Esmira Fuad Səməd Behrəngi haqqında yazır:

Çağdaş Güney Azərbaycan uşaq ədəbiyyatının yaradıcısı

 

Ötən əsrin 90-cı illərindən üzü bəri Güney Azərbaycan ədəbiyyatının təbliği, tədqiqi müstəqil azərbaycanda dahageniş vüsət alıb. Bu işin sistemləşdirilməsində alim, vətəndaş xidməti olanlardan biri də AMEA-nın Nizami adına Ədəbiyyatı İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, professor Esmira Fuaddır. 

Onun imzası ilə işıq üzü görən 20 kitabın, 100-ə yaxın elmi məqalənin hər biri dünya azərbaycanlıları üçün  qiymətlidir. Lakin E.Fuadın 1032 səhifəlik “Günümüzün Güney Ədəbiyyatı Antologiyası” alternativi olmayan nümunələrdəndir. Alimin ödülləri sırasında diqqətimizi  Səməd Behrəngi  mükafatı da çəkdi. Xalqımızın mübariz oğlu, şəhid sənətkarı barədə qələmə alınan məqalə də bu seçimin məntiqi olduğunu göstərməkdədir. İstərdik artkaspi.az saytında gedən (10 iyul 2019) “çağdaş Günüy Azərbaycan uşaq ədəbiyyatının yaradıcısı” sərlövhəli yazı ilə ətraflı tanış olasınız.

 

“Yox ana, mən artıq bu gəzilərdən bezmişəm. Mən getmək istəyirəm. Yəqin fikirləşəcəksən ki, bu sözləri mənə kimsə öyrədib. Elə deyil, ana can, mən çoxdan bu fikirdəyəm. Ancaq başqalarından da çox şeylər öyrənmişəm. Məsələn, görmüşəm ki, bir çox balıqlar yaşlandıqdan sonra gileylənirlər ki, ömürlərini mənasız keçirmiş, çürümüşlər. Bilmək istəyirəm ki, doğrudanmı yaşayış elə darısqal bir mühitdə çabalayıb yaşlanmaqdır, yoxsa başqa tür (cür) də yaşamaq mümkündür?..

(Səməd Behrəngi. “Balaca qara balıq” hekayəsindən…)” 

 

Eynən bu nümunədə “Balaca qara balıq” hekayəsinin qəhrəmanının dediyi kimi, ömrünü başqa cür yaşamaq-mənalı keçirmək, Güney Azərbaycan kəndlilərinin canlı dili, sürgünə düşmüş ənənələrin oyaq vicdanı, “Heydərbabaya salam”ın sətirləri arasında dünyaya ayaq açıb, Savalana, Xalxala tərəf üz tutan gəzərgi bir öyrətmən (Cəlal Al Əhməd)” və qələm əhli olmaq, “düzü-düz, əyrini-əyri” yazaraq xalqı cəhalət yuxusundan oyatmaq, onu xoşbəxt görmək üçün dünyaya gəldi böyük Səməd Behrəngi… Yaşadığı mənalı ömür payı ilə Tanrının Güney xalqına-insanlığa bəxş etdiyi özəl bir naxış oldu…

Hicri 6 şəhriver 1318-ci il – 24 iyun 1939-cu ildə doğuldu dünyanın möcüzə şəhərləri sırasında öz yeri olan qədim Təbrizdə… Atası İzzət kişi sadə zəhmət adamı-evlərə, mehmanxanalara, çayxana və idarələrə tuluqda su daşıyan tuluqçu, anası Sara xanım isə evdar qadın idi. Lakin beş övladı-iki qızı, üç oğlu içərisində kiçik Səmədi daha çox əzizləyərək “Qarabala” çağıran İzzət kişi o, doğulandan bir gün öncə ərbabla dalaşdığına görə işdən çıxarılmışdı. Sahibkara boyun əymək istəməyən qürurlu ata yenə də ərbabla sözləşmiş, haqsızlığına dözə bilməmşdi… Anası Saranın ərini: “Filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan” günahına cavabında İzzət kişi: “Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə cəsusluq etməyi bacarmaram. Elə dalaşmağımız da buna görədir”, – demişdi… Səməd bu ər kişinin, mənliyini hər şeydən uca tutan nər atanın tərbiyəsi altında böyüyür, tökdüklərini yığa-yığa məktəb yaşına çatır…

İlk və orta təhsilini Təbriz şəhərindəki “Dəbristani-Tərbiyət və Daneşsərayi” kimi tanınan məşhur məktəbdə alır. Ailə çətinliklə dolandığından böyük qardaşı Əsəd kimi, Səməd də təhsilini ali məktəblərdə deyil, Təbriz Pedaqoji Kollecində davam etdirir. Tələbəlik çağlarında o, boş vaxtlarını səmərəsiz keçirmir, bir neçə yoldaşı ilə birlikdə “Xənde” (“Gülüş”) adlı həftəlik divar qəzeti buraxmağa nail olur. Ədəbi-tənqidi xarakterli, satirik ruhlu ilk yazıları da məhz tələbəlik illərinin, çılğın gənclik dövrünün məhsullarıdır. Uşaqlıq və yeniyetməlik çağların­dan ic­ti­mai-siyasi, mənəvi-ideoloji prosesləri yaxından izləyib dərindən müşahidə edən gələcək ədibin bu mövzulu qələm məhsulları sonralar dövrünün bir sıra tanınmış qəzet və jurnallarında “S.Qaranquş”, “Çingiz”, “Babək”, “Behrəng”, “S.Adam”, “Solma” və s. taxma ad-imzalarla çap etdirir. Elə həmin çağlardan da o, yalnız gerçəkləri, yaşadıqlarını və yaşamı boyunca gördüklərini ”düzü-düz, əyrini-əyri” yazmağa başlayır. Texnikumu bitirdikdə Azərşəhr-Tufarqan bölgəsi­nin gözdən uzaq, könüldən iraq, ucqar bir kənd məktəbinə – Mamağana (Goğan) müəllim işləməyə göndərilir. Hər bir sosial inkişafdan, yeniliklərdən geridə qalmış kəndi Səməd özünəməxsus şəkildə “Tanrının belə unutduğu yer” adlandırmışdı…

Üstəlik, “Tanrının belə unutduğu bu yer”lərdə siyasi qadağalar, sərt qaydalar, kəskin senzura şəraiti hökm sürürdü. Bu qadağalar, unudulan və unutdu­ru­lan yerlərin əzəli sakinlərinin ağrıları, problemləri, ədəbi-ideoloji münaqişələr, Güneydə kütləvi düşüncə fəallığına, milli təfəkkürün formalaşmasına nail olmağın yolları və s. Səmədin kiçikyaşlılar adına yazdığı, lakin əsasən böyüklərə ünvanla­nan bir sıra bədii əsərlərinin də mövzusuna çevrilir.

Mamağan kənd məktəbində dərs dediyi illərdə Səməd daim təhsilini davam etdirmək barədə düşünür, arzusunu gerçəkləşdirəcəyi anı gözləyir… Və həmin anın gəlişi uzun sürmür və 1956-cı ildə Təbriz universitetinin filologiya fakültəsinin İngilis dili və ədəbiyyatı bölümünə (qiyabi) daxil olur, 1961-ci ildə universiteti bitirir və ingilis dili və ədəbiyyatı üzrə filoloq, eyni zamanda ali dərəcəli müəllim ixtisasına yiyələnir…

Səməd Behrəngi bundan sonra bütün şüurlu ömrünü körpələrə, ölkənin gələcəyinin qurucuları olacaq uşaqlara həsr edir. Onların savadlanması və ədəbiyyatı öyrənərək əsl insan, elin dərdlərinə məlhəm ola biləcək bir vətəndaş kimi böyüməsi qayğısına qalır… Uşaqlara daim qorxmaz və bilikli-bilgin olmağı, haqqını tələb etməyi, haqsızlıq, ədalətsizlik qarşısında yenilməməyi tövsiyə edir… Əsərlərində də uşaqların yaşantılarını, Azərbaycanın, eləcə də İranda yaşayan digər xalqların dərd və problemlərini qələmə alır, körpə fidanlara anladırdı ki: ”Silləyə sillə ilə cavab vermək, öz haqqını son damlasına kimi almaq gərəkdir…”

”Ulduzla danışan gəlincik” hekayəsində isə o, kasıb, yoxsul təbəqənin tərəfində olduğunu, onları düşündüyünü Ulduzun dili ilə belə ifadə edir: ”Mənim nağılımı yoxsul, naz-nemətdən məhrum olan uşaqlar üçün yazın…”

Var-gücü ilə çalışır ki, soydaşları arasında mövcud olan kütləvi savadsızlığı aradan qaldırsın. Təsadüfi deyil ki, Məcid Təbrizivənd onun ədəbi-bədii yaradıcılığa savadsız kəndlilər üçün ərizə yazmaqla başladığını qeyd edib…

Səməd arıq, sısqa bir gənc olmasına baxmayaraq qeyri-adi güc, enerji ilə çiynində xüsusi maarifçilik missiyası daşıyırdı. Soydaşlarının cəhalət yuxusun­dan oyanması, heç deyilsə, öz ərizəsini yaza bilməsi səviyyəsində də olsa, savadlan­ması üçün hər ay aylıq maaşının çoxunu müxtəlif kitablar almağa xərcləyir, çiynində kitab dolu heybə kəndbəkənd, evbəev gəzərək paylayır, məktəbyaşlı uşaqları isə hədiyyə etdiyi kitablarla daha çox sevindirirdi… O, şagirdləri ilə bir dost-arxadaş kimi davranır, hər işdə onlarla birgə hərəkət edərək yanlarında olur, kiçik soydaşlarını həqiqəti, doğru yolu seçməyə yönləndirirdi. O, sanki öyrətmək, xalqın balalarına, yeniyetmə və gənclərinə düzgün yol göstərmək, onları sevmək üçün doğulmuşdu… Böyük pedaqo­qun xarakterindəki bu əvəzsiz cəhəti yazar dostu Qulamhüseyn Saidi də təsdiqləyirdi: Səməd ”boş vaxtlarında saatlarla kitab mağazalarının qarşısını kəsdirər, kitab seçmə­yə gələn yeniyetmələrə bilgilər verərdi. Dərs dediyi məktəbdə tələbələrlə əl-ələ verib gözəl bir kitab evi düzəltmişdi…”

Böyük şair Məftun Əmini yazırdı ki, o, uşaqlara atadan və anadan daha mehriban idi. Hətta uşaqlar heç bir şeydə ondan çəkinmirdilər… Yəni, Səməd onların sirdaşı, dərddaşı, fikir ortağı olmağı da bacarmışdı…

Bu, danılmaz bir gerçəkdir ki, Səməd Behrəngi “yaşayışında da, dərs otağında da, yazı masasının arxasında da, öz ədəbi dünyasında da, hər şeydən öncə öyrətmən idi (Abdulla Əmir Haşimi Cavanşir)”. Çiynində öz aylıq maaşı ilə aldığı və uşaqlara-şagirdlərinə paylayacağı müxtəlif kitablar, bədii əsərlər, nağıl və dastanlar dolu heybəsi, gözlərində sabaha dibsiz sevgi, üzündə isə çox vaxt gülüş olan bu eynəkli, fədakar müəllim hər bir soydaşının sevimlisi, yaxın dostu idi…

O, yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər çox sevirdi… Ana dilində təhsil almaq imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması məsələsi Səməd Behrəngini ən çox düşündürən problemlərdən biri idi. Öz dövründə bu problemin çıxış yollarından biri kimi Ana dilində dərsliklərin yazılıb çap edilməsində, ana dilində mədrəsələrin açılmasında görürdü. Səməd Behrəngi Mir Mehdi Etimad, Mirzə Həsən Rüşdiyyə, Həbib Sahir kimi öndərlərin müqəddəs işini davam etdirməyə qalxışdı, uşaqların anlaya biləcəyi sadə türkcədə “Əlifba” kitabı yazdı, lakin İranın rəsmi qurumları bu dərsliyin çapına icazə vermədi və İslam-i İrşad idarəsi tərəfindən geri qaytarıldı… Bu etirazın əsas səbəbi isə Azərbaycan türklərinin Ana dilində təhsil almasının qarşısına çəkilən keçilməz sədd idi. Bu addımı Səmədin böyük qardaşı Əsəd Behrəngi vaxtilə siyasi akt kimi qiymətləndirmişdi. Çünki qardaşının ona ünvanladığı: “Мən imzаmı хаlqın zehninə cəfəngiyat verən bir çox müəlliflər kimi kitabın üstünə yaza bilmərəm. Мən ömrümdə bircə dəfə də olsun “Ş” hərfini uşaqlara “Şah” sözü ilə öyrətməmişəm. “Şahbanu” və “Vəliəhd” sözlərinin üstündən atılıb keçmişəm. Мən kitabımın birinci səhifəsini onlara necə həsr edə bilərəm? Qoy evimizin damı uçsun. Мən “Ş” hərfini “Şah”, “Şahbanu” sözləri ilə, “ə” hərfini “Vəliəhd” kəlməsi ilə öyrədə bilmərəm. Bəli, qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi bu kitabın yolundamı qoyum? Bəs onda şagirdlərimə, uşaqlara nə cavab verə bilərəm? “24 sааt yuxuda və ayıqlıqda” hekayəmi məşğuliyyət üçün yazmamışam. Оna görə yazmışam ki, sən dünyanın hər yerində yaşayan öz balaca qardaşlarını yaxşı tanıyasan. Оnların dərdlərinin çarəsi haqqında düşünəsən…” – sözlərində, təbii, həmin qadağanın sirri və hansı mətləbin gizləndiyi aydın olur…

Əlbəttə, ədibin araya-ərsəyə ”Bayatılar”, “Uşaq ədəbiyyatının önəmi”, “İranın təbiəti məsainində araşdırma”, ”Para-paralar”, “Azərbaycan əfsanələri”, “Azərbaycan uşaqları üçün farsi əlifba”, “Tapmacalar, qoşmacalar”, “Azərbaycan və məşrutə”, “Folklor və şeir”, “Məqalələr toplusu” kimi kitabları sırasında bu günədək çap olunmamış həmin ”Əlifba” kitabı da vardır. “Milli mədəniyyətinin oyaq vicdanı”, Güney Azərbaycan “kəndlilərinin canlı dili” olmağı bacaran Səməd Behrəngi ingilis və fars dilində olan bəzi ədəbiyyat nümunələrini türkcəyə çevirməklə də uğraşır. Eyni zamanda Mehdi Əxəvan Salis, Əhməd Şamlu, Nima Yuşic, Foruğ Foruxzad və başqa şairlərin şeirlərindən seçmələri Azərbaycan türkcəsinin Təbriz şivəsinə çevirərək soydaşlarına örnək gətirir. Milli təfəkkürün, milli yaddaş kodlarının folklor qaynaqlarında qorunub saxlandığını yaxşı bilən Səməd Behrəngi qutsal bir yol da tutmuşdu – kənd-kənd, oba-oba dolaşaraq xalq ədə­biy­yatı nümunələrini toplayır, bu qiymətli incilərin yazıya alınaraq qorunması qayğısına qalırdı. Ancaq bu iş, “toplayıcılıq fəaliyyəti ədib üçün heç də asan olmayıb. Pəhləvi rejiminin yaratdığı təhlükələr, söyləyicilərin daha çox qadınlar olması, bu baxımdan onlarla söhbətlərin aparılmaması və s. (M.Abbasova. Xalq Cəbhəsi.- 2015.- 4 mart.- S.14)” toplama işində millət və yurd sevdalısına xüsusi çətinliklər yaradırdı. Sonralar şagirdlərindən biri – İ.D.Mamağani müəlliminin bu fədakarlı­ğı­­nı be­lə xatırlayır: “Səməd Behrəngi tətil günlərində bizə gələr, hər gecə yemək­dən sonra anamın nağıl söyləməsini səbrsizliklə gözləyərdi. Lakin anam bu nağılları mənə danışar, Səməd müəllim isə şagirdini təkrar dinləməklə onları yazıya alardı”.

Azərbaycan nağıllarını toplayaraq fars dilinə çevirir və yaxın dostu, məsləkdaşı Behruz Dehqanı ilə birlikdə çap etdirib Azərbaycan şifahi xalq ədəbiyyatı xəzinəsinin qapılarını farsdilli oxucuların üzünə açır. Səməd Behrəngi kamil pedaqoq olmaqla yanaşı, həm də orijinal dəst-xəttə malik istedadlı öykü yazarı, XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli adlarından biri idi. Güney Azərbaycanda çağdaş dövr uşaq ədəbiyyatının yaranması və inkişaf etməsi məhz onun şərəfli adı ilə bağlıdır.

Uşaqlar üçün nağıllar, həmçinin baş qəhrəmanları əsasən ünsiyyətdə olduğu şagirdləri olan və onların başına gələn olaylardan bəhs edən son dərəcə maraqlı hekayələr qələmə alır, özəlliklə “alleqoriya və təşxislərə yer verməklə örtülü şəkildə ən orijinal yolla öz fikir və düşüncələrini yayırdı (M.Abbasova. Xalq Cəbhəsi.- 2015.- 4 mart.- S.14)”. “Adət”, “Binam//Adsız”, ”Narınc qabığı”, ”Balaca qara balıq”, “Ulduz və qarğalar”, ”24 saat yuxuda və ayıqlıqda”, ”Çuğundursatan oğlan”, “Bir hulu, min hulu”, “Məhəbbət nağılı”, “Təlxun”, “Ləbi satan uşaq”, “Qoca arvad və qızıl cücəsi”, “Koroğlu və keçəl Həmzə”, ”Ulduzla danışan gəlincik”, “Çox bəxtiyar ağa” və s. kimi hekayələrində o, bulaq suyu kimi dumduru, saf uşaq dünyasından böyüklərin bulunduğu aləmə bir pəncərə açır və açdığı pəncərədən toplumu bütün cizgiləri, xüsusiyyətləri ilə yaşlıların gözləri önündə canlandırırdı… Və böyüklər, yaşlılar da həmin əsərlərə maraq göstərirdilər…

Əsərlərini ”Biz uşaqlara: – Oğurluq etmə, yalan danışma! – kimi məsləhətlər vermək əvəzinə, onların oğru olmalarının səbəbini açıb göstərməliyik. Çünki insanları yetişdirən mühitdir. Yaxşı insan yetişdirmək istəyiriksə, mühiti də yetişdirməli və insaniləşdirmə­liyik”, – əqidəsi ilə yazıb-yaradırdı Səməd Behrəngi… Uşaq təbiətini anlayan təcrübəli pedaqoq kimi körpə fidanlara yalnız doğruya inam, həqiqətə sevgi, şərə, pisliyə və xəyanətə, ağa qara, yalana həqiqət, göz yaşlarını sevinc şəlaləsi, hıçqırığı gülüş, məhrumiyyətləri tanrının qisməti kimi kimi qələmə verənlərə nifrət aşılayırdı. Bu nifrətin onların yaşamı üçün, yaxşını pisdən ayıra bilməsi üçün gərəkli olduğunu düşünürdü.

Doktor Мənuçöhr Hezarxani “Balaca qara balığın dünyagörüşü” аdlı məqaləsin­də yazır ki, “Behrənginin uşaqlara öyrətdiyi nifrət (əgər o, öyrətməsə, həyat özü öyrədəcəkdir) insani bir nifrətdir. Pisliyə, xəyanətə, pislərə və xəbislərə nifrətdir. Süni və saxta sevgi və məhəbbətin mübəlliğləri iki min ildir ki, məsələni ört-basdır etmək üçün bihudə səy göstərirlər. Lakin bir dəfə belə, onu məntiqi şəkildə həll etmək fikrində olmamışlar…”

Səməd öz xalqının pərvanəsi idi. Əsərlərini fars dilində qələmə alır, elin yaratdığı ağız ədəbiyyatı nümunələrini də fars dilinə çevirir, bu dilin oxucularına göstərirdi ki, onun da xalqının ana dilində-Azərbaycan türkcəsində zəngin ədəbiyyatı, böyük mədəniyyəti vardır. Ədəbiyyat onun üçün zülm və haqsızlıq, cəhalət və nadanlıq əleyhinə ən etibarlı mübarizə silahı, xalqı cəhalət yuxusundan oyatmaq silahı idi. Əsərlərinə güclü yanğı, sevgi və o dərəcədə də nifrət hissi hakimdir. Nifrət və məhəbbət yaratdığı ədəbiyyatın – hekayə və məqalələrinin gözəllik meyarı idi… Şahidi və iştirakçısı olduğu, bütün ruhunu qarsan olayları əsərlərinə mövzu və motiv seçən yazarın düşüncəsinə görə, “gərək özünü oda atasan ki, yanmışların dərdindən xəbərin ola. Tonqalda kənardan əlini qızdırmaqla yanmışların nələr çəkdiyini anlamaq mümkün deyil…”

Bu prinsiplərlə yaşayan Behrəngi yaradıcılığının ana xətti Güney Azərbaycan kəndinin gerçəklikləri, bu kənddə yaşayan xalqın yaşamı, problem və ağrıları, vətən sevgisi, azadlıq, milli birlik, milli haqq və hüquqların qazanılmasının gərəkliliyi, düzlük və doğruluq, vəfa və etibar, qardaşlıq kimi məsələlər idi… O, laqeydliyi ən böyük bəla sayır, həyatını “səssiz göl kimi” keçirən, yalnız “qoy mən salim olum, özgələr ilə nədir karım?” prinsipi ilə yaşayan və “dinc yaşayışının pozulmasını istəməyən başıaşağı, yolagedən” zümrələri, üzdə özünü dinə inanan kimi göstərən, ancaq Ramazan ayında cəmi üçcə gün oruc tutub namaz qılan saxtakar dindarları, tutduğu məmur postunu itirməməsi üçün şərəf və ləyaqətini itirib sahibinin quluna çevrilən məsləksizləri tənqid hədəfinə çevirirdi. “Çox bəxtiyar ağa” hekayəsinin qəhrəmanı məhz belə tiplərdən biridir.

Ədibin lirik əhval-ruhiyyədə yazdığı və mənsur şeir təsiri bağışlayan “Qar dənəcikləri” minimal hekayəsində də oxucu gerçəklərin ayrıntılarına varmaqla yanaşı, yazarın iç dünyası, kövrək duyğuları ilə də baş-başa qalır… Qar dənəsinin taleyində hüquqları əlindən alınmış və hegemon dövlətlərin idarəsində əriyib yox olmaq təhlükəsi ilə üz-üzə qalan xalqların taleyini görür, bu qədərdən qaçmağın çıxış yollarını düşünürdü…

“Alışqanlıq” hekayəsində Səməd Behrənginin növbəti tənqid hədəfi savadsız, məktəbdə gününü şagirdlərə bilik əvəzinə, mənasız, cəfəng, tutaq ki, şüşənin rəngi nədir? – kimi suallar verərək bütün dərs boyu cavabını gözləməklə vaxtını öldürən, şagirdlərsə olmayan doğru cavabı bilmədikdə, bütün sinfi aşağı səviyyəli kimi qiymətləndirərək direktora şikayət edən və özünü bilikli göstərən diplomlu şarlatanlardır. Səməd dərindən təəssüflənir ki, belə yaşayışa alışmış səviyyəsizlər də müəllim adını daşıyır, ömrünü uşaqlara cəfəngiyyat danışmaqla başa vurur, xalqın kasıbçılıqla, bir qarın ac, bir qarın tox böyütdüyü və məktəbə gətirib ona etibar etdiyi balalarını mənən şikəst edirlər: “Belə işlərə və sözlərə öyrətmən alışdı: bu cür dərs verməyə, balaca uşaqları ayaqyalın, qıçı açıq görməyə, onların məktəbə gələndə yaşlı gözlərinə baxmağa, iş yerinin zırt-pırtına… İdman saatlarında iki dənə cırıq topu əlli dənə şagirdinin qabağına atırdı ki, idman eləsinlər. Beləcə, onda hər şeyə alışqanlıq oldu. Uşaqlara, onlar ki, hələ bilmirdilər şişənin boyağının rəngi nədir?..”

“Ah-ın nağılı” ailəsini sevən, üç qızının qayğısına qalan və onların istəklərini yerinə yetirən cəfakeş bir atanın ağıllı, fərasətli kiçik qızının nəfsinin qulu olan xəbis insanların bədbəxtliyə sürüklədiyi neçə-neçə insanı sehr və əfsunun köməyilə əvvəlki xoşbəxt həyatına qaytardığından bəhs edir. Ustad yazar “Təlxun” povestində bu mövzunu daha da genişləndirir və bu dəfə tacir atanın yeddi qızının arzusunu necə gerçəkləşdirməsindən söz açır. Kiçik qız Təlxunun atasından ”Bir ürək, bir ciyər” istəyi folklora söykək çox dərin mənaları özündə ehtiva edir. Səməd bu istəklə uşaq və gənclərə ürəkli, cəsarətli olmaq, ağciyər, qorxaq olmamaq və mübarizələrdə udmaq, igid bir dəfə, qorxaqlarsa gündə neçə dəfə ölüb-dirilər, ismarıcını yollayırdı…

“Adsız” hekayəsində insanın bəlli bir adla çağırılmasının gərəkliliyi, özünün də daşıdığı adına layiq olması məsələsini əsas götürən Səməd Behrəngi cahillik girdabında çabalayan soydaşlarını Sabir, Mirzə Cəlilsayağı gülə-gülə tərbiyə etmək, onların gözünü açmaq və gerçəkləri göstərmək yolunu tutmuşdur. Arvadı tərəfindən başqa birisi ilə aldadılan kişinin cahilliyinə acıyan müəllif gülə-gülə ona gerçəkləri anlatmaq istəyir və əsərin sonunda öz evinin qapısını döyən “Adsız”ın arvadının “De görüm adın nədir? Adını deməsən səni içəri buraxan deyiləm” sualı qarşısında düşündükləri onun nə dərəcədə cahil və bədbəxt olduğunu yansıdır: “Doğrudan da adı nə idi. Bunu daha oxumamışdı. Adını unutmuşdu. Bəlkə də doğuluşdan adı yox idi. Kəşkə bu cür olardı, o anda ovunardı, öz-özünə deyərdi: bizim eşşəyimizin qoduqluqdan quyruğu yox idi. Amma bilirdi ki, nə vaxtsa adı var imiş…”

“Balaca qara balıq” hekayəsində “Lütfən məni təhqir etməyin! Mənim adım Qaraca balıqdır. Siz də adınızı söyləsəniz tanış olarıq”, fikri də insanın, yaxud hər bir canlının doğuluşdan bəlli bir adı daşımalı, harda olursa-olsun, həmin adla çağırılmalı olduğunun təsdiqidir…

Çoxları kimi, mən də bu fikirdəyəm ki, yazar əslində özünü, yaşamını – başına gələn, gətirilən olayları yazır, varlığıyla öyündüyü və sevdiyi insanları, qürur duyduğu şəxsiyyətləri, heyranı olduğu doğma təbiət gözəlliklərini, birgə ömür sürdüyü ortamı vəsf edir, şairlər isə bütün bu özəlliklərdən vəcdə gələrək onları poetik vüsətlə nəzmə çəkir… İç dünyasının saxlanclarının, yaşadığı dövrdə üzləşdiyi olayların əks-sədası olmayan əsərlər oxucunu inandıra bilmir. Səmədin də yaşamının mənası, əsərlərinin ilham qaynağı bu özəlliklər, ən çox da hər gün təmasda olduğu uşaqlar idi. O, yalnız bətnindən qopduğu xalqın taleyini düşünürdü. Bu taleyi sabahın böyükləri olacaq balacalar həll edəcəyindən onun xoş gələcəyə qovuşması üçün yaşamın ağrı-acılarını məhz balacaların gözləri qarşısında canlandırır, həyatın sirlərini anlamaqda onlara yardımçı olurdu. Bu yönlü düşüncələrinin yer aldığı ilk qələm təcrübələri – “Adət” və “Binam (Adsız)” hekayələri 1959-cu ildə dərc edilir… “Balaca qara balıq” hekayəsini isə 1960-cı illərin əvvəllərində ağ vərəqlərə köçürür… Bu hekayə Səmədə böyük uğur gətirir, yaşamının manifestinə çevrilir, adını bir sıra dünya ölkələrində tanıdır…

Belə ki, əsər 1965-ci ildə İtaliyanın Boloniya şəhərində keçirilən Uşaq Ədəbiyyatı üzrə Beynəlxalq Festivalın qalibi olur və qızıl medala layiq görülür. Birinci yeri tutduğuna görə “Balaca qara balıq” hekayəsinə, eləcə də Güney Azərbaycan ədəbiyyatına və xalqına dünya xalqlarının marağı artır, əsər italyan, fransız, ingilis və türk dillərinə çevrilərək geniş tirajla nəşr edilir.

Təkcə o taylı-bu taylı Azərbaycanın deyil, xarici ölkə ədəbiyyatşünaslarının da yüksək qiymətləndirdikləri “Balaca qara balıq” hekayəsinin özəlliyi içində işıq – yolgöstəricilik funksiyası, dəniz fənəri statusu daşımasıdır…

Uşaq ikən: “Arxın sonu haradır?” – deyə xəyallara dalan, “ancaq arxın başlanğı­cı, sonu olmaz, arx hər zaman axar və heç yerə də çatmaz” düşüncəsindən o yana adlaya bilməyən anasından, hər gün nağıl söylədiyi on bir min doqquz yüz doxsan doqquz (Koroğlunun 7777 dəlisi yada düşmürmü?), eləcə də milyonlarla balıqdan – əslində soydaşlarından fərqli olaraq “Dünyada hər şeyin sonu yoxdurmu? Gecə ilə gündüzün sonu var; həftənin, ayın, ilin sonu var, deməli sularında üzdüyümüz bu arxın da sonu var!” qənaətinə gələn və suallarının cavabını tapmaq üçün səfərə – arzularının dalınca gedib böyük dünyaya çıxmaq istəyən Qaraca balıqdan…

Əsər hansı cəhətlərinə görə bu gün də öz aktuallığını saxlayır və sətiraltında gizli böyük mənaları ilə diqqət çəkir? Ədib ilk başlanğıcdan vurğulayır ki, sükunət məğlubiyyətdir, hərəkət etmək, mübarizə aparmaqsa istəyinə nail olmağın ən kəsə yoludur. Dünyanı, coğrafiya elmini, haradan gəlib haraya getdiyimizi, ilkimizi və sonumuzu öyrənmək, bilmək lazımdır, – yazan Səməd uşaqlara Qaraca balığın dili ilə öyrədir ki, “Hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da var. Bütün çaylar və arxlar axıb dənizə tökülür. Ancaq bəziləri də bataqlıqlara hopur…”

Ayın söylədiklərinə əsasən isə diqqəti ay işığının necə yarandığına yönəldir: “Sevgili Qaraca balıq, mənim işığım yoxdur. Mən işığı günəşdən alıb yerə göndərirəm…” Bu sözlərdən sonra əsas mətləbin üzərinə gəlir, əgər insan-sətiraltında isə bir xalq (əsarətdə olan Güney türkləri) əgər istəsə, hər şey əldə edə bilər: – Sən heç bilirsənmi ki, insanlar uçub gəlib mənim üzərimə qonmaq istəyirlər? Çətin işdir, ancaq insanlar istədikləri hər şeyi…” həyata keçirə bilərlər, yetər ki, istəsinlər…

Cəsarət və bilik bütün bağlı qapıları insanın üzünə açır və müşkülləri asanlaşdırır, – kimi mətləbləri Balaca qara balığın dostlarının fikirləri ilə kiçikyaşlı oxucularına çatdırır: “Sən bizi cəhalət yuxusundan oyatdın. Bizim ağlımıza gəlməyən şeyləri sən bizə öyrətdin. Görüşmək üzrə qorxmaz və bilgin dost!”

Vurğuladığı önəmli mətləblərdən digərini isə sətiraltı deyil, açıq şəkildə bəyan edir: – Güc birlikdədir! Səməd Behrəngi “El bir olsa, zərbi kərən sındırar” gerçəyini Balıqudan quşunun: “…dəniz axtarışında olan balıqlar o qədər çoxalmışlar ki, balıqçılar balıq tutmaq üçün dənizə tor atanda toru dartıb balıqçıların əllərindən çıxarır və dənizin dibinə aparırlar”, – sözləri ilə ədəbi müstəviyə gətirir. El-obaya, xalqlara bədbəxtlik, ölüm gətirən qara qüvvələrin, xəbis niyyətli insanların iç üzünü açır, uşaqlara Balaca qara balığın dili ilə anladır ki, azadlıq verilmir, alınır. Bunun üçün çaba göstərmək, planlı şəkildə hərəkət etmək gərəkdir: “Arxadaş, ağlamaq, ananı çağırmaq çarə deyildir. Qalx və öz azadlığının uğrunda fikirləş, bir iş gör!..”

Hakim sinfin əsrlərdən bəri yürütdüyü “Parçala, daxili iğtişaşları alovlandır, təriqət davalarına meydan ver, insanları bir-birinin canına salışdır, rahatca hökm sür” siyasətinin davam etdiyinə Balıqudanın “Azadlığınızı qazanmaq üçün o qara balığı öldürməlisiniz!” sözləri ilə diqqət çəkən Səməd Behrəngi vurğulayır ki, düşmənin məkrli siyasətinə uymaq olmaz: “Mütləq onun təklifini qəbul etməyin. Bu riyakar balıqudan istəyir bizi bir-birimizə öldürtsün. Mənim bir planım var…”

O, uşaq saflığı ilə düşünür ki, həyatda hər şeyin bir əvəzi var, əgər mən (sətiraltında) heç kimlə düşmənçilik etmirəmsə, nə üçün düşmənçilik və pislik görməliyəm, nədən mən “yeyilməliyəm?”: “Balıqudan quşun gücü mənə çatarmı? Ancaq mən ki ona heç pislik etməmişəm, bizim ki aramızda heç bir düşmənçilik yoxdur, nədən məni yemək istəsin?”

Yersiz lovğalıq və təkəbbür, xudbinlik, cahillik, savadsızlıq bütün bəlaların törədicisi kimi onun əsas tənqid hədəfləri idi. Özlərini əsl-nəcabətli, ulu soylu, bütün yaradılmışlardan gözəl sayan çömçəquyruqlara cavabında onun tənqid hədəfi  və istəyi bir daha aydınlaşır: “Sizin özünüzü bu qədər bəyənmiş olmanızı heç ağlıma gətirməzdim. Ancaq olsun, mən sizi bağışlayıram. Çünki bütün söylədikləriniz cəhalətiniz və bilgisizliyiniz üzündəndir. Cahil olmasaydınız, bilərdiniz ki, dünyada sizdən fərqli çoxları var ki, görkəmləri özləri üçün çox da sevimlidir”.

Mövcud durumdan ağılla düşünüb çıxış yolu tapmağın da mümkünlüyünü göstərir. “Niyə məni diri-diri udmursunuz? Mən o balıq növlərindənəm ki, öldükdən sonra bədənləri zəhər tuluğuna dönür…” Tədbirli və ağıllı Qaraca balığın qurğusu işə yarayır. O, ağılla düşünərək Balıqudan quşun kisəsindən-ölümün pəncəsindən, xilas olur, ancaq tamamilə qurtula bilmir, çünki Balıqudan quş ildırım sürəti ilə şığıyıb onu yenidən ovlayır və elə diri-diri udur. Yırtıcı quşun kisəsində ovlanmış çoxlu sayda soydaşlarını görən Qaraca balıq “naqqanı öldürmək və bütün balıqları bu qəddar heyvanın təhlükəsindən qurtarmaq istəyi ilə” Qızboğanın bağışladığı qılıncla kisəni yırtaraq soydaşlarını xilas edir, özü isə müəmmalı şəkildə yoxa çıxır…

Qızboğanın: “Mən artıq getməliyəm. Çocuqlarım yuxudan oyanmışlar”, Balıqlardan birinin isə “Xanım, övladını lazımınca tərbiyə etməmisən, indi də cəzasını çəkirsən”, – fikirləri ilə valideynlərə övladlarını doğru-düzgün tərbiyə etməyin, hər işdən öncə uşağa məhəbbət və şəfqət göstərməyin gərək olduğunu xatırladırdı…

İnsanlar üçün, bətnindən doğulduğu xalq, el üçün gərəkli olmaq, ömrü mənalı yaşamaq, başqalarına faydalı olmaq gerçəyini anladırdı. Milli hərəkatın manifesti kimi dəyərləndirilən “Balaca qara balıq” hekayəsində də bu tendensiya qabarıqdır: “Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir…” Səməd Behrəngi örnək olası yaşamı və ölümü ilə o təsiri göstərdi.

Çox gənc çağında, 29 yaşında, 1968-ci ilin 31 avqust günündə İranda, Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulan Səmədin İran dövlətinin gizli təşkilatı olan SAVAK tərəfindən öldürüldüyü güman edilir. Bu ölümü müəmmalı, sirli edən, gümana çevirən, həm də səbəblərini bəlirləyən bir məqam üzməyi bacarmayan Səmədin Araz çayına çimmək üçün (özü də avqustun sonunda) baş vurması idi. Digər məqam isə üzməyi bilən bir öyrətmənin bu cür asanlıqla çayda boğulmasıdır. Halbuki insanlar Böyük Azərbaycanın Quzeyindən Güneyinə bu çayın içərisindən keçiblər… Hadisə bir, gümanlar min olur həmişə… Amma Səmədin imperiya güclərinin əli ilə 1828-ci ildə Türkmənçay “sülh” müqaviləsi adı ilə iki yerə bölüşdürülmüş Azərbaycanı məkan olaraq həm ayıran, həm də birləşdirən bir çayda-Arazda boğulması faktının özü əməlli-başlı bir müəmmadı… İnsanlara və uşaqlara bilik-işıq ötürən, özü də onları cəhalət və səfalətdən xilas yolunu göstərən işığa çevrilən sevimli müəllimlərinin ölümünə şagirdləri heç vəchlə inanmadılar, bu hadisəni baharın yerini qışın alması, baharla bərabər bülbülün uçub getməsi və yerinə lənətə gəlmiş qarğanın qonması kimi obrazlaşdırdılar və getdiyi yola çıxıb göz yaşları içərisində günlərlə onun yolunu, gəlişini gözlədilər… O isə gəlmədi…

Səmədin bütün xalqı göz yaşında boğan və 31 avqust 1968-ci il tarixində gerçəkləşən ölüm olayı ilə bağlı hər bir soydaşı kimi böyük bir faciə yaşayan və bu xəbərə inana bilməyən yaxın dostu, ünlü yazar Cəlal Əl-Əhməd yazırdı: ”İndi mən necə inanım ki, Səməd ölübdür? Olmaya ”Balaca qara balıq” yenidən doğulmaq üçün Araz çayı ilə Xəzərə qovuşub? Bir ənənənin, bir dilin, bir ulusun ortağı olan çayda boğulub Səməd. Mədinə müsəlmanlar üçün necə müqəddəs idisə, Araz da Səməd üçün o qədər müqəddəs idi”. Və Səməd onun nəzərində “tək başına bir xalqın ana dilinə olan borcunu ödəməyi boynuna götürən” (Varlıq, 1359 (1979), Sayı: 6, s.73) bir yazar idi…

Mahmud Dövlətabadi onunla son görüşünü belə xatırlayır: ”O getdi. Dönüb arxasınca baxdım. Çiyinlərini sallayıb, başını aşağı dikmişdi, yavaş-yavaş uzaqlaşır, sol yönə gedirdi. Mən isə donub qalmışdım, haraya getdiyimi bilmirdim…”

Bəlkə o da eynilə Araz çayının kənarında gecələr Ayı, gündüzlərsə Günəşi qarşılayan kəndin “çayda paltar yuyan qadın və qızlarının mahnılarını dinlədikdən, bir sürə də çayda çimən uşaqlara tamaşa etdikdən sonra yolçuluğuna davam edən” qəhrəmanı Balaca qara balıq kimi yeni, daha böyük dünyanı axtarmağa, şagirdlərinin minlərlə sualının doğru cavabını tapmağa getdi?..

Getdi, amma o, artıq özünün neçə-neçə davamçısını yetirmişdi, balaca qırmızı balıq kimi… Nənə balığın ”Balaca qara balıq” nağılını dinlədikdən sonra yatan “on bir min doqquz yüz doxsan doqquz kiçik balığın içində bütün gecəni oyaq qalan və səhərədək yalnız dənizi düşünən, yeni dünyaya çıxmaq eşqi ilə yerində çabalayan balaca qırmızı balıq kimi… Geniş dünyaya – azadlığa çıxış yolunu göstərən işıq kimi…

“Göbələk doğulmamışam ata-anasız, ancaq göbələk kimi göyərdim, amma göbələk kimi tez ayaqdan düşmədim. Hər yerdə bir şeh vardısa özümə çəkdim. Məni suvaran olmadı. Göyərdim. İydə ağacı kimi əyri-üyrü və az suya qane olub, Azərbaycan kəndlərinin öyrətməni oldum”, – deyən Səməd Behrənginin ölümün­dən az keçmir ki, həm də öyrətməni olduğu əqidədaşları Behruz Dehqani, Ə.Manaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani onun önərdiyi yolu tutaraq “Fədayane Xəlq-Xalq fədailəri” təşkilatını yaradaraq milli mübarizəyə başlayırlar…

O, özündən sonra belə silinməz iz qoydu, əbədi olaraq yaddaşlara, könüllərə köçdü. Qutsal əməlləri və bənzərsiz əsərləri, dərin yaşam fəlsəfəsi Səməd Behrəngi yolunu-məktəbini yaratdı. Bu fəlsəfə neçə-neçə əsərin, tədqiqatların, kitabların möv­zu­suna çevrildi. Abdulla Əmir Haşimi (Cavanşir), Qulamhüseyn Səidi, Məhəmmədəli Fərzanə, Ehsan Təbəri, Mahmud Dövlətabadi, Ömər Özkan, Məftun Əmini, İsmayıl Ülkər (Mədədi), Sabir Nəbioğlu (Əmirov), Vaqif Sultanlı, Qulamrza Səbri Təbrizi və b. göz yaşlarınnı içinə axıda-axıda dəyərli yazılar qələmə aldılar, İlqar Əlfioğlu isə povest və hekayələri­ni topladığı “Məhəbbət nağılı” kitabına dəyərli ön söz (Bakı: “Azərnəşr”, 1984) yazdı… Bulud Qaraçorlu Səhənd “Qurbanımı qəbul elə Araz”, Əlirza Nabdil Oxtay “Səməd könlümdədir”, K.M.Sönməz “İki Səməd, iki tale”, M.Q.Qaflantı “Mən Arazam” şeirlərini, Hüseyn Düzgün isə “Səməd Behrəngi” poemasını onun əziz xatirəsinə həsr etdilər…

Düşünürəm ki, böyük Səməd Behrəngiyə həsr edilmiş şeir, elegiya və məqalələrdəki fikirlərin ən bitkin poetik ifadəsi Bulud Qaraçorlu Səhəndin “elin dəyərli balasının” faciəli ölümündən on gün sonra, 6 Sentyabr 1968-ci ildə yana-yana yazdığı “Qurbanını qəbul eylə, Araz!” adlı ağı, həm də üsyan şeirində yansıyır:

Səməd! Kimi çağırım?

Nə qədər bağırım, Səməd!

Nə yazım Səməd?!

Dənli xərmənimin yanmasın yazım?

Sərin su kuzəmin calanmasın yazım?

Dağlı sinəmin alovlanmasın yazım?

Mən sənə nə yazım Səməd?

Həsrətim kimi yaxacaq?

Göz yaşıma kim baxacaq?

Araz yenə də axacaq!

Söylə mənə, söylə Araz!

Nədən bizlə oldun belə Araz?

Kəsdin iki qardaş arasın

Aldın Muğan’ın “Sara”sın

Boğdun elimin dəyərli balasın!

Bəsdir! Bəsdir!

Qurbanımı qəbul elə Araz…

 

Arazın növbəti sıradan biri deyildi… Bu dəfəki qurban XX əsr Azərbaycan uşaq ədəbiyyatının görkəmli yaradıcılarından biri, hekayə və povest yazarı, xalqının, ana dilinin və odlar yurdunun pərvanəsi, azadlıq fədaisi, ədəbiyyatşünas, kamil pedaqoq, publisist, tərcüməçi, uşaqların “ustad” deyib sevdikləri, gedişi ilə onları yetim qoyan mənəvi ata, qeyri-adi istedad və zəka sahibi Səməd Behrəngi idi… Adını və soyadını daşımaqdan bu gün minlərlə davamçısının şərəf duyduğu müəllim-insan idi… Görəsən Araz qurbanına yenə də mi: “Araz üstə, buz üstə, Kabab yanar köz üstə, Səmədi öldürdülər, Danışdığı söz üstə!” – deyib göz yaşlarıyla ona layla deyir?!..

 

Şərhlər bağlıdır.