Qələbə Günümüz, Zəfər Paradımız mübarək xalqım, Ali Baş Komandanım!
Ölkəmizdə baş verən son hadisələr baradə söhbətləşmək üçün ADF MK-nın sədri R.Hüseynzadə ilə görüşdük.
– Rəhim müəllim xoş gördük. Havalar soyuq, yol uzun, siz də risk qrupunun üzvlərindənsiniz. Buna baxmayaraq, redaksiyamıza Azərbaycan Demokrat Firqəsinin sədri kimi müsahibə verməyə razılıq verdiniz. Gəlin bu günün əsas mövzularından başlayaq.
– Öncə həssas münasibətinizə “sağol”la qarşılıq vermək istərdim. Əlbəttə, günümüzün baş mövzusu olan Zəfərdən, onun aspektlərindən başlamaq istərdim. Koronavirusa gələndə isə sadəcə qorxu, hürkünü bir kənara atıb məsuliyyətli olmalıyıq ki, bəşəriyyətin düşməni müdaxilə dairəsini, total hücumlarını genişləndirə bilməsin.
Koronavirus tibbi termin olaraq bir ildən çoxdur işlədilir. Daxilindəki faşizm xisləti qurbanlarının yaşına fərq qoymur. Şükürlər olsun cəmiyyətdə bu cəbhədə də dövlət səviyyəsində görülən kompleks tədbirlərin tezliklə nəticə vericəyinə dərin inam mövcuddur. Azərbaycanlılar Vətənini sevir, onun bütün sahələrdə uğurlarına qürur hissi keçirirlər. Sabah Azadlıq Meydanında Zəfər Paradını izləyəcək həmyaşıdlarımı saymaqla qurtarmaq olacaqmı?
Mən möhtəşəm tədbiri ona görə izləyəcəyəm ki, meydanda qürurla addımlayacaq qalib ordunun sıralarında 75 il əvvəl Təbrizdə Azərbaycan Demokrat Firqəsini yaradanların, “21 Azər” hərəkatının qələbəsinə imza atanların, fədailərin, milli ordu quranların da varislərini görəcəyəm. Onlar 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı az itki ilə cəmi 44 günə düşmən tapdağından azad edən Şanlı Ordumuzun igid, məharətli əsgər və zabitləridir, könüllülərdir.
Yenə şəhidlərimiz, xəsarət alanlarımız, sağlamlığından məhrum olanlarımız var. Qələbə təskinliyimiz, ruhların rahatlığıdır. İkinci Vətən Müharibəsində nəinki birinci Qarabağ savaşında itirilən torpaqlarımız geri qaytarılıb, həmçinin yerlə-yeksan edilən yaşayış məntəqələrində yenidən dövlət bayraqlarımız ucaldılıb, həmçinin onların əvvəlki abad görkəmlərinin bərpa ediləcəyinə, nəsillərin əbədi məskənləri olacağına əsaslı ümidlər yaranıb. Bizlər də azad Qarabağa qayıdacağıq, dövlət proqramlarının reallaşdırılmasına bilik, bacarıq və zəhmətimizi əsirgəməyəcəyik.
– Sizcə, birinci Qarabağ müharibəsində məğlub olduq, yoxsa bacarmadıq?
– Redaktorunuz Tapdıq müəllim də təsdiq edər ki, bacarmadıq, məğlub olduq, döyüş meydanından qaçdıq ifadələrini işlətmək ən azı şəhidlərimizin ruhuna hörmətsizlik olardı. Tapdıq müəllim də vəzifəsini buraxıb cəbhəyə üz tutub, Şuşa, Laçın istiqamətlərində döyüşüb. Bir neçə dəfə yaralanıb. Bədənində qəlpə gəzdirir.
Müharibə elmdir. Dərslərini başlamazdan mənimsəməlisən. Biz o vaxt müəllimlər, cəbbəxana, müasir silahlar sarıdan korluq çəkirdik, bunu nə qədər şücaətlər hesabına kompensasiya etməyə çalışsaq da, ərazilərimizi itirməkdə davam etdik. Nizam-intizamı olmayan könüllülərdən ibarət batalyonlar başlıca missiyanın öhdəsindən gələ bilmək iqtidarında deyildilər. Ona görə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandan kimi ilk islahatlarından biri həmin batalyonların buraxılması, əvəzində nizami ordu quruculuğuna başlanması oldu. Buna vaxt qazanmaq üçün manevr edildi – Bişkek sülh müqaviləsi bağlanıldı. Zaman bu addımların doğruluğuna, neft pullarının hara sərfi barədə ittihamların, dedi-qoduların əsassızlığına möhtəşəm silahlarımız erməni işğalçılarını baş götürüb Qarabağdan qaçmağa vadar edəndə aydınlıq gətirdi.
Məğlub olsaydıq, indi Qarabağda nə işimiz var idi? yaxud BMT-nin ermənilərin gözünə xəncər tək girən 4 bəyannaməsindəki “Qarabağ Azərbaycandir” fikirləri günümüzədək qüvvədə qalardımı?
– Bayaq erməni faşizmini koronavirusa bənzətdiniz…
– Bu çox yüngül müqayisədir. Bir çox ölkələrdə dərman adına nə isə arayıb tapmağa cəhd edlir, sınaqlar aparılır. Faşizmin kökünün müharibə yolu ilə kəsiləcəyinə ümid edənlər nisbətən haqlıdırlar. Bəşəriyyətdə imperiya, müstəmləkəçilik, başqa xalqlara ikrahla yuxarıdan baxmaq, virus kimi üzdəniraq ideologiyanı hələlik yaşadacaq. Hitler 1933-cü ildə almanlar kimi sivil bir xalqı ona yoluxdurdu. “Ari irq” nəzəriyyəsiylə dünyaya hakim olma iddiasına düşdü. Məhvə uğradı, xalqına xəcalət yaşatdı.
Ermənilər sayca almanlardan qat-qat az olsalar da, onun-bunun hesabına qurama bir dövlət qursalar da, bir əsrdən çox dənizdən-dənizə Ermənistan iddiası ilə yaşamaqdadırlar. Bu niyyətlə Türkiyədə, İranda, Azərbaycanda, Gürcüstanda soyqırımları törədiblər, Vermaxtın ölüm düşərgələrində sobalara od qoyublar. Yəqin xəbəriniz var ki, günahsız qurbanların sayı təkcə Güney Azərbaycanda 200 minə yaxındır. Arazın o tayında milli azadlıq hərəkatlarının hamısına gözdən pərdə asmaq üçün qoşulublar. Mübarizlərə divan tutulmasında hakimiyyətə can-başla xidmətlərini davam etdirməkdədirlər.
– Bilirsiz bu nədən irəli gəlir?
– İlk növbədə həsrəti ilə yaşadıqları həmin ərazilər soydaşlarımızın qədimdən məskunlaşdıqları torpaqlardır. Görün Səttarxanı, Şeyx Məhəmməd Xiyabani kimlərin əli ilə ortadan götürüblər, Seyid Cəfər Pişəvəri müəmmalı qəzaya məruz qalanda avtomobili hansı millətin nümayəndəsi idarə edib? Hamısında əsas icraçılar ermənilərdir.
– Sadaladıqlarınız o taylı-bu taylı milli tariximizin ibrət götürüləcək səhifələridir. Jurnalistikamızda, tarixşünaslığımızda bunların araşdırılmasına, tədqiqınə nə dərəcədə diqqət yetirilir?
– Suala ətraflı cavab almaq istəyənlərə tarix elmləri doktoru, İranda, Pakistanda, Moldovada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri işləmiş Eynulla Mədətlinin bu günlərdə Bakının “Türxan” nəşriyyatında çapdan çıxmış “İranda Azərbaycan tarixi məsələləri” kitabı ilə tanış olmağı məsləhət görərdim. Monoqrafiya müəllifi fars, rus, ingilis, Azərbaycan və digər dillərdə dərc olunmuş yüzlərlə elmi əsəri, məqaləni araşdıraraq bu rəyə gəlir: İranda XX əsrdə baş vermiş bütün hərəkatların içərisində “tarixşünasların” ən çox saxtalaşdırmalarına məruz qalan “21 Azər” və Milli Hökumətin fəaliyyətidir. Bizim alimlər də azərbaycançılığın daha aktiv mərhələyə qədəm qoyduğu indiki dövrdə boş dayanmamalı, saxtakarları tutarlı çıxışları ilə susdurmağa borcludurlar.
– 75 il əvvəl mütərəqqi bəşəriyyət alman faşizmi üzərində qələbə qazandı. Bu amil Güney Azərbaycanda Milli Hökumətin qururlması ilə nəticələnən “21 Azər” hərəkatının baş verməsinə təsirsiz ötüşmədi. Yubileylər ilində erməni faşizminə məğlubiyyətin acısı dadıldı. Sizcə bu kəsişmə təsadüfidir, yoxsa tarixin ibrət dərslərindən irəli gələn zərurət?
– Təsadüfi heç nə görmürəm. Faşizmin ağına da, qarasına da lənət. Rza şah faşizm ideologiyasının vassalı olmasaydı, almanların neft Bakısına yolunu açacaq dəhliz yaratma niyyətinə gizli dəstəyini verməsəydi müttəfiq qoşunları niyə dörd bir tərəfdən ölkəyə yeridilər, özü isə uzaq xarici adalardan birinə sürgün edilərdi. Xalq, vətənpərvər qüvvələr Pəhləvilər sülaləsinə satqınlığı bağışlamadı. Təbrizdə, Güney Azərbaycanın digər yaşayış məntəqələrində üsyanlar baş verdi. Ömrü düz bir il çəkən Milli Hökumət quruldu. Arazın o tayında bu gün də həsrəti ilə yaşanmaqdadır. İnşəllah nə vatsa yenə qələbəsinə qovuşarıq.
Alman faşizminin məğlubiyyəti Avropanın, Asiyanın, bir çox ölkələrində müstəmləkəçilik buxovları sındırıb bir kənara atdı. Erməni faşizminin diz çökdürülməsi isə Güney Azərbaycanda da yeni ruh yüksəkliyi yaradıb.
– Son aylar İran daxilində və xaricində yaşanan proseslərdən bunun əlamətləri nəzərə çarpmaqdadır.
– Doğru deyirsiniz, müxtəlif ölkələrdə mühacir həyatı keçirənlərə, həmçinin İran daxilindəki soydaşlarımıza Azərbaycan sevgisi təlqin etməyə ehtiyac yoxdur. Vətən məhəbbəti qanımızdadır. Azərbaycan Demokrat Firqəsinə və “21 Azər”ə rəğbət ona görə yaşamaqdadır ki, biz sözdə deyil, praktik fəaliyyətdə özümüzü təsdiqləmişik. “21 Azər” ideyalarının daşıyıcıları hər yerdə erməni faşizminə qarşı aksiyaların önündə getməkdə, “Qarabağ Azərbaycandır” motivli akiyalar təşkil etməkdə, şüarlar səsləndirməkdədirlər.
– Dekabrın 12-də “21 Azər”in 75 illik yubileyidir. Nə kimi planlarınız var?
– Azərbaycanda 17 ildir 12 dekabr Ulu Öndərin anım günü kimi qeyd edilir. Böyük şəxsiyyətin ruhuna ehtiram əlaməti olaraq firqəmiz, “21 Azər”lə bağlı tədbirlərini bir neçə gün əvvəl düzənləyir. Bu toplantılarda da onun xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Ehtiram ondan irəli gəlir ki, Azərbaycan Demokrat Firqəsi mühacirətdə varlığını məhz Heydər Əliyevin sayəsində qoruyub. Hamımız illər ərzində hərtərəfli qayğı ilə əhatə olunmuşuq, ənənə yenə davam etməkdədir. Biz bu məsələni nəinki müstəqil Azərbaycan Respublikasında, eləcə də digər dövlətlərdə müntəzəm təbliğ etməkdəyik.
“21 Azər”i dekabrın 11-də yenə qeyd edəcəyik. Amma koronavirusla mübarizənin diqtə etdiyi formatda
– Rəhim müəllim, gəlin əslən güneyli olan igidlərlə quzeyliləri də ətraflı tanış edək.
– Ata-babalarımız 1946-cı ilin dekabrında Azərbaycana və digər ölkələrə pənah gətirəndə heç kəs ayrılığın belə uzun çəkəcəyini güman etmirdi. Firqəçilər, fədailər, onların ailə üzvləri respublikanın 32 şəhər və rayonunda yerləşdirildi. İndi həmin yerlərdəki şəhid məzarlarında ən azı 2-3 əzizimiz uyuyur. ADF-nin Gəncə regional təşkilatının sədri, mərhum şair, jurnalist onların ailə üzvləri ilə görüşərək oçerklər qələmə almışdı. Kitab buraxmaq istəyirdi. “Səttarxan elinin mübariz şəhid övladları” adını vermişdi. Vəfatından sonra bu işi təşkilatımız gördü. Həmin igidlərin hansını misal çəkəsən?! Mingəçevirdən alim, zabit Noel Ahəngərinin, Tərtərdən pulemyotçular komandiri Famil Qulaminin, Nizami yurdundan hərbi xidmətə könüllü gedən Həsən İsrafilinin, Rizvan Qafarinin,
Salyanın ilk şəhidi, fədai Abbasqulu Abbərinin nəvəsi Sahilin… daha kimlərin. Hamısı haqq edir.
İkinci Qarabağ Müharibəsi iştirakçılarına, şəhidlərinə gələndə hər birinin mərd, kişi obrazları, portretləri yeni kitabımızda əbədiləşdiriləcək. Hələlik görüşlərdə, axtarışlardayıq. Qələbə Günümüz, Zəfər Paradımız mübarək xalqım, Ali Baş Komandanım!
Şahnaz Salehqızı
Şərhlər bağlıdır.