ƏRƏB FƏALIN AZƏRBAYCANIN GÜNEYİNDƏKİ SOYDAŞLARA TƏŞƏKKÜRÜ

Əl-Əhvaz ərəblərinin mühacirətdə yaşayan tanınmış fəalı, ziyalı və yazıçı Yusif Əzizi Bənitorəf Azərbaycanın Güneyindəki soydaşlarımıza, qurumlara və fəallara təşəkkür müraciəti ünvanlayıb.

Yusif Bənitorəfun təşəkkür müraciətində deyilir:

“Əziz Azərbaycan xalqı, fəalları və hərakat başçıları!

Bir daha sizin Əhvaz ərəbləri ilə həmrəyliyinizə görə təşəkkür edirəm. Sizin “Azərbaycan-Əl-Əhvaz, ittihad, ittihad” şüarınız, ərəblərlə həmrəylik bildirməkdən əlavə bizim cəmiyyətimizin reallıqlarını, xüsisilə bölgəmizin doğru adı barədə həqiqəti dərindən bildiyinizi göstərdi.

Ancaq şənbə günü Təbrizdə keçirilən aksiyada xırda bir yanlışlıq baş verib. O da “Azərbaycan oyaqdır, Xuzistana dayaqdır” şüarı idi. Mən inanıram ki, sizin bundan xüsusi bir niyyətiniz olmayıb.

Ya qafiyənin düz gəlməsi üçün belə deyilib, yada Rza xan dövründə bu qondarma adın bölgəyə verilməsindən xəbərsiz olmanızdan irəli gəlib. Hər halda sizdən xahiş edirəm bundan sonra Əl-Əhvaz terminindən istifadə edəsiniz. Qafiyənin uyğun gəlməsini istəyirsinizsə bölgəmizin tarixi adı olan Ərəbistan adından istifadə edə bilərsiniz.

Yaşasın Azərbaycan!

Yaşasın Əl-Əhvaz!”.

Qeyd edək ki, 24 iyul, şənbə günü, Əl-Əhvaz ərəblərinin “su üsyanı”na dəstək məqsədilə Təbriz və bir neçə başqa Azərbaycan şəhərində keçirilən aksiyalarda “azadlıq, ədalət, milli hökumət”, “Azərbaycan-Əl-Əhvaz, ittihad, ittihad”, “Azərbaycan-Xuzistan-ittihad, ittihad” şüarları səsləndirilib.

Aksiyalarda onlarla azərbaycanlı fəal həbs olunub.

Onlardan bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, bir çoxunun harada saxlanıldığı və nədə ittiham olunduqları barədə məlumat yoxdur.

Şərhlər bağlıdır.