Dünyanın siyasi gündəliyinin əsas hadisələrindən biri, məlum olduğu kimi, Əfqanıstanda cərəyan edir. Burada QƏRB-ŞƏRQ qarşıdurması ilkin nəticəsi asanlıqla proqnozlaşdırıla bilən yeni mərhələyə daxil olub.
Taliblər öz müttəfiqlərinin köməyi ilə Əfqanıstanda öz hakimiyyətini qan-qada,dağıntı və dəhşət saçmaqla genişləndirdiyi bir zamanda ABŞ və Avropadan belə vəziyyətlərdə həmişə olduğu kimi “humanist” təkliflər eşidilir. Biri koalisyon hökumət təşkil edilməsinə, digəri atəşkəs elan edilməsi və meydanda tək buraxılmış ,canavarın iti dişlərinə doğru itələnmiş “legitim” hakimiyyətlə danışıqların davam etdirilməsinə çağırır.
Bunlar 20 il ərzində Əfqanıstanda stabil dövlət yaratmağa nail olmayıb, indi “ağıllı” təkliflərlə çıxış edərək özlərini ən gülünc vəziyyətə salırlar.
Bir çoxları belə hesab edir ki, guya ABŞ hansısa strateji məqsədləri naminə çox incə addım ataraq, Əfqanıstanı tərk etdi. Amma istər strateji, istər taktiki məqsədlə olsun, ABŞ həmin hərəkəti ilə özünü nəinki Şərq xalqlarının, eləcə də dünyanın ABŞ-a az-çox inan və ümid bəsləyən dairlərinin gözündən bir dəfəlik saldı.
ABŞ-ın Əfqanıstandan getməsi onun antiamerika qüvvələrinə və ya demokratik Qərbin avtoritar Şərqə məğlubiyyətini etiraf etməsi demək idi. Bir konkret ölkədə rəqiblərinə uduzan Qərbin və ona hələlik rəhbərlik edən dövlətin dünyanın taleyini həll etmək iddisında olması artıq ironiyadan başqa bir hiss yaratmır. Bu gediş, xüsusən hərbi hava qüvvələri dəstələrinin gecə ilə aradan çıxması, ABŞ-ın Qlobal və ya super güc olması erasının sonunun başlanğıcı kimi dəyərləndirilə bilər.
Amerikanın regional düşmənləri və rəqibləri onun qlobal güc statusunu itirməsi prosesinə daxil olmasından çox sevinirlər. Lakin onların sevincləri düşmənçilik və hiddətdən qaynaqlandığı üçün ABŞ-ı kimin əvəz etməsi haqqında düşünmürlər və bununla da asanlıqla öz gələcək acı taleləri üçün şərait yaradırlar.
Hadisələrin belə gedişində zahirən həm ABŞ, həm də Avropa, bütövlükdə QƏRB müqəssir olsa da, əslində hadisələrin həmin istiqamətdə hərəkət etməsi dünya tarixinin hələlik əsas meyli olan demokratiyanın deqradasiyası, avtoritarizmin güclənməsi və ya Şərqin aparacı və rəhbər qüvvəyə çevrilməsi meylindən irəli gəlir.
Şərhlər bağlıdır.