YAŞA, YAŞA, FİRQƏMİZ!

Atam bitərəf anamla bu taya pənah gətirəndə cəmi-cümlətanı 30 yaşında növcavan idi. Böyük bacımızın 1 yaşı tamam olmuşdu. Qardaşımızın dünyaya gəlməsinə sayılı günlər qalmışdı. İndi atam dünyasını dəyişib, ömrünün sonunadək yadigar qalan torpaqlarının niskilinin dərdini çəkdi. Anam isə yurd həsrətini açıb-abartmadı. İcərisində çəkərdi.

Biz gözümüzü açıb bu mühiti gördük, əxlaq gördük, tərbiyə gördük, eləcə də valideynləri əvəzlədik. Böyüklərimiz dəyişib, amma bütün övladları Firqəmizin üzvüdür. Buna görə kimdənsə, nədənsə söz, tənə dinləmirik. Bütün Azərbaycan cəmiyyətindən sözarası olsa da narazılıq eşitmirik. Ona görə ki, şanlı tariximiz var. Nə qədər bəhs etsən qurtarmaz.

Bu nədən ibarətdir? İlk növbədə Azərbaycan Demokrat Firqəsindən, onun Məramından, Nizamnaməsindən. Dünyamızın az qala tamamilə qarışdığı bir vaxtda böyüklər bizə çıxış yolu göstəriblər. Yaxın Şərqin az qala tamamilə qarışdığı bir vaxtda cavab yenə dəyişməzdir. Məgər böyüklərimiz belə bir aksioma fikirləşməyiblər ki, təzə cavablar üzərində baş sındıraq. Bəli, biz Firqə yarandığı gündən proqramımıza sadiqik. Elə bir proqram lazım deyil ki, bu gün dəyişək sabah bir başqasıyla əvəzləyək.

Cəmiyyət bir çoxunu nəzərdən keçirib. Oxumuşuq, öyrənmişik fəqət bizə daha yaxını, demokratik ədalət prinsipinə söykənəndir. İnsan şərəf və ləyaqətinə, əmlak hüququnun qorunmasına, istismarın tamamilə aradan qaldırılmasına, ana dilində təhsilə, sağlamlığının təmin olunması üçün hörmət və qayğıya, bir sözlə adamların hərtərəfli rifahına dair məsələlərin həllinə… daim ehtiyac duyur. Biz bunları görmüş və dəyərləndirmişik. İstərdik ki Arazın o tayındakı Vətənimizdə də həmin mühüt bərqərar olsun.

Dediklərimiz həqiqət olmasaydı utopik sosializmin nəzəriyyəsindən danışardıq. Ona görə də fərziyədən yox, təcrübədən danışırıq. Biz İranın bütün mütərəqqi qüvvələrini birliyə, səmimiyyətə çağırır, insan mənafeyinə zidd qanunlarla başqalarının rifahını tapdalamamağa səsləyirik. Bütün inqilablar haqsızlıqdan doğur. Dünyamız zordan, qüvvə tətbiqindən, insanları bəşəri hüquqlarını pozmaqla nəzarətdə saxlamaqdan uzaq dayanmağa çağırır. Bunun sonu isə müəlliflərinə bumeranq təsiri bağışlayır. Yəni təsir, əks təsirə bərabərdir.

Biz tarixin ibrət dərslərini yaxşı bilirik. Bəs “qaraəbalılar” bu günü unutmayıblar ki… Azərbaycan Demokrat Firqəsi dövrümüzün bütün zəkalı insanlarına bu məqsəd üçün mübariz olmağa çağırır. Partiyamız hədəflərinə yetmək üzrədir. O gün uzaqda deyil. Bizə addımba-addım yaxınlaşmaqdadır. Firqəçilər dünən, bu gün və sabah eyni məram naminə heç nədən çəkinməyərək ölümün gözünə doğru addımlayırlar. Onların sıraları artır, azalmır.  Bax, bizi gözləyən qələbəmizin də yolu beləcə qısadır.

Yaşasın bizi yeni qələbələrə qovuşduracaq Firqəmiz!

Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri

Şərhlər bağlıdır.