SEYİD CƏFƏR PİŞƏVƏRİNİN DÜNYASINI DƏYİŞMƏSİNDƏN 74 İL ÖTÜR

74 il əvvəl iyunun 11-də dünya azadlıq hərakatının görkəmli hümayəndələrindən biri olan Seyid Cəfər Pişəvəri Yevlax yaxınlığındakı Aran qəsəbəsində müəmmalı avtomobil qəzası nəticəsində dünyasını dəyişdi. Azərbaycan Demokrat Firqəsi, 21 Azər hərakatının istirakçıları və onların yolunun davamçıları hər il yollarını gül çiçək və çələnglərlə ora və unudulmaz şəxsiyyətin Bakının Fəxri Xiyabanındakı abidəsi önünə salır, nitqlər, çıxışlar edir, xatirələri dilə gətirirlər. Bu abidələrin önü həmişə güllü-çiçəklidir. Deməli, S. C. Pişəvəri hec vaxt unudulmayacaq, əbədi könüllərdədir. Azerbaycan-ruznamesi.org da bu yazıları rəhbərin xatirəsinə rəğbət və məhəbbət nümunəsi olaraq sizlərə təqdim edir.

PİŞƏVƏRİ ÖMRÜNÜN SON 172 GÜNÜ…

Culfaya, sonra isə Naxçıvana gətirilən S.C.Pişəvərini burada Azərbaycan sovet rəhbərliyi tərəfindən bir neçə nəfər qarşılamışdı. S.C.Pişəvərini qarşılayan rəsmilər mübarizəni yaxın vaxtda hər hansı formada davam etdirməyə Moskvanın hələlik razılıq vermədiyini ona bildirdikdə ruslarla «oyunda» növbəti dəfə tam uduzduğunu başa düşdü. Qulamyəhya öz xatirələrində yazır: «Sərhəddi keçən günü bizi Naxçıvana apardılar. Onun sonrakı günü, daha doğrusu, Azərin 22-də (dekabrın 13-də) yoldaşlarla görüşdük (sovet nümayəndələri nəzərdə tutulur – Ə.R).

Ümumi görüşdən sonra ADF MK üzvləri, Milli Məclis nümayəndələri bir yerə toplaşıb ümumi vəziyyətimizdən, geri çəkilməmizdən danışdıq. Əlbəttə, belə hazırlıqsız, plansız geri çəkilmə işimiz bərk tənqid edildi. Hər halda tənqidi çıxışlar nə qədər ağır olsa da əncam olub, bitmiş faktın müqabilində vaqe olmuşdu. Bu haqda danışmaqda yubandığımız hamıya məlum idi».

S.C.Pişəvəridən sonra sərhədi keçib Quzey Azərbaycana pənah gətirən insanlar (fədailər və fədai ailələri) bir müddət Jdanov (indiki Beyləqan) rayonuna gətirildi. Burada ərazisi qapalı olan sovxozlarda 2-3 ay saxlanıldıqdan sonra Azərbaycan rayonlarına paylanıldı. Fədailərdən iki dəstə, biri Kirovabad (indiki Gəncə), digəri isə Nuxa (indiki Şəki) rayonlarında kompakt şəkildə yerləşdirildi. Tezliklə geri qayıdıb, mübarizəni davam etdiriləcəyi fikri ilə onlarla hərbi təlimi təkmilləşdirmək nəzərdə tutulmuşdu. Bu ideya bilavasitə S.C.Pişəvəriyə şamil edilir. (S.C.Pişəvərinin faciəli ölümündən sonra fədai düşərgələri də ləğv edilmişdi). S.C.Pişəvəri sərhəddi keçmiş soydaşlarını Jdanov rayonu sovxozlarında yerbəyer etmək işi ilə məşğul olduğu bir vaxtda onu və Qulamyəhyanı M.C.Bağırov görüşə çağırır «Bizi MK-də qəbul etdilər. Orada bir sıra mövzularda söhbət oldu. M.C.Bağrov əlini bintlə sarmışdı. O, dedi ki, həkimlərin dediklərinə görə, əsəb pozğunluğundan baş verir. O, dedi ki, həyatında ikinci dəfədir əli belə olur. Birinci dəfə oğlunun Böyük Vətən müharibəsində həlak olması xəbərini eşidəndə belə olmuşdu. Bu dəfə də sizin hadisə ilə əlaqədar əlim belə oldu. O, Stalindən alınmış teleqramı bizə oxudu. Teleqramda ümumiyyətlə, bizə səbirli olmaq, işdə ciddi və möhkəm olmağımız tövsiyyə edilirdi».

Qulam Yəhyanın xatirələrindən bəlli olur ki, M.C.Bağırov S.C.Pişəvəri ilə növbəti görüşdə qarşıdan gələn Novruz bayramına necə hazırlaşdıqlarını soruşduqda S.C.Pişəvəri cavabında: «Hələ bayrama çox qalır…» deməklə yəqin ki məğlub olmuş hərəkatm gələcək qələbə bayramını nəzərdə tutmuşdu. S.C.Pişəvəri mühacirətdəki qısa ömrünün (cəmi 6 aydan da az) son dövrünü ailəsi ilə birlikdə (xanımı Məsumə, onun anası və yeganə oğlu Daryuşla) Bakıda, Mərdəkanda ona ayrılmış bağ evində və şəhərdə Xaqani küçəsində 13 №-li mənzildə keçirmişdi. O, ömründən qalmış qısa dövrdə Güneydəki olayları ardıcıl izləməklə yanaşı, mübarizəsini dirənmiş dalandan necə çıxartmaq haqda düşünür, variantlar cızır və vaxtaşırı M.C.Bağırovu, digər sovet rəhbərliyini öz təklif və mülahizələri ilə «narahat» edir. Məğlubiyyətlə barışmayan və onu sovetlərin namərdlik mövqeyi ilə bağlayan S.C.Pişəvəri Stalinlə görüşmək və fikirlərini ona demək istəyirmiş. Bu fıkirləri S.C.Pişəvərinin yazılarını makinada yazan və mühacirət dövründə onun şəxsi katibəsi və köməkçisi olmuş mərhum doktor Humay xanım Ruindej bizimlə söhbətində söyləmişdi.

Humay xanımın dediklərindən məlum olurdu ki, S.C.Pişəvəri mühacirətdə öz siyasi fəaliyyətini bir an belə dayandırmamış, firqə təşkilatını, cənubla bağlı təşkilat-təbliğat işini hadisələrin və günün tələbinə uyğun qurmağa çalışmışdı. Bununla birlikdə o, rayonlara səpələnmiş soydaşlarının və təlim düĢərgəsindəki fədailərin vəziyyəti ilə yaxından tanış olmaq üçün qısa müddətli səfərlərə çıxır və onlara baş çəkirmiş.

İmkan ələ düşən kimi S.Pişəvəri Azərbaycan Yazıçılar İttifaqında (indiki Birlikdə) 3-cü mərtəbədə onun ixtiyarında qoyulmuş kiçik otağa gəlir, firqə tarixini, hərəkatla bağlı xatirələrini və bəzən bədii səpgili yazı, feleton, şeir və hekayələrini əlyazmasından makina yazısına keçirirmiş. Təəssüflə qeyd etməliyik ki, S.C.Pişəvərinin mühacirət dövründə makinada yazdırdıqları və o yazıların əlyazmalarının xeyli hissəsi (çox güman sovetlərin güneylə bağlı əməllərindən bəhs edən hissələr) aradan aparılmışdı. Şübhəsiz, bu «it-bat» edilmiş hissə bir çox həqiqətlərin ortaya gətirilməsində, Güney Azərbaycandakı olayların və bununla bağlı edilmiş xəyanətlərin üstünün açılışında tarixşünaslığa və cəmiyyətimizə çox böyük kömək olardı.

QƏZA YA QƏSD?

Başlığa çıxartdığımız bu sual 60 ildən çoxdur ki, sirri tam açılmamış müəmmalı ölümlərdəndir. Bu haqda mövcud olan məlumatlar və yazılar məzmunca biri digərindən fərqlənir və bəzən ziddiyyət təşkil edir. Biz də bu barədə qəti nəticəyə gəlməkdə çətinlik çəkdiyimizdən, S.C.Pişəvərinin 1947-ci il iyunun 11-də dünyasını dəyişməsinin «Qəza, yoxsa qəsd?», «Ölüb, ya öldürülüb?» haqda suala cavab tapmağı kitabda verilmiş yazılar əsasında oxucunun mühakiməsinə vermək qərarına gəldik.

HADİSƏNİN QISA ŞƏRHİ: Azərbaycan Milli Hökumətinin süqutundan sonra Quzey Azərbaycana pənah gətirən güneylilər 1947-ci ilin mart-aprel aylarında yaşamaq və işləmək üçün müxtəlif rayon və şəhərlərdə məskunlaşdırıldı. S.C.Pişəvərinin təklifi ilə say-seçmə subay fədailərdən iki dəstə təşkil edilib, biri Gəncə şəhəri yaxınlığındakı Hacıkəndə, digəri isə Şəki şəhərinə göndərilmişdi. Hacıkənddəki fədailərə Tağı Musəvi (sonra tarix elmləri namizədi olmuş), Şəkidəki dəstəyə mayor Həsən Nəzəri (sonra iqtisadi elmləri doktoru olmuş) başçı təyin edilir. «Qızılbaşlar» adlanan bu dəstələrə düşərgədə müntəzəm hərbi təlim keçirilir və onlar Azərbaycanı işğal etmiş şah qoşununa qarşı güman edilən partizan və müqavimət hərəkatı üçün hazırlaşdırıldı. S.C.Pişəvəri kompakt halda saxlanılan bu hərbi dəstələrin saxlanılmasında və hərbi təlimlə təkmilləşdirilməsində çox israrlı idi.

S.C.Pişəvərinin bu işdə israrlı olması, yenidən müqavimət hərəkatına başlamaq meyli Sovet rəhbərliyini, şəxsən Stalini razı salmırdı. Arxiv sənədlərinə istinad edən bir məqalədə S.C.Pişəvəri tərəfindən deyilmiş aşağıdakı sözlər diqqəti çəkir: «Şurəvilər təlim batalyonlarına baş çəkməyimdən və hərbi hazırlıq işlərində iştirak etməyimdən narazıdırlar. Aldığım məlumata görə, bu işi Stalinə də çatdırıblar».

Arazın o tayında olduğu kimi bu tayda da Sovet rəhbərliyi, xüsusən Stalin-Mikoyan bloku Güneydə müstəqil türk dövlətinin olmaması üçün Tehrana qarşı güney azərbaycanlıların hər hansı dövlət qurumu formasında dirçəlməsi əleyhinə olublar. Maneə və çətinliklərə baxmayaraq S.C.Pişəvəri 1947-ci ilin iyunun 10-da Təbrizdən yaxşı tanıdığı konsul müavini, DTK-nın nümayəndəsi Nuru Quliyev və general Qulamyəhyanm müşayəti ilə Bakıdan Hacıkəndə yola düşür. Məqsədi fədailərə baş çəkmək, onlardakı ruh yüksəkliyini qoruyub saxlamaq olur. Düşərgədəki fədailərin Vətənə qayıdıb döyüşmək istək və əzmi S.C.Pişəvərini çox məmnun etmişdi.

Düşərgədəki Ərdəbil fədaisi Zülfəli kişinin oğlu Səmədə dediklərindən: «Pişəvəri düşərgəyə gəldi, «Qızılbaş»ların istək və arzularını öyrəndi. Ondan hamımızın yeganə xahişimiz və istəyimiz Vətənə qayıtmağı, düşmənlə haqq-hesab çəkməyi tezləşdirmək oldu. O, bizim dediklərimizdən çox qayğılandı və məmnun oldu. Mən onun bir gözündə sevinci, digərində isə kədəri sezdim. Sevinci fədailərin yüksək ruhiyyədə qalması idisə, kədər onun düşüncələrini buxovda saxlayan, əl-qol açmasına imkan verməyənlərin əməlləri idi. O, bizim dəstəmizdən xoş əhval-ruhiyyə ilə ayrıldı və tezliklə onların yanına təkrar gələcəyinə söz verdi. Lakin biz bilmədik ki, böyük rəhbərlə bu bizim son görüşümüz olacaq. O, getdi, iki gün sonra onun qara xəbəri bizə çatdı. Bütün bölük matəmə batdı…».

S.C.Pişəvəri Hacıkəndə etdiyi səfərdən əvvəl Qazanbulaq, Qasım İsmayılov (indiki Goranboy) və Gəncədəki həmvətənlərinə baş çəkmiş, onların vəziyyətini və çətinliklərini öyrənib dəftərinə qeydlər etmişdi. 11 iyun 1947-ci il səhər saat 6-da S.C.Pişəvəri, Nuru Quliyev, Qulamyəhyanın əyləşdiyi və erməni sürücü Qarnik Melikyanın idarə etdiyi «Ford» markalı maşında (Pişəvəriyə məxsus, ABŞ istehsalı olan “Buyuk” markalı maşın məlum olmayan səbəbdən işə düşmədiyindən o, “Ford”la getməli olub- Ə.R.) Gəncədən Yevlağa doğru yola düşür. Həmişə arxa oturacaqda əyləşən Pişəvərini bu dəfə qabaq oturacaqda, sürücünün sağında əyləşdirirlər.

Yevlaxa 14-15 km. qalmış «Ford» yolun sağındakı beton divarcığa zərbə ilə dəyir. Sürücüdən başqa sərnişinlərin üçü də xəsarət alsa da xəstəxanada dünyasını dəyişən təkcə S.C.Pişəvəri olur. Bu müəmmalı avtomobil qəzası ilə bağlı şahidlərin ifadələrində və yazılarda biri-birinə uyğun gəlməyən və bəzən ziddiyyət təşkil edən motivlər var. Bu motivlər aşağıdakı sualları yaradır:

1. Qəza ilə bağlı S.C.Pişəvəri xəstəxanada öz əcəli ilə ölüb, ya öldürülüb?
2. Keçmişi bir qədər şübhəli olan erməni sürücü maşını beton divarcığa qəsdən vurub, ya sükan arxasında yatıb?
3. Bu müəmmalı ölümdürsə, sifarişçisi kimdir, hansı orqandır?
4. S.C.Pişəvərinin qəsdən qətlə yetirildiyini M.C. Bağırovun 1956-ci ildəki məhkəməsində deyən Yevlaxın o zamankı DTK nümayəndəsi Lətif Salayev verdiyi ifadələr həqiqətdirmi?
5. Rəsmi toplantıda S.C.Pişəvərinin əmioğlusu və bacısı əri Murağa Azərinin general Qulam Yəhyaya müraciətilə: «Qulam, Pişəvərini sən öldürdün ki, onun yerinə keçəsən» ifadəsinə inanmaq olarmı?
6. «Pişəvərinin ölməsi ruslar üçün yaşamasından sərfəli idi» – deyən bir neçə kitabların müəllifi X.Məmmədi nə dərəcə haqlıdır?

Baş vermiş avtomobil qəzası və S.C.Pişəvərini həlak olası ilə bağlı daha çoxsaylı suallar, şübhəli məqamlar, uyurma və rəvayətlərə oxşar söz-söhbət var. Fakt bundan ibarətdir ki, günümüzədək S.C.Pişəvərinin ölümü «Qəza idimi, ya qəsd?» – sualı cavabsız qalan suallardandır.

Əkrəm Rəhimli,
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru.

Baba oğlu

Yaxşı yol!

(Seyid Cəfər Pişəvərinin 1946-cı ilin aprel ayında Tehran hökuməti ilə danışıqlara getməsi münasibətilə yazılmış şeir)

Çəkilmiş Təbrizin başından duman,

İşıqlanmış göydə bütün asiman.

Təbriz əhalisi güllə, çiçəklə

Axışır meydana, saf bir ürəklə

Əllərində çiçək, gözlərdə gülüş

Ürəkdə məhəbbət, dodaqda öpüş

Kişi, qadın, cavan, qız, oğlan, uşaq

Yüzlərlə fədai, minlərcə qoçaq

İgid əsgər – Azərbaycan balası

Silahlanıb durmuş Vətən qalası!

Heç kəs istəmir geri qalmağa,

Dostlar gəlib, dostu yola salmağa.

Xoş şadlıq səsi var bu gün hər yanda,

Təyyarə uçmaq üçün hazır meydanda.

Söylə bir kürsüdən nitq, Pişəvəri

Onun gözləridir – haqqın gözləri!

“Mən Azər oğluyam – Vətən oğluyam

Xalqımın yolunda daim doğruyam!”

Bu sözlə and içdi millətə rəhbər

Rəhbərin alnından öpdü xoş səhər!

Yaxşı yol, bizim igid Pişəvəri

Unutmaz xalq göstərdiyin hünəri.

Halal olsun südü sənə ananın

Yaşayacaq daim hər bir ananın

Əziz ürəyində, Azər elində

Adın deyiləcək Azər dilində

Min yaşasın səni doğan mərd ana!

İcazə ver qolum salım boynuna

Öpüm o vüqarlı alnından sənin

Öz adımdan, həm də əziz Vətənin!

Yaxşı yol, salamat qayıdın, qurban

Elin balasına el özü qurban!

Meydança dönmüşdü bəzəkli gülə

Rəhbərə gül səpdi el gülə-gülə

Meydanda getdikcə artdı izdiham

Mən də bu səhnədən aldıqca ilham

Şerimi səpdim yoluna lalətək

Qaldırdım göylərə bir piyalətək!

Danışığa uçdu Tehrana rəhbər,

Xalq üçün gətirə yeni bir zəfər.

Bədəni uçdusa, qəlbi bizdədir

Onun məhəbbəti qəlbimizdədir! 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il

Şərhlər bağlıdır.