1979-cu ilin aprelində Firqənin plenimu keçirildi və mən sədr seçildim. bir aydan sonra Firqə konfransı keçirildi. Yeni rəhbərlik seçıldı. Onlar Irana getməli idilər. Iranda Islam inqilabının qələbəsindən sonra ADF Təbrizdə və bütün Azərbaycanda öz fəaliyyətini bərpa etmişdi. Lakin iki aydan sonra sərhəd bağlandı və biz Irana gedə bimədik. Vətənə qayıtmaq üçün Iranda demokratiya bərqərar olmalıdır. Israr edirik ki, xalqlara azadlıq verilsin. Bütün partiyalar azad fəaliyyət göstərmək hüququ qazansın. Xaricdə olan siyasi mühacirlər siyasi adam kimi vətənə qayıtsın, adi adam kimi yox Biz bu bəyaniyyə ilə çıxmış etmişdik. Bizim bəyannaməmiz böyük əks-sədaya səbəb oldu. Bir neçə dəfə “Amerikanın səsi” radiosuna müsahibə verdik. Respublika qəzetlərində bəyannaməmizi yaydıq. Indi bizim fəaliyyətimizin əsas məqsədi Iran hökumətinin ADF-nin Iranda açıq fəaliyyət göstərməsinə icazə verməsinə nail olmaqdır. 1992-ci ilin sentyabrın 3-də keçirdiyimiz mətbuat konfransı da bu məqsədə xidmət edirdi. Iranın özündə camaat indi güclü siyasətləşib. Son vaxtlar Təbrizdə, Xorasanda, Tehranda, Məşhəddə, Əraqda, Isfahanda böyük çıxışlar olub. Əraqda, Şirazda, Xorasanda bu çıxışlar kütləvi xarakter almışdır. Dövlət idarələrinə hücüm olub, polis və zərbəçi qüvvələr onlara qarşı silah işlədib. Onlarca adam öldürülüb, yüzlərcə zindanlara atılıb, camaatın gözü qarşısında dar ağacından asılıb, beləliklə, Iranda siyasi fəaliyyət ümumiyyətlə küclənir. Həm Azərbaycanda, həm Kürdüstanda, həm Iran Türkmənistanında milli muxtariyyət, milli azadlıq uğrunda mübarizə genişlənir. Bizim təşkilat da bu axınla birlikdə öz mübarizəsini aparır.

Y.Ə.: Əmirəli müəllim, 1945-ci ildə ADF-nin yaranması ilə Stalinin inqilabi ixrac etmək siyasəti arasında bir əlaqə olubdur?

Ə.L.: Bu, heç vaxt ola bilməz. Və buna bir neçə səbəb var. Bir səbəb odur ki, faşizm yıxılandan sonra bütün dünyada milli azadlıq hərəkatı baş qaldırmışdır. Müharibə qurtarandan bir neçə il sonra Afrikada müstəmləkəçilik ləğv oldu. Bu, müharibədə qələbə ilə bağlı meydana çıxan qüvvələrin yaratdığı yeni tarazlığın nəticəsi idi. Istəsək də, istəməsək də SSRI mənfi və ya müsbət qiymətləndirilsə də o, faşizm üzərində qələbə çalmışdı. Və onun 3-cü dünyaya təsiri böyük idi. Məhz bu təsirin nəticəsində 3-cü dünya müstəmləkəçilik zəncirindən azad ola bildi. Azərbaycan da həmçinin. 1945-ci ilin sentyabrın 2-də Yaponiya təslim oldu, 3-də Firqə yarandı. 3 aydan sonra milli hərəkat Azərbaycanda qalib gəldi. Obyektiv olaraq milli azadlıq hərəkatına SSRI-nin təsiri var idi. Lakin əgər Qərb öz tərəfdarlarına milli azadlıq hərəkatını boğmaq üçün silah, pul verirdi, kömək eləyirdisə, nə üçün milli azadlıq hərəkatlarına arxa olan, silah verəni inqilabı ixrac edən adlandırırıq. Bu xalqların milli-azadıq hərəkatlarına təkan verməkdir. Qərbin, amerikalıların gücü çatmırdı gəlib istədiyi kimi xalqların başını əzsin, öz siyasətinə tabe olan adamı gətirib hakimiyyətə qoysun. 2-ci səbəb isə odur ki, Iranda minlərlə azərbaycanlı bir il vuruşub. Səttarxan hərəkatında, Xiyabani hərəkatı dövründə Rusiya Azərbaycana kömək etmədi. Əksinə, 19-11-ci ildə rus ordusu Culfadan keçib daxil oldu Təbrizə və Səttarxan hərəkatını ümumimyyətlə, dayandırdı. O zaman Azərbaycan bütün Iranda məşrutiyyə, konstitusion monarxiyası yaranmasında başlıca rol oynayıb, şimalda rus qoşunlarına, cənubda ingilislərə qarşı vuruşa-vuruşa. Düzdür, o zaman Qafqazdan az-maz maddi kömək, silah gəlirdi. Amma təbrizlilər bir il mühasirədə idi. Şahzadə Eynedollənin qoşunları şəhəri mühasirəyə almışdı. Təbrizlilər yonca yeyib məşrutəni saxladılar. Demək, Təbrizin özünün, Azərbaycanın qeyrəti vardır ki, o xaricdən kömək almadan öz azadlığı uğrunda mübarizə apardı. 1946-ci ildə Azərbaycanda milli-azadlıq hərəkatının qalib gəlməsi üçün hər şərait var idi. Rus, ingilis, amerika qoşunlarının Iranda olması sadəcə istifadə olunmuşdu. Onların Iranda olması demokratiyaya şərait yaradırdı. Şah qaçmışdır, xalq ayılmışdır, təşkilatlar yaranırdı. Bizim 30 min fədaimiz var idi, 40 minlik qızılbaşlar təşkil olundu. Onların arasında bir rus məsləhətçisi belə yox idi. Azərbaycan xalqı heç kəsdən maddı kömək almayaraq öz milli hökumətini qurmuşdu.

Y.Ə.: Cənubi Azərbaycanda xalq hərəkatının məğlub olmasında Rusiya, ABŞ, Igiltərə üçlüyünün Irana qoşun yeritməmək və Iranın ərazı böyüklüyünü təmin etmək haqqında müqaviləsinin təsiri olubmu?

Ə.L.: 1943-ci ilin yanvarında keçirilən Tehran konfransında Iranın ərazı bütövlüyü və dövlət müstəqilliyini təmin etmək haqqında üçlüyün qərarı olub. Müharibədən 6 ay sonra müttəfiq qoşunlar Irandan çıxdılar. Rusiya isə müharibənin təzə qurtardığını, gərginliyin qaldığını, Bakı neftini qorumaq lazım gəldiyini göstərərək öz qoşunlarını bir az gec çıxartdı. Amma bizim fikrimizcə sovet qoşunun da qalmasına ehtiyac yox idi. Rus qoşunları müttəfiqlərdən 3 ay sonra Iranı tərk etdi. O vaxt artıq Azərbaycanda milli hökumət qurulmuşdu və özünü qoruya bilərdi. Bizim məğlubiyyətimizin iki səbəbi oldu birincisi3-cü Dünya müharibəsinin başlanması, atom silahı Bakı nefti və s. üçün yarana bilən böyük təhlükə;ikincisi, biz Iran hökuməti ilə bağlanan müqavilənin şərtlərinin pozulmasına getmədik. Iran qoşunu isə seçkilərə nəzarət adı ilə gəlib hərəkatı boğdu.

Y.Ə.: 1979-cu ildə Siz Irana getməli idiniz. Buna nə mane oldu?

Ə.L.: Şah hökuməti SSRI-yə şübhə ilə yanaşırdı. Buradan gedənlər nəzarət altına alınırdı.

Y.Ə.: Siz Irana leqal getmək istəyirdiniz?

Ə.L.: Bəli, leqal. IXP-nin mərkəzi Leypsiqdə yerləşirdi. Onların siyasi bürosu üç-üç, beş-beş getdi Tehrana. Firqənin sədr müavini Ənuşirəvan Ibrahimi də köçdü Təbrizə. Bizim Firqənin üzvləri Təbrizdə bina icarəyə götürmüşdülər. Üç aydan sonra mən də getməli olanda Bənisədr, prezident hökuməti sərhəddi bağladı və vizasız heç kimi buraxmadı. Artıq 79-cu ilin yayı idi. 1982-ci ildə isə orada olanlar hamısını tutub güllələdilər. Ənuşirəvan Ibrahim də güllələndi.

Y.Ə.: Sizin fikrinizcə, Iranda demokratik azadlıqlar üçün daha əlverişli şəraiti şah üsul-idarəsi yaradırdı, yoxsa Islam inqilabından sonra hakimiyyətə gələnlər?

Ə.L.: Bizim üçün əsas şərt demokratik, müstəqil Irandır. Şah rejimi heç bir siyasi qüvvəni qane etmirdi. Çünki bir adam oturub bütün ölkəni idarə etməməlidir, özü də ki, ABŞ-ın göstərişi ilə. Odur ki, xalq töküldü küçələrə. Ruhanilər müstəqil Iran elan etdilər və biz də bu müstəqil dövləti müdafiə edirdik. Lakin bu dövlət tez bir zamanda ən mürtəce quruluşlu bir dövlətə çevrildi. O, bütün demokratik azadlıqları boğdu. Tudəciləri, fədailəri, mücahidləri, demokratları tutdu, başçılarını öldürdü. Bu rejimləri müqayisə etmək düz deyil, onların hər ikisi mürtəcedir.

Y.Ə.: Kürd hərəkatının baş qaldırması ilə bağlı Sizin mövqeyinizi bilmək maraqlıdır. Siz mətbuat konfransında qeyd etmişdiniz ki, kürd hərəkatı Orta Şərqdə vəziyyətə müdaxilə etmək üçün Qərb ölkələri, ABŞ tərəfindən bir bəhanə, siyasi kart kimi istifadə edilib.

Ə.L.: Kürdüstan ümumiyyətlə həssas bir məntəqədir. Orta Şərqdə Kürdlər əsasən 4 dövlətin ərazisində yerləşir – Iran, Iraq, Türkiyə, Suriya. Ingilislər, indi isə amerikalılar öz mövqelərini regionda möhkəmlətmək üçün kürd kartından həmişə istifadə ediblər. Kürdlər isə öz növbəsində, bu vəziyyətdən istifadə edərək muxtariyyət qazanmaq, istiqlala çatmağa çalışırlar. Onu da qeyd etmək lazımdır ki, kürdlərin öz dövləti heç vaxt olmayıb. Kürd hərəkati Iranda və Iraqda xüsusilə güclüdür. Kürdlər şüurlu surətdə Qərb ölkələrinə özlərindən siyasi kart kimi istifadə etməyə imkan yaradırlar. Çünki bu, onların strateji məqsədlərinə – vahid kürd dövləti yaratmağa uyğundur. Misal üçün, Iranda Kürd Demokratik partiyası Iranın müstəqilliyini qorumaq şərtilə özlərinə muxtariyyət tələb edirlər.

Y.Ə.: Iranla Iraqda vəziyyəti başa düşmək olar. Onlar ABŞ-ın regionda başlıca düşmənləri hesab olunur. Bəs kürdlərin Türkiyədə baş qaldırmasını nə ilə izah etmək olar? Axı Türkiyə ABŞ-ın yaxın dostu, hər halda müttəfiqi hesab olunur.

Ə.L.: Belə hesab edirəm ki, kürdlərin Türkiyədə baş qaldırmasında ABŞ-ın əli var. Bir də deyirəm ki, bu, yalnız ehtimaldır. Çünki, onlar dostları qarşısında da gələcək üçün rəqib hazırlayırlar. Qərb siyasətində, “parçala, hökm sür” prinsipi həmişə üstünlük təşkil edib. Fakt isə odur ki, türk kürdlərini Iraq silahlandırır və Iraq ərazisində onların bazası var. Iraqın mənafeyinə bu uyğundur. Bu üç dövlət – Iran, Iraq, Türkiyə – regionda bir-biri ilə mübarizədə kürd kartından hökmən istifadə edirlər. Düzdür, Iran və Iraq kürdlərindən fərqli olaraq, Türkiyə kürdlərini ABŞ hələ açıq müdafiə etməyib.

Y.Ə.: Bəlkə bu onunla əlaqədardır ki, müasir siyasi vəziyyətdə ABŞ Türkiyəyə qarşı öz münasibətini hələ formalaşdırmayıb?

Ə.L.: Son vaxtlar doğrudan da Türkiyə və ABŞ arasında yeni münasibətlər formalaşır. Indiyə qədər Türkiyə SSRI-nin qarşısını kəsən bir sədd rolunu oynayırdı. Indi isə buna eytiyac yoxdur. Orta Asiya və Qafqaz regionunda Türkiyənin nüfuzu böyükdür və təbii ki, ABŞ bundan istifadə etməyə çalışacaq.

Y.Ə.: Eyni zamanda Türkiyənin də nüfuzu regionda artacaq.

Ə.L.: Düzdür. Regionda o ölkənin nüfuzu qalib gələcək ki, küclü iqtisadiyyətı olsun. Zəif olan dövlətlər sadəcə, ideoloji, dini faktorlara əsaslanıb uzun dövr ərzində nüfuz qazana bilməzlər, keçici bir dövrdə isə bu mümkündür. Amma Türkiyə və ABŞ-in iqtisadi potensialı çox güclüdür, onlar bu regiona kapital qoyub, bölgədə nüfuz qazanıb buranı Qərbə yaxınlaşdıra bilərlər.

Y.Ə.: Onda belə bir problem üzə çıxır: SSRI-nin dağılması, Orta Asiya və Qafqazda müstəqil dövlətlərin yaranması ilə əlaqədar olaraq Iran və Türkiyə arasında nüfuz dairəsinin genişlənməsi uğrunda mübarizə gedir və bu mübarizənin daima güclənməsini biz hiss edirik. Bu məqamda, Iranda Azərbaycan kartının (kürd kartı kimi) oynanılması nə dərəcədə realdır?

Ə.L.: Şəxsən mənim zənnimcə, Iran kartının burada oynanılması çətindir. Azərbaycanda iki qüvvə var. Bir qüvvə Azərbaycan ziyalılarıdır və onlar Türkiyəyə meyllidirlər. Çünki 18-20-ci illərdə Azərbaycanı erməni işğalından məhz Türkiyə azad etmişdi, bunlar ikisi də türkdilli xalqlardır. Türkiyənin iqtisadi potensialı küclüdür və Qərbə yaxındır və s. Iran isə ancaq dini nüfuz vasitəsilə Azərbaycana təsir edə bilər. lakin bu zəif mövqedir. Reallıq isə belədir ki, Türkiyə və Iran bir-birini Azərbaycanda təcrid etməyə çalışsa, bu səhv siyasət olacaq. Regionun bu üç dövləti bunu aydın başa düşməlidir.

Y.Ə.: Qərb, ABŞ Cənubi Azərbaycandakı hərəkatdan istifadə edə bilərmi?

Ə.L.: Indi Azərbaycanda elə bir güclü hərəkat yoxdur ki, Qərb ona istinəd edə bilsin.

Y.Ə.: Ermənilərin kürd problemi kimi Azərbaycanda ortaya atdıqları məsələni necə qiymətləndirirsiniz?

Ə.L.: Qafqazda kürdlər iki yerə bölünüb – Azərbaycanda və Ermənistanda. Azərbaycanda kürd kartını oynatmaq Ermənistanda da kürd məsələsini qızışdıracaq. Digər tərəfdən, Azərbaycanda kürd problemi əslində yoxdur, çünki kürdlər Azərbaycan xalqı ilə o dərəcədə qarışıb ki, bu məsələnin problemə çevrilməsi mümkün deyil. Və ermənilər bu kartı ortaya atmaqla özlərinə quyu qazırlar, çünki, kürdlərin Ermənistanda vəziyyəti, etnik bir qrup kimi acınacaqlıdır. Erməni lobbisi heç vaxt buna yol verməz.

Y.Ə.: Əmralı müəllim, Firqənin fəaliyyətinə Azərbaycan hökuməti hər hansı formada köməklik edirmi?

Ə.L.: Biz 46 ildir ki, buradayıq. Biz burada özümüzü qərib hesab etmirik. Amma mühacirik də, cibimizdə sənədimiz var. Firqəmiz burada təşkil olub. Vaxtilə ADF-ə icazə verilmişdi ki, öz təşkilatını bərpa etsin. Indi bu, bir ənənə kimi davam edir. hökumət bizim üçün heç bir maneə törətmir və biz müstəqil işləyirik. Arzumuz da budur ki, Aəzrbaycan demokratik dövlət kimi inkişaf etsin, çiçəklənsin. Biz də azərbaycanlıyıq, hər xalda azərbaycanlı azərbaycanlıya heç bir pis şey arzulamaz.

Y.Ə.: Müsahibə üçün çox sağ olun. Biz də “Istiqlal” qəzetinin əməkdaşları və oxucuları adından Sizə və ADF-nin üzvlərinə can sağlığı və vahid Azərbaycan uğrunda apardığınız işdə müvəffəqiyyətlər arzulayırıq.

Müsahibəni apardı Yaşar Əsədov

 

Şərhlər bağlıdır.