Keçmiş xüsusi təyinatlının 3 medallı övladı

MƏHƏMMƏDƏLİ İLƏ FƏXR EDİRİK!

Koronavirusa baxmayaraq özümü boya-başa çatdığım Şirvan şəhərindəki doğmalarımın yanına verdim. Rəhmətlik bacım, Ərdəbildə dünyaya gəlmiş və atam Həsənxanın mühacirətə özü ilə gətirdiyi Tarifənin yenicə cəbhədən qayıdan oğul nəvəsi Məhəmmədəliyə baş çəkməyi qərara aldım. Həmin dəqiqələrdə qürur hissi keçirdim ki, nəslin qəhrəmanlıq ənənələri davam etməkdədir.

Əslində bu fəxarətin həm ana, həm də ata nəslindən qaynaqlanması xüsusi vurğulanmalı faktdır. Onun atası Mayis ötən əsrin 90-cı illərində Azərbaycanın sayımlı-seçimli boksçularından idi. SSRİ idman ustası bir sıra respublika və ümumittifaq birinciliklərində dəfələrlə mükafatlara layiq görülmüşdü. Xüsusi təyinatlı hərbi hissədə yüksək keyfiyyətləri ilə seçilirdi. Heyf ki oğlu Məhəmmədəli Əliyevin Qarabağ döyüşlərindən birdən-birə 3 medalla qayıtmasını görə bilmədi. Ömür-gün yoldaşı Həyat xanım bu sevinci onsuz yaşadı.
M. Əliyev 2000-ci ildə energetiklər şəhərində anadan olub. O medallar elə özünün 20 yaşına yubiley hədiyyələridir. 20 saylı orta məktəbdə 9 il təhsil alan gənc gələcək fəaliyyətini musiqi ilə bağlamağı qərarlaşdırıb. Şirvan musiqi məktəbini bitirərək Şuşa Musiqi Kollecinin xalq çalğı alətləri fakültəsinin tar şöbəsinə daxil olub. Cəmi 1 ildən sonra həqiqi hərbi xidmətə çağrılıb. Əsgərliyini başa vurmamış Qarabağın azadlığı uğrunda Vətən müharibəsi başlayıb.
Döyüşçüyə komandirləri həmişə ən çətin əmrlərin yerinə yetirilməsini etibar ediblər. Nəticəsi göz qabağındadır. Qubadlının, Laçının, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Əminəm ki, qardaş nəvəsinin yeni-yeni uğurları hələ öndədir.

Əzizağa Mürsəli,
Şirvan şəhəri

 

 

Şərhlər bağlıdır.