Xamenei Beynəlxalq Haaqa Məhkəməsində bəşəriyyətə qarşı törətdiyi cinayətə görə suçlandı
Mübariz varislər Azərbaycanda yenidən milli hökuməti bərqərar etmək əzmindədir.
Beynəlxalq Haaqa Məhkəməsi Xameneini və İran İslam Respublikasının 39 ali rütbə məsulunu bəşəriyyətə qarşı 1398-ci ilin aban ayında (2019-cu ilin noyabırı) törətdikləri cinayətə görə suçlayıb. Haaqa məhkəməsinin müstəntiqi İran İslam Respublikasının Haaqadakı səfiri Əli Rza Kazımi Əbdiyə göndərdiyi məktubda adları çəkilən Əli Xamenei, Həsən Ruhani, İbrahim Rəisi, Rəhmanie Fəzli, Məhmud Ələvi və Əli Şəmxanini aban ayında etirazçıların qəddarcasına qətlə yetirilməsini bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib və buna rəvac verdiklərinə görə onlardan məhkəməyə hazır olmaları və ittihamlara qarşı cavabdehliklərini tələb edib. Bu məhkəmə qətlə yetirilənlərin ailələrinin və insan haqları üzrə milli və beynəlmilləli təşkilatların Haaqa məhkəməsinə şikayət və təqazaları ucbatından təşkil edilmişdir.
Haaqa məhkəməsinin müstəntiqi İranın səfirliyindən tələb etmişdir ki, İran İslam Respublikasının rəhbəri Xamenei, prezidenti Ruhani, Əli Şəmxani, Milli Təhlükəsizlik Şurasının Katibi İbrahim Rəisi, Ali Məhkəmənin sədri Əbdül Rza Rəhmani Fəzli, Daxili İşlər Naziri Məhmud Ələvi Təhlükəsizlik Nazirinliyinə çatdırsın ki, onlar insan haqlarına və bəşəriyyətə qarşı cinayət əməllərinə görə məhkum olublar. Royter Agentliyi dey ayının (yanvar) 2-dəki raportunda aban ayında(noyabr) 1600 nəfərdən çox adamın qətlə yetirildiyini qeyd etmişdir. Ölənlər arasında 17 gənc, 440 qadın da olub. Bunlara baxmayaraq İran İslam Respublikasının məsulları bu hadisədə ölənlərin sayını rəsmi elan etməkdən çəkinmişdilər.
Əziz oxucuların nəzərinə çatdıraq ki, bu birinci dəfə deyil İran İslam Respublikasının məsulları insan haqlarına, uşaq konvensiyasiyasına, qadın hüquqlarına, dini və etnik mənsubiyyətlərə, hüquq pozuntularına görə BMT-nin Baş Katibi, Avropa Şurası, Cenevrə Konvensiyası tərəfindən qınanmış və İranda müxtəlif dövrlərdə hüquq və məhkəmə orqanlarının məsullarından, dövlət rəsmilərindən ciddi tələb olunmuşdur ki, edam hökmlərini dayandırsın. Ehtirazçılara qarşı şiddətə son qoyulsun, siyasi məhbuslara azadlıq verilsin. Bütün söz və əqidə azadlığına əməl edilsin. Senzuralar ləğv olunsun. Kitab və qazetlərin nəşrlərinə icazə verilsin. Partiya fəaliyyətlərinə qadağalar götürülsün. İranda yaşayan millətlərin hüquqlarına hörmətlə yanaşılsın. Təəssüflə deməliyik ki, yuxarıda saydığımız Beynəlxalq Təşkilatlar qarşısında olan öhdəliklərinə İran dövləti bu günə qədər əməl etmir və ya xəbərdarlıqları qulaqardına vurur. 42 il İran İslam Respublikası hakimiyyətdə olduğu illər ərzində yazdığı əsas qanunun maddələrinin həyata keçirilməsinə biganə qalmış, bunlardan əlavə vətəndaşların hüquqlarını bütün sahələrdə kobudcasına pozmuşdur. Misal üçün, Amnisti İnternəşinal Təşkilatının hər il verdiyi raportda 800-dən artıq edam faktına rast gəlirik. Hansı ki, dünyada Çindən sonra İran İslam Respublikası ikinci yeri tutur.
İran çox millətli bir ölkədir. Orada Azərbaycan türkləri, türkmənlər, qaşqaylar, bəluclar, ərəblər və kürdlər yaşayır və çoxluğu təşkil edirlər. Lakin Pəhləvi rejimindən bu yana yüz ildir ki, həmin millətlər təhqirə məruz qalırlar. Mədrəsələrdə ana dilləri qadağan olunmuşdur. Azadixah insaları işgəncəyə məruz qoymaqla yanaşı zindanlarda çürüdürlər. Rza şah dövründən paniranizm və panfarsizm siyasətinə əsasən qeyri-farsların vətəni onların zindanına çevrilmişdir. Ölkədə siyasi şəxslərə qarşı terror, təzyiq, ayrı-seçkilik siyasəti alman faşistləri təkin həyata keçirilir. Belə ki, qeyri-fars millətləri öz milli və mədəni hüquqlarından tam məhrum ediliblər. Yeri gəlmişkən deməliyik ki, biz dəfələrlə Azərbaycan türkləri olaraq bu ayrı-seçkilik və qəddarlıq siyasətini açıq məktub, imzatoplama kompaniyası, petisiya, mitinq və küçə yürüşləri vasitəsilə istəklərimizi dünya ictimaiətinə, o cümlədən Beynəlxalq Haaqa məhkəməsinə çatdırmışıq. 2002-ci ildə Haaqa şəhərində Dünya Azərbaycanlıları qurultayına Haaqa Məhkəməsinin nümayəndələrini də dəvət etdik. Güney Azərbaycanda inqilabdan sonra baş verən və hakimiyyət tərəfindən edilən haqsızlıqları onların nəzərinə çatdırdıq. Vaxtaşırı biz bu işi Azərbaycan Demokrat Firqəsi vasitəsi ilə həyata keçirmişik. Bu yolla Güney Azərbaycanda 40 milyona yaxın əhalinin ana dilində məktəbinin olmaması, heç bir sinfi, milli, mədəni təşkilatın fəaliyyətinə icazə verilməməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin ağır cəzalanması ilə nəticələnmiş olayları dünya ictimaiyyətinə çatdırmışıq. Halbuki dünyanın başqa yerlərində, məsələn, 200 min əhalisi olan bir millətin-Malta və Lüksemburq təkin dövləti var. Amma Güney Azərbaycanın 40 milyonluq əhalisi bir məktəb açmaqdan belə məhrumdur. Təəssüflər olsun ki, belə bir şəraitdə İrana qarşı təsiredici ölçülər götürülmür.
İstər Qərb ölkələri, istərsə də Rusiya, Çin və Hindistan kimi böyük ölkələr İranla münasibətlərində bu kimi kobud insan haqlarının pozuntularına göz yumurlar. Nəhayət bizim fikrimizcə Azərbaycan xalqı özü ciddi mübarizə əzmini daha güclü meydana qoymalı, Azərbaycan Demokrat Firqəsinin ətrafında birləşərək öz hüquqlarını əldə etməlidir.
Azərbaycan xalqı böyük mübarizə tarixinə malikdir. Regionda istibdadla hökm sürən şahlara qarşı əcdadımız vaxtaşırı fədakarcasına vuruşub mübarizə aparmış və öz istiqlaliyyətini qorumuş, şərəfli, şanlı, işğalçılara qarşı şərəfli-şanlı tarix yazmışlar. Azərbaycanlılara zülm edən hökmdarları taxtdan salmışlar. Xalqımız özünə məxsus dilini, ədəbiyyatını, musiqisini, adət və ənənəsini, ata-baba torpaqlarını təcavüzkarlardan qoruyub saxlamışdır. Təəssüflər olsun ki, bu günkü İran rejimi Azərbaycanı böyük İran daxilində yox etmək istəyir. Azərbaycan şəhərlərini bərbad vəziyyətə salıb iqtisadiyyatını çökdürmək, fars dilini ana dilimizin yerində oturtmaq, bir sözlə desək, Azərbaycan ruhunu, mədəniyətini, millətini, torpağını yox etmək istəyir. Lakin Səttar xanın, Xiyabaninin və Pişəvərinin mübariz varisləri olanlar bu gün də Azərbacanın haqq səsini bütün dünya ictimaiyyətinə, o cümlədən Beynəlxalq Haaqa Məhkəməsinə çatdıraraq Azərbaycanda yenidən milli hökuməti bərqərar etmək əzmindədir.
Abdulla Əmir Haşimi Cavanşir
Tarix: 17.12.1399 (8.03.2021)
Şərhlər bağlıdır.