Ermənistanın ərazi bütövlüyünə kim qəsd etməyi planlaşdırır. Bizə məlum deyil, amma İranın Xarici işlər naziri C.Zərifə məlumdur. O, Ermənistanda rəsmi səfərdə olarkən (27.012021) erməni rəsmiləri ilə keçirdiyi görüşlər zamanı bir sıra qəribə fikirlər səsləndiribdir.
C.Zərif Ermənistanın Xarici işlər naziri ilə görüşündə ermənilərin könlünü almaq üçün hər iki millətin qədim tarixə və MƏDƏNİYYƏTƏ malik olduğunu vurğulayıbdır. Daha sonra iki ölkənin münasibətlərini iki dinin ardıcıllarının əməkdaşlığına nümunə olduğunu qeyd edib.
Amma deməyib ki, İranda nəinki eyni dinin (hakim şiə və məhkum sünni), hətta eyni məzhəbin (hakim şiə farslar və məhkum şiə azərbaycanləlar) ardıcıllarının gərgin və qeyri-bərabər münasibətləri nəinki İslam aləmində, hətta İranın özündə belə NÜMUNƏ olmaqdan çox-çox uzaqdır.
C.Zərif söhbət zamanı bölgə ölkələrini etnik qrupların hüquqlarına hörmət etməyə çağırdı. Nəzərə alsaq ki, Ermənistan monoetnik dövlətdir və polietnik dövlət olan İranda etnik azlıq və çoxluqların hüquqlarının nədən ibarət olduğu məlum deyil və etnik azlıqların Əsas qanunda təsbit edilmiş yeganə hüquqları 40 ildir yereinə yetirilmir, onda həmin çağırışın İranın özünə aid olduğunu söyləmək olar.
Rusiya kimi İran da “kor tutduğunu buraxmır” məsəli ruhunda hərəkət edərək Ermənistanın xarici işlər nazirinə deyib ki, bölgədə terrorçular və xarici döyüşçülərin olması yolverilməzdir, çünki HƏMİN QÜVVƏLƏRİN VARLIĞI HƏR İKİ DÖVLƏTİN ORTAQ PROBLEMİDİR.
Məlum olduğu kimi Avropa Şurasında da ermənilər həmin məsələni qaldırmış və cavablarını alaraq məyus olmuşlar. İranın XARİCİ işlər nazirinin həmin məsələdən xəbəri olmamış olmaz. Orada deyiblər ki, 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən heç bir xarici döyüşçü müharibədə iştirak etməyib. Amma Bakıya səfərdən sonra Zərif terroristlərin və xarici döyüşçülərin varlığından danışır. Müharibə günlərində danışırdı, dedilər, heç. Ondan sonra da həmin məsələni vurğuladılar, indi də təkrar edir.
İranın Xarici işlər naziri öz dövləti adından Ermənistanı əmin etmişdir ki, regionda tək deyil və İran onun ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa hazırdır, çünki Ermənistanın ərazi bütövlüyü İranın regionda “qırmızı xətti”dir.
Çox maraqlı və deyərdim ki, gülməli bir bəyanatdır. Maraqlıdır ona görə ki, Ermənistanın ərazi bütövlüyünü RUSLAR həm fiziki mənada, yəni topla-tüfənglə, həm də hüquqi baxımdan bağladıqları müqavilə və sazişlərlə qoruyur. Ona görə bu, içi boş, gəlişi gözəl sözdən başqa bir şey deyil. Maraqlıdır həm də ona görə ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyi zaman İran Azərbaycana münasibətdə belə bəyanat verməmişdi. İndi Ermənistana heç bir xarici təhlükə olmadığı halda belə bəyanat verilir. Gülməlidir ona görə yox ki, gülməlidir, həm də fikurləşmək olar ki, C.Zərif azərbaycanlıların facebookda bəzi paylaşımlarını ciddiyə alaraq Ermənistana arxa duracağını vəd edib. Axı bizim bəzi facebook istifadəçilərinmiz hərdən bir Ermənistanın filan rayonunun da Azərbaycana verildiyini elan edirlər. Bəlkə buna cavab olaraq İran Ermənistanı qoruyacağını elan edir.
C.Zərif Ermənistanın baş naziri ilə görüşündə həmin fikirlərini bu dəfə Dağlıq Qarabağ böhranı(? ) konteksində təkrar edir və onları bir qədər də inkişaf etdirir.
Nazir deyir ki, İran Qarabağ böhranının(? ) həllində(?) beynəlxalq hüquqa əməl edilməsi, xalqın/əhalinin qorunması(? ), azlıqların(? ) hüquqlarına əməl olunması, ərazi bütövlüyünün qorunması və güc tətbiq edilməməsi tərəfdarıdır.
Azərbaycan təcavüzkar və işğalçı Ermənistanı öz ərazisindən qovmaq üçün apardığı Vətən müharibəsi zaman İran həmin fikirləri səsləndiridi. Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu görən İran Ermənistanı işğalçı adlandırıb qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etdi. Sonra yenə yuxarıda qeyd edilən mövqeyinə qayıtdı. Zərifin sözləri ilə tanış olan şəxs Dağlıq Qarabağ münaqişəsinin həllində köklü və qəti dəyişikliklərin oduğunu görə bilməz. Çünki İran yenə münaqişədən, onun həllində güc tətbiq edilməməsindən danışır.
Zərif sanki Ermənistandan əvvəl Azərbaycana səfər etməyib və Azərbaycan Respublikasının prezidenti, Baş nazirin müavini və Xarici işlər naziri ilə danışıqlar aparmayıbdır.
Belə görünür, İran yenidən münaqişə baş verməsini və dərinləşməsini istəyir ki, bu dəfə onun yardımına ehtiyac yaransın və Cənubi Qafqazda tamamilə itirmiş olduğu mövqeyini bərpa etməyə imkan qazansın.
Güman edirik ki, hadisələrin gələcək inkişafı haqqında belə proqnoz özünü doğrultmayacaqdır.
Vidadi Mustafa
Şərhlər bağlıdır.