“AVA-YE TƏB’İD” JURNALI 23-CÜ SAYINDA NƏDƏN YAZIR

“Ava-ye təb’id” (“Sürgün səsi”) ədəbi jurnalının 23-cü nömrəsi Əsəd Seyfin səyi ilə Almaniyada “Peyam” nəşriyyatında işıq üzü görüb. Bu nömrənin böyük hissəsi türk dili və ədəbiyyatına həsr olunub. Bu bölmə Şiva Fərəhmənd Radın nəzarəti altında hazırlanmışdır.

“Ava-ye təb’id” jurnalı fars dilində çıxan nəşriyyələrdən biri olsa da, onun 23-cü sayı türk ədəbiyyatına və dilinə həsr olunduğundan, ən azından deyə bilərik ki, “Ava-ye təb’id” İran hüdudlarından kənarda çap edilən nadir ədəbi nəşrlərdən biridir. Jurnal eyni zamanda çoxlu sayda və müxtəlif tərkibdə xalqların və millətlərin məskun olduqları İran yaylasında “ana dili”nin əhəmiyyətinə xüsusi diqqət yetirir.

Əsəd Seyf bundan əvvəl “Ava-ye təb’id” jurnalının “Gilək ədəbiyyatı və dili” mövzusuna həsr etdiyi xüsusi buraxılışında yerli dillərə müraciət etmək zərurətindən bəhs etdiyi giriş hissəsində qeyd etmişdir: “Varlıq dildə təkrarlanır. İstənilən dilin ölümü bir mədəniyyətin ölümüdür. Hər ölən dil o deməkdir ki, daha o dildə varlıq ifadə olunmur”.

Yaşadıqları ölkənin dili onlar üçün əsas ünsiyyət vasitəsi olan ikinci nəsil mühacir və sürgün həyatı yaşayanların övladları bu problemə yaxşı bələddirlər. Buna görə də İranda “mərkəzçilik” siyasəti ilə yanaşı istər birinci və ikinci Pəhləvi dövründə, istərsə də İslam Respublikası dövründə fars dili və orfoqrafiyası İranın şimalında, şimal-qərb, qərb, cənub və cənub-şərq bölgələrində yaşayan millətləri əzmək və sıxışdırmaq amilinə çevrilmişdir. Prinsipcə, son dörd onillikdə İranda hakimiyyətin “mərkəzçilik” siyasəti nəticəsində həyata keçirilmiş “deportasiya” təcrübəsini nəzərə alsaq, ana dili məsələsinin də deportasiya problemindən ayrı olmadığını söyləyə bilərik. Ona görə də “Ava-ye təb’id” in 23-cü sayında dil, ana dili və türk dili mövzusu, bir ölkənin çoxdilli olması, vətən və sürgün məsələləri, onların çətinlikləri “həm fiziki, həm də dil” baxımından dərc edilmiş məqalələrdə xüsusilə müzakirə edilir.

Ana əmanətini unutmaq üçün “Amit”i öldürmək lazımdır

Təbriz doğumlu və ikinci dili olan fars dilində bir sıra yaddaqalan əsərlər qoyub getmiş, “Kəpənəklərə xitab” əsəri ilə də çağdaş İran poeziyasında xüsusi yer tutmuş yazıçı Rza Berahaninin yaradıcılığı bu gün də İranın ən yaxşı yazıçılarından bəziləri üçün örnək olaraq qalır. Camalzadə hakim rejimin “mərkəzçilik” siyasətinin İran yaylasında yaşayan millətlərə etdiyi zülmdən bəhs edən “Türk səfəri” məqaləsində “Fars dilinə şükr”ə xüsusi diqqət yetirərək yazır: “Zülm prinsipi həm ədəbi, həm də ictimaidir. Maraqlıdır ki, hadisələrin çoxsəslilik prinsipini təbliğ edən əsər həm də həmin bir neçə orijinal səsin reallığının önə çəkilməsinə qarşıdır. Bu ziddiyyətlər bizim müasirliyə natamam yanaşmamızdan və qeyri-bərabər tarixi yüksəliş dövrünə qədəm qoymağımızdan yaranıb. Biz hər şeyi başa düşməkdən yayınırıq. Amma öz tarixi, ictimai və mədəni geriliyimizə görə, hətta ziyalılarımız və yazıçılarımız tərəfindən də müasirliyin düzgün başa düşülməməsi ucbatından bu geriliyin İranda meydana çıxdığı vaxtda biz öz tarixi, yerli, sosial və mədəni problemimizi sülh yolu ilə həll edə bilmirik”.

Berahaninin təbirincə desək, millətlərin “Amit”i (pəhləvi dilində “ümid” mənasında işlənmişdir) və ya müəyyən mənada ana dili unudulan zaman həm ana, həm də ondan uşaqlarına miras qalan dil öldürülür.

1300-cü günəş ili (1921/1922): “tarixin cövhəri”nin düyün nöqtəsi

1300-cü günəş ili (1921/1922) belə bir düyün nöqtəsidir. Məhz bu dövrdə ictimai məzmunlu romanlar, Nima Yuşicin “Əfsanə” və Məhəmməd Əli Camalzadənin “Biri vardı, biri yoxdu” kimi əsərləri meydana çıxır. Eyni zamanda da digər (qeyri fars) millətlərin dilləri və ya Berahaninin təbirincə desək, onların “ümidləri” sürgün edilir. “Ava-ye təb’id”in bu sayında Araz çayının hər iki sahilindəki bu sürgünlər barədə yazılara rast gəlmək olar.

Fars dilində bir neçə romanı nəşr olunmuş və indi öz ana dilinə qayıdan yazıçı Ruqiyyə Kəbiri Atiyə Taheri ilə müsahibəsində deyir: “Qeyri bir dildən öz doğma dilinə keçmək özünə qayıtmaq kimidir. Amma bu iş asanlıqla baş vermir. O qəriblikdən uzaqlaşmaq, yad bir dilin illərlə şüuraltıma, ruhuma yumşaq bir şəkildə sırıdığı inamsızlığı buraxmaq asan iş deyildi. Mən hələ də ruhumdakı yad dilin təsirindən yaxamı qurtarmaq üçün mübarizə aparıram. Mən hamının türkcə/azərbaycanca danışdığı bir evdə böyümüşəm. Anam Pişəvərinin bir illik hakimiyyəti dövründə türkcə/azərbaycanca təhsil alıb, türk və fars dillərini mükəmməl bilir. Atam da dini şeirlərinin çoxunu türkcə yazıb. Mən də Möcüz Şəbüstərinin şeirlərini, Hafizin türkcəyə/azərbaycancaya tərcümələrini, ustad Şəhriyarın türkcə/azərbaycanca şeirlərini az-çox oxuya bilirdim. Amma bütün bunlar mənim ana dilimdə yazı səlisliyim demək deyildi. Türkcə/azərbaycanca yazmağa başlayanda beynimdə daim bir mübahisə baş verirdi. Bir tərəfdən ana dilimdəki hər sözün mənası məni valeh edir, digər tərəfdən də ana dilimin qrammatikasını, quruluşunu bilmədiyim üçün qəribə bir hiss keçirirdim. Sanki doğulub böyüdüyün şəhəri sevirsən, amma o şəhər haqqında heç bir məlumatın yoxdur”.

Mühacirətdə olan yazıçılar bu hisslə yaxşı tanışdırlar. Belə ki, onlar yaşadıqları ölkənin dilində yazmaq məcburiyyətində deyillər. Onların başlanğıcda bu sahədə təcrübələri olsa da, Ruqiyyə Kəbirinin təcrübəsindən fərqli deyildi: “Cümlələrimin quruluşunun farsca cümlələrdəki kimi dolğun olduğunun fərqinə varmadan yazırdım. Mənim türkcə/azərbaycanca söz ehtiyatım çox məhdud idi. Qısa bir hekayəni yazmaq üçün doktor Behzadinin farsca-türkcə/azərbaycanca lüğətini dönə-dönə vərəqləyirdim, orada beynimdə fars dilində dolaşan sözlərin türkcə/azərbaycanca qarşılığını axtarırdım. Ömrümün uzun illərini ana dilimdə danışsam da, həmin dildə cümlənin qrammatikasını və quruluşunu bilməməyim məndə çox təəssüf doğurdu”.

Siyasi nəzəriyyəçi, filosof  və Holokostdan sağ çıxmış Hanna Arendt bir müsahibəsində deyirdi: “İnsanlar ana dilini unuda bilər və insanın ana dilində malik olduğu yaradıcılıq, məhsuldarlıq onu unutmaqla itir”.

Arazın hər iki tərəfində köçkünlük

Şiva Fərəhmənd Rad “Azərbaycan türkcəsində təhsil tarixinin xülasəsi”ndə ana dilindən ayrılmaq məsələsinə diqqəti çəkir və “Tarixin cövhəri”nin düyün nöqtəsi olan miladi 1921-ci ilə gəlir:” Çox da geriyə getməyək. İranın şimalının bir hissəsinin rus ordusu tərəfindən işğalına, Gülüstan (1813) və Türkmənçay müqavilələrinin bağlanmasına (1828), Araz çayı qədər böyük bir ayrılıq yarasına baxmayaraq, Arazın hər iki tərəfindəki xalqın dil öyrənməsi az-çox öz yolu ilə gedirdi. Bununla belə, hər iki sahildəki insanlar arasında gediş-gəliş, mədəni əlaqələr yüz ilə yaxın davam etdi. Əksəriyyəti Qafqazda oxuyub-yazmağı öyrənmiş və ya daha yüksək səviyyədə savad almış fəhlələr, sənətkarlar, tacirlər, ziyalılar, mütəfəkkirlər, inqilabçılar, İran oyanışı tarixinin qabaqcılları və müasir təhsili İrana gətirənlər; Məşrutə inqilabının, Cəngəlilər hərəkatının döyüşçüləri və İran Kommunist Partiyasının mübarizləri yüz ilə yaxın bir müddət ərzində Arazın iki sahili arasında gediş-gəliş etməklə çalışırdılar ki, ayrılıq yarasını sağaltsınlar. Arazın iki sahili arasında mədəni əlaqə, təbii ki, o biri tərəfdə sovet, digər tərəfdə isə Pəhləvi hakimiyyəti olmaqla bütün məhdudiyyətləri ilə bu günə qədər müxtəlif formalarda davam etmişdir. Odur ki, İranda Azərbaycan türkcəsi tədrisinin təkamülü Qafqazdakı təkamüldən tam ayrı bir şəkildə davam etdirilə bilməz”.

“Ava-ye təb’id”in bu sayında Munirə Əkbərpuranın “Bu günkü İranda aşıq ifaçılığının vəziyyəti və bir sosial institutun çöküşü” adlı yazısı digər məqalələrdən  daha çox yaddaqalandır. Digər məqalələr türkcə/azərbaycancadır ki, bu da təbii ki, farsdilli oxucu üçün anlaşılmazdır.

Adıgedən dərginin bu sayında Azərbaycan, Türkmən, Xorasan, Xələc, Qaşqay, Həmədan, eləcə də İranın mərkəzi vilayətində yaşayan türkdilli xalqların şairlərinin şeirləri dərc edilmişdir ki, bu da türk dilinin İran yaylasında geniş yayılmasından xəbər verir.

Məlumatı hazırladı:

Səməd Bayramzadə

“Ava-ye təb’id” dərgisini necə əldə etmək olar?

“Ava-ye təb’id” dərgisini oxumağa həvəs göstərənlər onu “Amazon” (آمازون) saytı vasitəsilə əldə edə bilərlər. “Amazon” saytına daxil olduqdan sonra aşağıdakı ünvanı axtarın:

https://www.advocacyassembly.org/en/courses/55/#/chapter/1/lesson/1

Şərhlər bağlıdır.