SUMQAYIT ŞƏHİDLƏR XİYABANINDA UNUDULMAZ TƏDBİR
“QƏLƏBƏ ŞƏHİDLƏRI”EVDƏ VƏ AD GÜNÜNDƏ DƏ TƏQDİM EDİLDİ
Xalqımız Vətən yolunda canını fəda edənlərin xatirələri əziz tutur, onlrla bağlı yadigarları qoruyub saxlayır. Biz bunun əyni nümunələrini Sumqayıt Şəhidlər xiyabanında bir daha əyani gördük.
Kimyaçılar şəhərinə qədəm qoyan “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi əbədiyyətə qovuşan döyüşçü və zabitlərimizin şərəfinə salınmış bu ünvana özləri ilə “Qələbə Şəhidləri” kitablarını da gətirmişdilər. Kitabın əl-əl gəzməsi, 70-ə yaxın şəhid valideyninin, onların ailə üzvlərinin keçirdikləri hiss, həyəcan və duyğuları onların simasından oxumaq çətin deyildi. Həmin gün havanın sərt küləkli olması bura toplaşanlar üçün heç də maneə deyildi. Bu onu göstərirdi ki, həmin insanlar üçün şəhid xatirəsi hər şeydən əzizdir. 44 günlük müharibədə erməni faşizmini diz çökdürənlər Möhtəşəm Ordumuzun Zəfərli Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixə yeni səhifələr yazmışdılar.
Təqdimatda “Aran”ın sədri İbrahim Hüseynov və kitabın bütün dörd cildinin redaktoru, Zərdabi Mətbuat Mərkəzinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə bu nəşrlərin yaranma tarixindən çox müfəssəl danışdılar. Şəhid məzarları önündə təqdimat zamanı dəfələrlə vurğuladılar ki, “Qələbə Şəhidləri” dövlət tərəfindən maliyyə vəsaiti alanadək üç cildi bu birliyin vəsaiti hesabına nəşr edilib. Kitabın materialları İbrahim Hüseynov tərəfindən toplanılıb və nəşrə hazırlanıb. Bu işdə demək olar yüzlərlə isan mənəvi köməyini əsirgəməyib.
Dördüncü cildin isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilməsi inam yaradır ki, bu dəstək gələcəkdə də göstəriləcəkdir. Qeyd olunub ki, layihə icraçıları respublikanın bir çox bölgələrinə baş çəkmiş, evlərdə, ailələrdə birgə təəssüratlarını bölüşdürmüşlər. İndiyədək yaşanan belə hisslər sevinc və təskinlik əlaməti kimi qəlbləri ovundurur.
Sumqayıtda bütün şəhid məzarlarının eyni ölçüdə, səliqəli yazılar və baş daşları ilə götürülməsi belə təəssürat yaradırdı ki, bu insanların hər birinin xatirəsi hamı üçün əzizdir. Bunu onlar deməsələr də, üzlərindən oxumaq asan idi. Şəhid İlham Tahir oğlu Rəşidovun həyat yoldaşı Səlminazın, 4 medala layiq görülən Hüseyn Yusifovun ömür-gün yadigarı Nurlana xanımın ürək sözlərini həyacansız dinləmək olmurdu. ATV kanalının səs rejissoru olarkən könüllü cəbhəyə yollanmış “Son iclas” və bir çox lent yazılarının müəllifi Elnur Əli oğlu Allahverdizadənin valideyninin xatirələrini böyük maraq hissi ilə dinlədik.
İmkandan istifadə edib yaxın tanışımız Salyan royonunun Marışlı kəndinə anadan olmuş, Vətən müharibəsi qəhrəmanı Sübhan Cəbrayılovun məzarı üstünə tər-çiçək dəstələri qoyduq. O, Sumqayıtda and yerlərimizdəndir.
Həmin gün Şəhidlər Xiyabanını ziyarətə gəlmiş Sumqayıt Mərkəzi Kitabxanasının işçiləri Leyla Mahmudovanın başçılığı altında dörd cildi götürərək gənc nəslin təlim-tərbiyəsində yaxından istifadə edəcəklərini bildirdilər.
Sonda Şəhidlər Xiyabanında hamılıqla şəkil çəkdirərək söz verdiyimizə rəğmən şəhərdə iki ünvanda olduq. Artilleriya hissəsində növbədən kənar kapitan, mayor rütbələrinə layiq görülmüş, Heydər Əliyev adına Ali Hərbi Məktəbinin məzunu olmuş, aprel döyüşlərində də fərqlənmiş Ramilin həyat hekayəsini yoldaşı Sevil Ağayevanın dilindən dinləmək iftixar hissi oyadırdı. Kitab bu ailə üçün də ev muzeyinə verilən dəyərli yadigar olaraq qalacaqdır.
Səbuhi Həsənquliyevin aprelin 11-də həmyerliləri mərasim zalına onun ad gününü qeyd etməyə toplaşmışdılar. Şəhid ailələrinin üzvləri də burada idilər. Bəli bu unudulmaz görüşlər və səhnələrlə yadda qalan yaşantı idi.
Pərvin Huşiməndi
Şərhlər bağlıdır.