ZƏRDÜŞT ƏLİZADƏNİN SENSASİON XANKƏNDİ ŞƏRHİ

Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, Sosial Demokrat Partiyasının sabiq lideri, politoloq Zərdüşt Əlizadə daim ictimaiyyətin diqqətini daim özünəməxsus orijinal şərhlər və təhlillərlə çəkir. Onun  Meydan TV-nin müxalif internet nəşrində dərc olunan məqaləsində də sensasion iddialar yer alıb. Azerbaycan-ruznamesi.org da digər kütləvi informasiya vasitələri kimi bunu nəzərə alaraq həmin fikirlərlə oxucularını tanış edir.


Görkəmli şərqşünas alim Məmmədmübariz Əlizadənin böyük oğlu Zərdüşt bəy söhbətində iqtidarın Qarabağ siyasətini tənqid edən müxalifətçiləri eyni yanlış siyasətlə torpaqlarımızın işğalına və 20 Yanvar qırğınına səbəbkar göstərib. O, “İlham Əliyevin indiki Qarabağ siyasəti düzgündür və xalqımızı addım-addım tam qələbəyə aparır” deyib.
Politoloq Xankəndiyə Azərbaycan Ordusunun daxil olacağı halda mümkün ssenarini belə təhlil edir:
“Azərbaycan Ordusunun Xankəndiyə daxil olması dünya mediasının ”yeni erməni soyqırımı” şivəni qoparması, Rusiyanın bu “soyqırımın” qarşısını almaq üçün Gümrü bazasındakı qoşunlarını Qarabağa yeritməsi və təbii ki, rus ordusu ilə Azərbaycan Ordusu arasında döyüşlərin başlaması, bu zaman Türkiyənin məcbur olaraq hərbi münaqişəyə qarışması və Azərbaycan ərazisində genişmiqyaslı regional müharibənin qızışması üçün kifayət idi”.
Sülhməramlıların Qarabağdan çıxarılması haqda müxalifətin təkliflərin tənqid edən Z.Əlizadə deyib: “Əgər bu bisavad və məsuliyyətsiz şəxslərin təklifləri həyata keçərsə, Azərbaycanın başına gələcək müsibətləri təsəvvür etmək bir o qədər çətin deyil”.
Z.Əlizadənin sözlərinə görə, fərz edək ki, Azərbaycan rus sülhməramlılarının Qarabağdan çıxmasını rəsmi tələb edir:
“Rusiya deyir ki, göz üstə, qoşunların bölgəyə gəlməsi üçün təxminən bir ay lazım oldu, burada əməlli-başlı yerləşiblər, çıxmaları üçün də bir ay möhlət verin. Azərbaycan, təbii ki, razı olmalıdır. Azərbaycanın bu tələbindən bir gün sonra Minsk Qrupunun üç həmsədri – Fransa, Rusiya və ABŞ BMT-nin Təhlükəsizlik Şurasına bir qətnamə layihəsi təqdim edirlər. Layihədə yazılır ki, Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən soyqırıma məruz qalması təhlükəsinin qarşısını almaq məqsədilə:
Dünya dövlətlərinə tövsiyə edilir ki, “artsax”ın müstəqilliyi tanınsın;
Azərbaycana xəbərdarlıq edilir ki, zora əl atarsa, BMT TŞ-nın qərarı ilə onun cəzalandırılması missiyası tapşırılacaq Minsk Qrupunun həmsədri olan ölkələrə. Bəli, qətnamə layihəsinə beş daimi üzvdən dördü səs verəcək, Çin bitərəf qalacaq. Bundan sonra birinci Fransa, ardınca Rusiya, sonra isə ABŞ və təxminən Kosovanı tanıyan sayda dövlət “artsax”ın müstəqilliyini tanıyacaq…”
Z.Əlizadənin fikirlərində kifayət qədər ciddi arqumentlər və həqiqət payı var. Azərbaycan Ordusunun Xankəndinin bir addımlığından geri dönməsi məhz diplomatik gediş idi. Azərbaycanın üstünə bu qüvvələr “genosid” ittihamı ilə gəlsəydilər, altından çıxmaq çətin olacaqdı. Onsuz da 44 gündə xristian təəssübkeşliyini, bir sıra Qərb mediası və siyasətçilərinin Azərbaycana münasibətini yaxından izlədik, onların Şuşadakı kilsənin bir kərpicinin düşməsinə görə qopardığı haray-həşiri gördük. İndi təsəvvür edək ki, Xankəndi Ordumuzun nəzarətinə götürülür, bu zaman oradakı Araikin terrorçu dəstələri təxribat törədir, sonra mülki ermənilərin cəsədlərinin fotolarını dünyaya yayaraq çar çəkir ki, Azərbaycan soyqırım törədir. Və ədalətsiz, riyakar dünya təşkilatları ermənilərin yanında olacaqsa, ikinci dəfə “erməni soyqırımı” bu, türk dünyasının başına bəla olacaqdı. O baxımdan Azərbaycan tərəfi yerdə qalan ərazilərdə suverenliyin təmin olunmasını diplomatik yolla həll etməyi hədəfləyib. Lakin bəzi korafəhm və səbatsız siyasi müxalifət o dövrdə olduğu kimi yenə məsələlərə bəsit, sadəlövhcəsinə maksimalist, adi yanaşır.
Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında müharibənin gedişində həqiqətən o təhlükələrin olduğunu təsdiqləyib:
“Faktiki Xankəndidə idik, şəhərə girmişdik. Təbii ki, öz ərazimizdir, buna şübhə yoxdur. Amma geosiyasi amillər var, bunu gözardı etmək olmaz. Baxın, həmin vaxt beynəlxalq qüvvələr necə təlaşlı idilər, o güclər Azərbaycana qarşı yönəlmişdilər. Onlar istəyirdilər ki, bizi ittiham etsinlər, soyqırım iddiasını yürütsünlər. Məsələn, I Qarabağ müharibəsində Ağdərəyə girəndə beynəlxalq meydanlar Azərbaycana qarşı qalxmışdılar. Təsəvvrür edin ki, indi hansı reaksiyalar ola bilərdi”.
Ekspert hesab edir ki, savaş meydanında möhtəşəm qələbə əldə etmişik, ola bilsin, nəticə nöqtə sayıla bilməz:
“Heç sayılmır da. Azərbaycan bu işi məntiqi sonluğa çatdırmalıdır. Bunu hamı, eləcə də ölkənin siyasi rəhbərliyi anlayır. Azərbaycana qarşı qüvvələr revanş arzusunu yaşadırlar, ermənilərə ruh verirlər, bizi ittiham edirlər ki, ermənilərin öz müqəddəratını həll etməyə imkan vermirsiniz. Bunları görmək lazımdır. Ona görə Zərdüşt Əlizadənin fikirləri ilə razıyam, həmin məqaləni oxumuşam, çox ağıllı təhlil yazıb”.
Analitikin fikrincə, müharibədə ikinci zəfərimiz milli konsensus idi: “Burada iqtidar və ya müxalifət yanaşması olmamalıdır. Bəzi dairələr elə bilirdilər ki, müharibə vaxtı Azərbaycanın daxilində çaxnaşma olacaq. Ümumiyyətlə, bir çox millətlər bu cür testlərdən keçir. Bu müharibə göstərdi ki, bizdə ictimai birliklər, vətəndaş cəmiyyəti necə yetkindir, səylərini necə birləşdirirlər. O baxımdan müharibədə ikinci zəfər milli konsensus idi”.
T.Abbasov sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı Z.Əlizadənin fikirlərini və proqnozlarını da bölüşdü:
“Kosova variantı ola bilər. Bu yanaşma çox aktualdır. Biz özümüzü arxayın etməli deyilik ki, müharibə meydanında məsələni həll etmişik, siyasi cəhətdən hər şey təminatlı hala gəlib çıxıb. Əsla, baxın, Minsk Qrupu nə baş verdi ki, yenə əl-ayağa düşüb? Onların maraqlar, məkrləri var. Onların istəyi Azərbaycanın güclənməməsidir. Yadınızdadırsa, amerikalı həmsədri Ceyms Uorlik bizə necə etinasız idi, ermənilərlə ağız-ağıza öpüşürdü. Amerikadan Gürcüstana mesaj gəlmişdi ki, ruslara qarşı başlayın, kömək edəcəyik, nə dəstək verdilər? Ona görə Azərbaycan müdrik siyasət aparır, heç kəsdən heç nə ummuruq, bir Türkiyədən bizə təmənnasız qardaş köməyi var. Biz yeni tərəfdaşlıq, dostluq nümunəsi yaratmışıq, dünyada ikinci belə nümunə olmayacaq. Bu, bizim və qardaş Türkiyənin qazancıdır. Odur ki, Zərdüşt Əlizadənin toxunduğu nüanslar əbəs deyil, ehtimalı yüksəkdir, bu reallıqla hesablaşmaq lazımdır. Məsələn, Təhlükəsizlik Şurasında İngiltərənin dəstəyi olmasaydı, çox pis vəziyyətə düşərdik. Bunları nəzərə almalıyıq, arxayınlaşmaq olmaz, müharibə bitsə də, siyasi mübarizə davam edir”.

Şərhlər bağlıdır.