ƏFLATUN AMAŞOV İRANDAN YAZDI

“Tarixi ənənələrə malik ölkənin düşdüyü durum həqiqətən utancvericidir”

“Qonşu İranın xəbər portallarını izləyəndə görürsən ki, hədəf yalnız bizik, yəni Azərbaycandır. Guya ki, jurnalistlərimiz azad deyillər, yuxarıdan göstəriş olmasa, heç biri müstəqil fikir söyləməyə cəsarət etmirlər”. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb. MŞ rəhbəri Azərbaycandakı mətbuatı tənqid edən İran tərəfinin özündə acınacaqlı vəziyyət olduğunu bildirib: “İndi təsəvvür edək, jurnalist həbsxanada mənəvi işgəncə və kütləvi zorlama hallarından yazır, onu saxlayıb qeyd etdiyi özbaşınalıq və qanunsuzluqların baş verdiyi həmin həbsxanaya salırlar. 

Özünə də deyirlər ki, səni də eyni aqibət gözləyə bilər, dilini dinc saxla. Bu, uydurulmuş senari deyil, İranda 26 yaşlı xanım jurnalist Sapidə Holianın başına gələn oyundur. Sözügedən həbsxana isə İranın Buşər həbsxanasıdır. Holian özünün “twitter” hesabında haqqında söz açdığım mesajı yazdıqdan sonra onun Tehrandakı evinə basqın olub. Hüquq-mühafizə orqanlarının təmsilçiləri jurnalist-fəalı Buşərə aparıb, oradan isə Tehrana gətiriblər. Belə bir halın yaşandığını diqqətə çatdırmaqla İrandakı siyasi rejimin nə dərəcədə ciddi deqradasiyaya uğradığını görmək mümkündür. Amma təəccüblənmirəm. Bir ölkə ki, varlığını narkotrafik olmaq üzərində qurur, onunla bağlı nəyəsə təəccüblənmək doğru sayılmaz. Yalnız təəssüflənmək lazımdır. İslam dünyasında öncüllüyə iddialı, tarixi ənənələrə malik ölkənin düşdüyü durum həqiqətən utancvericidir.

Bax, budur İran həqiqətləri…”.

Şərhlər bağlıdır.