DURNA QATARI

Yenə bahar gəlib, ana torpaqda,
Gül sərgisi açıb rəssam təbiət.
Çayda, şəlalədə, göldə, bulaqda
Həm qüdsiyyət dinir, həm də şeiriyyət.
Göy dönüb səngimiş dərin ocağa,
Ulduzlar işarır narın közlər tək.
Yox! Yox! Parçalanmış ana torpağa
Baxır intizarla dolu gözlər tək.Arazın üstündı haray qoparan,
Sanma dalğaların şaqqıltısıdır.
Sahildən – sahilə salam aparan,
Durna qatarının qaqqıltısıdır.Bir yurd bölünəndən durnaların da
Yurdu bu dünyada iki olubdur.
Yorğun gözlərinin aynalarında
Həsrət ünsiyyətin yükü olubdur.

Bu əlvan niyyətli zəmanəmizdə
Nə qədər diləklə dolsa da ürək,
Bu səsdən sürətli zəmanəmizdə
Qanadsız bir quşdur imansız dilək.

Sanki Arazın da ağ dalğaları
Durna qatarıdır bu gecə yarı,
Hər iki sahilin dağ dalğaları
İnamla uçuşur vüsala sarı…

ƏLİ TUDƏ

Şərhlər bağlıdır.