İran Azərbaycanının əncümənlərinin təşkili və faəliyyəti

(1945-1946-cı illər)

İran Azərbaycanı xalqının  ilk dövlət hakimiyyətinin yerli orqanı olan əncümən 1906-cı ilin axırlarında Təbrizdə təşkil edilmişdir. Təbriz şəhərinin əncüməninin təşkili bütün İran ərazisində əncümənlər yaradılması üçün bir başlanğıc olmuşdur. Belə ki, Təbrizdə əncümən yaradılandan sonra, Tehranda, İsfahanda, Kirmanda, Rəştdə, Məşhəddə, Şirazda və İranın başqa şəhərlərində də təşkil edilmişdir.

1905-1911-ci illər inqilabı dövründə meydana gəlmiş əncümənlər içərisində ən inqilabi və demokratiki Təbriz Əncüməni adlanan Azərbaycan əyaləti əncüməni idi.

Doğrudur, inqilabdan sonrakı dövrdə əncümənlər müvəqqəti olaraq aradan qaldırılmışdır. Lakin geniş xalq kütlələri irticanın özbaşınalığına baxmayaraq xalq hakimiyyəti orqanı olan əncümənlərin yaradılması uğrunda mübarizədən əl çəkmədi. Azərbaycan xalqı yenə də milli-azadlıq uğrunda mübarizəyə qalxdı. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi milli- azadlıq hərəkatı Təbriz şəhərində qələbə çaldı və əncümənlər yenidən təşkil edildi. Lakin çox keçmədən bu mütərəqqi azadlıq hərəkat da bir sıra səbəblər üzündən məğlub edildi, təşkil olunmuş  əncümənlər aradan qaldırıldı.

Lakin yarım əsrlik milli muxtariyyat uğrunda mübarizə tarixinə və inqilabi ənənəyə malik olan Azərbaycan xalqı, yenə də İran xalqlarının azadlıq hərəkatında bayraqdar oldu.

Əncümənlərin təşkili tarixində 1945-1946-cı illər Azərbaycan xalqının milli-azadlıq hərəkatı xüsusilə qeyd edilməlidir. Heç də təsadüfi deyildir ki, 1945-1946-cı illər inqilabi dövründə milli-azadlıq hərəkatına başçılıq edən Azərbaycan Demokrat Firqəsi milli muxtariyyat məsələsini ön plana çəkmiş və hərəkatın yaxın məqsədi kimi öz proqramında qeyd etmişdir. Proqramda deyilirdi: “İran ərazisində yaşayan hər bir millətin daxili muxtariyyat və öz müqəddəratını təyin etmək hüququ vardır, bu hüquq əyalət və əyalət əncümənləri vasitəsilə təmin edilməlidir”.

Məhz buna görə də Azərbaycan xalqının mübarizə tarixində şanlı səhifə açan Azərbaycan milli konqresi əncümənlərin təşkili haqqında əməli qərar qəbul etmişdir.

1946-cı il yanvar ayının 8-də Azərbaycan Milli Məclisinin rəyasət heyəti vilayət və şəhər əncümənlərinə seçkilər haqqında qanun layihəsini təsdiq etmişdir.

Yerli əncümən seçkiləri haqqında qərara əsasən , vilayət əncümənləri iki il, şəhər, rayon və kənd əncümənləri bir il müddətinə seçilirdi.

Əncümənlərin geniş hüquq və səlahiyyətləri var idi. S.C.Pişəvəri əncümənlərin hüquq və səlahiyyətindən danışarkən demişdi: “Əncümənlərin salahiyyətləri çox genişdir. Onlar dövlət orqanlarının bütün işlərinə qarışa bilər. Əncümənlər özlərinin inkişafı üçün ölkədə mümkün olan bütün şəraiti yaratmışdır. Azərbaycan xalqı hələ 40 il bundan qabaq qəhrəmancasına apardığı mübarizə nəticəsində yerli hakimiyyət orqanlarının yaradılması hüququnu əldə etmişdir. Lakin azadlıq düşmənləri indiyədək ona şah-feodal üsul – idarəsi olmadan demokratik əsaslar üzrə öz həyatını qurmağa imkan verməmişdir. Biz gərək bütünlüklə onu həyata keçirməyə çalışaq ki, geniş xalq kütlələri yeni cəmiyyət qurulmasında və dövlət işlərində yaxından iştirak edə bilsinlər”. Əncümənlərin səlahiyyəti Əncümənlər haqqında nizamnamədə təsdiq edilmişdi. Həmin nizamnamədə əncümənlərin tabeçiliyində olan yerli idarəçilik orqanlarının təssərüfat və mədəni fəaliyyətinə rəhbərlik, vətəndaşların ictimai asayişi mühafizə qaydalarını təmin, yerli təsərrüfat planını və büdcəni müəyyən etmələri göstərilirdi. Yerlərdə xalq hakimiyyətini möhkəmləndirmək məqsədilə yaradılan əncümənlər, nizamnamə üzrə onlara verilmiş hüquq dairəsində öz ərazilərində vəzifəli şəxslərin fəaliyyətinə nəzarəti həyata keçirirdi.

S.C.Pişəvəri yazırdı: “…Əncümənlər vergilərin toplanmasını və sərf olunmasını təyin edib ona nəzarət edəcək; nəzarət aşağıdan başlayıb yuxarıyadək mahal, vilayət və Milli Məclisə qədər ediləcəkdir…”.

Yerli hakimiyyət orqanları sistemində əncümənlərdən başqa, müxtəlif dövlət idarəsin də fəaliyyət göstərirdi. Həmin idarələr bilavasitə yerli əncümənlərin nəzarəti altında işləyirdilər. Əncümənlər yerlərdə dövlət idarəsinin bütün fəaliyyətinə istənilən vaxt nəzarət edə bilərdi. Yerli əncümən seçkiləri haqqında qərarın 10-cu maddəsində deyilir:” Bütün nazirliklər və mərkəzi dövlət orqanları, yerlərdə təşkil etdikləri idarə və şöbələr yerli əncümənlərin nəzarəti altında işləməlidirlər”.

Əncümənlərin icraiyyə heyətləri də bəzi qərarlar qəbul etmək hüququna malik idi.

Ümumiyyətlə bütün əncümənlər demokratik mərkəziyyət prinsipinə uyğun olaraq fəaliyyət göstərirdi.

Əncümən üzvləri əsil xalq nümayəndələri olub, xalqın iradə və mənafeyini təmsil edirdi. Əncümənlər xalq elçisi vasitəsilə əhali ilə sıx əlaqə saxlayırdı. Əncümən nümayəndələri əncümənin qərar və sərəncamlarının həyata keçirilməsində böyük fəaliyyət göstərirdilər. Yüzlərlə əncümən nümayəndələri şəhər və kəndlərdə xalq işinə rəhbərlik edirdi. Əncümən nümayəndələri öz işlərini məhz bu prinsip əsasında qurmuşdular.

Bu prinsipin tətbiq edilməsi bütün dövlət hakimiyyət orqanları sisteminin vahidliyini təmin edirdi.

Əncümənlərin fəaliyyətinə Ali Hakimiyyət orqanı tərəfindən edilən mərkəzi rəhbərlik bütün dövlət hakimiyyət orqanlarının məqsəd, idarə və hərəkət birliyini təmin edirdi. Bu, bilavasitə Azərbaycan Xalq Hakimiyyətinin öz xarakterindən bir zərurət kimi doğurdu ki, bu da Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında zəhmətkeş kütlələrin öz firqəsi ilə idarə və hərəkət birliyinin ifadəsi idi. Ona görə də təsadüfi deyildir ki, bütün zəhmətkeş xalq milli muxtariyyətin möhkəmləndirilməsi uğrunda mübarizə aparırdı.

İran Azərbaycanında yaradılmış əncümənlər tarixi zərurətin nəticəsi olmuş və geniş xalq kütlələrini dövləti idarəetmə işinə cəlb etməkdə böyük rol oynamışdır.

 

Şərhlər bağlıdır.