UKRAYNA BÖHRANI VƏ RUSİYA TƏBİİ QAZININ GEOSİYASİ ROLU
Fərid Səfəri,
Oksford Enerji Tədqiqatları Mərkəzinin tədqiqatçısı
Avropaya təbii qaz tədarükündə monopoliyaya malik olan Rusiya bundan həm alver gücünü artırmaq, həm də geosiyasi məqsədlər üçün – NATO-ya üzv dövlətlərə təzyiq göstərmək üçün istifadə edə bilər. Ehtimal olunur ki, Ukraynada gərginlik artdıqca, dünya bazarında enerji qiymətlərinin kəskin artması ilə yanaşı, bəzi Avropa ölkələrinin enerji resurslarına çıxışı məhdudlaşdırılacaq.
Rusiyanın Ukraynaya müdaxiləsi özünün qaz təminatının təqribən 40 faizini Rusiyadan alan Avropa İttifaqı ölkələrini bu riski kompensasiya etmək üzündən narahat edib. Avropa ölkələri Rusiyadan aldıqları qaz ehtiyatlarını başqa bir vasitə ilə təmin edə biləcək aşağı riskli həll yolu axtarırlar.
Rusiyanın Ukraynaya təcavüzü ilə dünya bazarlarında Brent markalı neftin qiyməti yüz beş dollara qalxdı. Bu yüksəliş tendensiyası Rusiyanın enerji sektoruna qarşı sanksiyaların olmaması və Rusiya banklarının Swift sisteminə qoşulmasının davam etməsi səbəbindən dayandırılıb. Rusiyanın Milli Qaz Şirkətinin Avropaya təbii qaz nəqlinin davam edəcəyini açıqlaması ilə Brent markalı neftin qiyməti yenidən 100 dollardan aşağı düşüb. Hadisələrin mürəkkəbliyini nəzərə alsaq, bu tendensiyanın necə davam edəcəyi hələ aydın deyil.
Qazın Avropa üçün əhəmiyyəti.
Təbii qaz elektrik enerjisi istehsalı prosesində kömür və neft kimi digər yanacaqlara nisbətən ətraf mühiti daha az çirkləndirən enerji və kimyəvi məhsulların ən mühüm mənbələrindən biridir. Həmçinin, təbii qazın enerjiyə çevrilməsi və emalı üsulları tam təsbit edilmiş və iqtisadi cəhətdən də sərfəlidir. Bu xüsusiyyətlər təbii qazı keçid dövrünü yaşayan ölkələrdə xüsusi dəyərə çevirmişdir.
Avropa ölkələri 21-ci əsrin əvvəllərindən artan iqlim dəyişikliyinin ortaya çıxması ilə enerjini əvəzetmə prosesinə başlamışlar və yenilənə biləcək mənbələri yanacaq kimi istifadə oluna biləcək karbohidrogen və ya karbonlu süxur mənbələri ilə əvəz edirlər. Xüsusilə Paris Sazişindən və keçən il Qlazqo İqlim Dəyişikliyi Sammitindən sonra dünya ölkələri öz enerji infrastrukturunu dəyişməyə, təmiz və bərpa oluna biləcək enerji mənbələrini qalıq yanacaqla, xüsusilə kömürlə əvəz etməyə getdikcə daha çox öhdələndilər.
Lakin enerji istehsalı infrastrukturunun tamamilə dəyişdirilməsi prosesi onilliklər tələb etdiyi üçün bu müddət ərzində təbii qaz atmosferi kömürdən daha az çirkləndirdiyindən keçid prosesində ən yaxşı yanacaq hesab edilir, digər tərəfdən isə yenilənə biləcək enerji infrastrukturu tamamlanacaq və iqtisadi cəhətdən daha sərfəli elektrik enerjisi istehsal ediləcəkdir. Məsələn, Almaniya bağlanan atom elektrik stansiyalarını, Polşa isə kömürü təbii qazla əvəzləyəcək.
Rusiyanın üstünlüyü
Rusiya təbii qaz ehtiyatlarına görə dünyada birinci yerdədir və Avropanın təbii qaza olan tələbatının təxminən 40%-ni təmin edir. Bu da Avropanı tarixən Rusiyanın enerji mənbələrindən asılı vəziyyətə salıb.
Yaxın onillikdə, əksər Avropa ölkələrinin enerjiyə keçid prosesində olduğu bir vaxtda bu ehtiyac daha artıq hiss olunacaq və bu da Rusiya ilə Ukrayna arasındakı gərginliyi bu baxımdan əhəmiyyətli edəcək.
Son iki onillikdə Rusiya Avropaya qaz nəqli marşrutlarını Şərqi Avropa, Qara dəniz hövzəsi və Qafqazdakı geosiyasi və geostrateji məqsədlərinə uyğun şəkildə inkişaf etdirməyə çalışıb. Buna görə də Rusiya Baltik dənizində ölkə ərazisindən keçmədən birbaşa Almaniyaya daşınacaq “Şimal axını bir və iki” adlı iki boru kəmərini, həmçinin Qara dəniz və Türkiyədən keçən “Mavi Axın” və “Türk axını” xətlərini çəkərək Ukraynanın geosiyasi dəyərinin azalması ilə yanaşı, Şərqi Avropa ölkələrindən enerji nəqlini də böyük ölçüdə lüzumsuz edib və bununla da münaqişə və geosiyasi təsir üçün şərait yaradıb.
Bununla belə, təkcə əlli beş milyard kubmetrlik “Şimal axını 2” boru kəməri Rusiya qazının Avropaya tədarükünün təxminən üçdə birini təmin edə bilər. Bu xətt 21-ci əsrin ikinci onilliyinin əvvəllərində Almaniyanın atom elektrik stansiyalarının tədricən bağlanması ilə eyni vaxtda layihələndirilib və hazırda istismara hazırdır. Amerika Birləşmiş Ştatları həm Tramp, həm də Bayden administrasiyasında çox ciddi bir şəkildə həmin layihəyə qarşı çıxış edib. Belə ki, o, həmin layihəni Rusiyanın Avropanı geosiyasi mühasirəyə alması və qitənin Rusiyadan asılılığını artırmaq kimi görür.
Almaniya isə enerji keçidi prosesinin ortasındadır və atom elektrik stansiyalarının əksəriyyətini Gerhard Şröderin mərkəz sol hökuməti dövründən bəri tikib və onlar 2012-ci ildən bağlanıb. Hazırda Almaniya bir tərəfdən Rusiyadan ucuz enerji tədarük etmək istəyir, digər tərəfdən də bu kəməri işlətmək üçün ABŞ-ın təzyiqi altındadır.
Avropaya təbii qaz tədarükündə monopoliyaya malik olan Rusiya bundan həm alver gücünü artırmaq, həm də geosiyasi məqsədlər üçün NATO-ya üzv dövlətlərə təzyiq göstərmək üçün istifadə edə bilər. Ehtimal olunur ki, Ukraynada gərginlik artdıqca, dünya bazarında enerji qiymətlərinin kəskin artması ilə yanaşı bəzi Avropa ölkələrinin enerji resurslarına çıxışı məhdudlaşdırılacaq.
Ən çox zərər çəkən ölkələr sırasında Slovakiya, İtaliya, Yunanıstan və Macarıstan kimi cənub və cənub-şərqi Avropa ölkələri olacaqdır. Amma İtaliya və Yunanıstanın açıq sulara çıxışı daha yaxşı olduğundan qazı dəniz yolu ilə təmin edə bilmək imkanlarına malikdirlər. Açıq sulara çıxışın olmaması və Ukrayna ərazisindən keçən boru kəmərlərindən asılılıq səbəbindən bu vəziyyət Avstriya, Slovakiya və Macarıstan kimi ölkələr üçün daha kritik olacaqdır.
Rusiya qazını əvəz edə biləcək mənbə
Avropanın Rusiya təbii qazından asılılığı elə bir səviyyədədir ki, qısa müddət ərzində ona alternativ tapmaq mümkün deyil.
Son aylarda Avropa İttifaqı və ABŞ Rusiya təbii qazını əvəz etmək məqsədilə əsas təbii qaz və LNG (mayeləşdirilmiş təbii qaz) ixracatçılarını cəlb etməyə çalışırdılar. Amma məsələn, dünyanın ikinci ən böyük LNG (mayeləşdirilmiş təbii qaz) ixracatçısı olan Qətər bununla razılaşmadı və səbəb kimi də bu ölkənin ticarət tərəfdaşları ilə əvvəlki müqavilələrini və qısa müddətdə bu müqavilələrə xitam verilməsinin mümkünsüzlüyünü göstərdi.
Əgər Avropa Rusiya təbii qazından asılılığını azaltmaq istəyirsə, o zaman Avropanı alternativ enerji mənbələri ilə təmin edəcək orta və uzunmüddətli strategiyaya malik olmalıdır. Bu baxımdan, LNG qəbulu üçün terminalları daha da inkişaf etdirməli, Qətər, ABŞ və Avstraliya kimi ölkələrdən daha çox LNG idxal etmək üçün infrastrukturunu artırmalı, Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində alternativ resurslardan istifadə üçün geosiyasi maneələri aradan qaldırmağa çalışmalıdır.
Bu ölkələr sırasında təbii qaz ixracatçıları olan və gələcəkdə Avropanın qaza olan tələbatının bir hissəsinin təmin edilməsində rol oynaya biləcək Misir, Liviya və Əlcəzair də var. Türkmənistan və Azərbaycan kimi Xəzəryanı ölkələr də Türkiyədən keçən boru kəmərləri vasitəsilə bunu edə biləcəklər.
İran hansı rolu oynaya bilər?
Dünyanın ikinci ən böyük təbii qazına sahib bir ölkə kimi İranın hazırda təbii qaz və LNG-nin əsas ixracatçıları arasında yeri yoxdur. Belə ki, beynəlxalq sanksiyalar və bununla bağlı xarici şirkətlərin bu ölkəyə sərmayə qoymaq imkanlarının olmaması İranın təbii qaz hasilatı imkanlarını onun ehtiyatları ilə qeyri-mütənasib etmişdir.
Bununla belə, ümid etmək olar ki, beynəlxalq sanksiyalar aradan qaldırılarsa, aparıcı xarici şirkətlərin iştirakı ilə inkişaf planları hazırlanarsa və daxili imkanlardan optimal istifadə edilərsə, İran sonda təbii qazın əsas ixracatçısına çevrilə və Rusiyanın Avropa qazında inhisarını müəyyən həddə kimi qıra bilər.
Həmçinin, açıq sulara çıxışı nəzərə alınmaqla, İranın LNG istehsalı və ixracı perspektivi də ola bilər. Amma razılaşma əldə edilərsə və sanksiyalar aradan qaldırılarsa, İran neft ixracını qısa zaman kəsiyində gündəlik olaraq 2,5 milyon barrelə çatdırmaqla tədarükünü artıra və müəyyən dərəcədə qiymətlərə nəzarət edə bilər və bu da Qərbin Rusiyaya daha çox təzyiq göstərmək üçün əl-qolunu aça bilər.
Rusiya da Çinə qaz satmağa və beləliklə də avropalı müştərilərini əvəz etmək üçün sərmayə qoymuşdur. 2019-cu ildə Sibir Boru Kəməri (Power of Siberia/Sibirin gücü) qazı Rusiyadan birbaşa Çinə nəql etməyə başladı. Rusiya qazın Çinə nəqli üçün daha bir boru xətti çəkəcəyini açıqlayıb.
Yaxın iki onillikdə dünya karbohidrogen yanacaqlarından əvəz oluna biləcək enerjiyə keçdiyi bir vaxtda Rusiya onun üçün bağlanmaqda olan pəncərədən maksimum istifadə etməyə, enerji və təbii qaz ixracatındakı inhisarçılıq mövqeyindən və geosiyasi gücündən istifadə etməklə təzyiq göstərməyə, öz strateji dərinliyini artırmağa və öz hegemonluğunu NATO-ya üzv olan qonşu dövlətlərə qəbul etdirməyə çalışacaq.
28 fevral 2022
Mənbə: https://www.radiozamaneh.com/705942/
Fars dilindən çevirəni: Səməd Bayramzadə
Şərhlər bağlıdır.