SOYDAŞLARIMIZI SAHİBSİZ QOYMAYAQ

Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra orada yaşayan soydaşlarımızın həyatı təhlükə altındadır.

Məlum olduğu kimi zamanında Nadir şahın təşəbbüsü ilə Qarabağ, Urmiya və Həmədan bölgələrindən qızılbaş türkmən tayfaları Əfqanıstanın Kabil, Herat, eləcə də Qəndəhar vilayətlərinə yerləşdiriliblər.

Araşdırma materiallarında, rəsmi sənədlərdə onlar “qızılbaş”, “Azərbaycan türkləri” kimi təqdim olunurlar.

Aldığımız məlumata görə Əfqanıstanda yaşayan Azərbaycan Türklərinin mədəniyyət fəalları, 50-yə qədər şair və yazıçısı Taliban təhlükəsi ilə üz-üzədir.

Bu günlərdə Əfqanıstanda yaşayan Azərbaycan Türklərindən Əhməd Fazil Avşar da sosial şəbəkələr vasitəsi ilə video paylaşaraq Azərbaycan dövlətindən Əfqanıstanda Taliban təhlükəsi ilə üz-üzə qalan soydaşlarımıza kömək etməsini xahiş etmişdir.

Aldığımız məlumata görə Özbəkistan və Tacikistan Özbək Türklərini və tacikləri ölkədən çıxarıblar. Azərbaycan Türkləri isə hələ də Taliban təhlükəsi altında yaşamağa məhkum qalıblar.

Fikrimizcə, Azərbaycan dövləti soydaşlarımıza sahib çıxmalıdır.

Eldəniz Abbaslı,

Bütöv Azərbaycan Ocaqları (BAO) İnformasiya Xidmətinin rəhbəri.

Şərhlər bağlıdır.