Cənubi azərbaycanlılar İranda 13-cü prezident seçkilərində (18.VI.2021) prezidentliyə iki azərbaycanlı namizəd (cəmi 7), M.Mehrəlizadə və Ə.Himmətinin azərbaycanca şeir oxuması və təbrizlililərə həm də azərbaycanca müraciət etməsini seçkidə azərbaycanlıların səsini qazanmaq üçün konyuktur gediş hesab edərək həmin addıma əhəmiyyət verməməyə və dolayısı ilə desək, onlara yalnız azərbaycanlı olduqlarına görə səs verməyin o qədər də düzgün olmadığını vurğulayırlar. Onlar normal, demokratik və milli ayrı-seçkilik olmayan ölkələrdə olduğu kimi, namizədə onun siyasi, mənəvi və peşəkarlıq göstəricilərinə görə səs verməyə çağırırlar. Buna heç bir irad olmazdı, əgər İran İslam Respublikası, xüsusən etno-milli münasibətlər sahəsində normal bir ölkə olsa idi. İran isə İslam (müsəlmanların bərabərliyi və qardaşlığı dini) bayrağı altında da bu ölkənin qeyri-fars xalqlarına qarşı etnik məhvetmə siyasəti yeridir. Həmin siyasətə etiraz əlaməti kimi məhz etnik mənsubiyyəti nəzərə alınaraq azərbaycanlı namizədlərə səs vermək lazımdır.
Namizədlərin öz ana dilində bir-iki söz və cümlə deməsi, dini-fars şovinistlərini dərhal hərəkətə gətirib. Belə ki, “Böyük İSLAM Ensiklopediyası (Dairətülməaref) Mərkəzinin Ali Elmi Şurası” farslara xas xüsusiyyətlə, ad çəkmədən, namizədlərə “YERLİ” və ANA dilindən istifadə etdiklərinə görə xəbərdarlıq edib. ”Ali Elmi Şura” şovinistcəsinə Pəhləvi rejimi zamanı qeyri fars xalqlarına qarşı heç bir zorakı assimilyasiya siyasəti yeridilmədiyini iddia edərək, ana dili haqqında istənilən sözün FARS dilinin əleyhinə yönəldiyini xatırladaraq, namizədlərə ana dilində danışmağı öz səlahiyyəti çərçivəsində bir növ qadağan edib.
Belə vəziyyətdə AZƏRBAYCAN dilinin vəziyyəti necə olmalıdır. Azərbaycanlılar prezidentliyə namizədlərdən ana dilindən seçki konyukturası xatirinə istifadə etməyi məsləhət görmürsə, İslam adından danışan fars şovinistləri ana dilində danışmağı Fars dili üçün böyük təhlükə hesab edərək namizədləri, az qala vətənə (fars dilinə) xəyanətdə ittiham edərək, onlara ana dilində rəsmi səviyyədə və ölkə miqyasında danışmağı qadağan edirlər.
Şərhlər bağlıdır.