CANINI, SAF QANINI, GÜNƏŞDƏN PAK VİCDANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN İNSAN…
Səməd Afiyətin 100 illik yubileyi münasibətilə
Səməd Hacı Abdulla oğlu Afiyət 1921-ci ilin yanvar ayında Azərbaycanın Qazax şəhərində dünyaya göz açmış və 1928-ci ildən 1938-ci ilə qədər Qazax şəhər orta məktəbində də təhsil almışdı. Artıq bu illərdə ədəbi yaradıcılıqla məşğul olmağa başlamış, yazdığı şeirlərini Qazaxda çıxan “Kommuna yolu” qəzetində dərc etdirməyə başlamışdı.
Atası İran təbəəsi olduğundan 1938-ci ildə kiçik yaşlı Səməd də ailə üzvləri ilə birlikdə başqa vətəndaşlar kimi SSRİ rəhbərliyinin məlum qərarı əsasında Azərbaycanı tərk etməli və İrana getməli olmuşdu. İrana döndükdən sonra bu ailə Cənubi Azərbaycanın Mərənd şəhərində məskunlaşmışdı.
1941-ci ilin avqust ayının 25-də (İran tarixşünaslığında bu tarix “Şəhrivər hadisəsi” kimi yadda qalmışdır) İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq sovet qoşunları 26 fevral 1921-ci il tarixli Sovet-İran müqaviləsinə uyğun olaraq SSRİ-nin cənub sərhədlərindən gözlənilən faşizm təhlükəsinin qarşısını almaq adı altında İrana daxil olduqdan və xüsusilə bu ölkənin şimal-qərb nahiyyəsində, başlıca olaraq Azərbaycan əyalətində mövqe tutduqdan sonra yaranmış nisbi sakitlik və demokratik şəraitdən istifadə edən 21 yaşlı gənc S.Afiyət mərkəzi Təbriz şəhərində yerləşən və antifaşist platformada siyasi fəaliyyətlə məşğul olan “Azərbaycan cəmiyyəti”nə üzv olur. Buradakı ciddi fəaliyyəti, vətənpərvər ruhu onu 1945-ci ilin sentyabr ayının 3-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaradılmış Azərbaycan Demokrat Firqəsinin sıralarına gətirir və ona firqənin təbliğat şöbəsinin müdiri kimi cox məsul bir vəzifə həvalə olunur.
S.Afiyət də digər həmməsləkləri kimi S.C.Pişəvərinin yaratdığı Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında baş vermiş və 21 Azər hərəkatı adı ilə tariximizə həkk olunmuş milli-demokratik hərəkatda yaxından iştirak edir, Azərbaycan Milli Hökumətinin qurucularından birinə çevrilir, bu hökumətin sosial-iqtisadi və xüsusilə mədəni sahələrdə həyata keçirdiyi islahatlarda yaxından iştirak edir, bu yolda istedad və bacarığını əsirgəmir.
S.Afiyət 1945-1946-cı illərdə Təbrizdə fəaliyyət göstərən sovet məktəbində orta təhsilini təkmilləşdirmiş və sonra özü də müəllimlik fəaliyyəti ilə məşğul olmuş, həmin zamanlarda 99%-i savadsız olan azərbaycanlıların maariflənməsində yaxından iştirak etmişdir.
S.Afiyət eyni zamanda Qazaxda başladığı ədəbi fəaliyyətini burada da davam etdirir, ədəbiyyat xəzinəmizə yadda qalan şeirlər bəxş edir. Həmin zamanlarda Təbrizdə nəşr olunan və Cənubi Azərbaycanın demək olar ki, bütün şəhər, qəsəbə və kəndlərində yayılan Azərbaycan Demokrat Firqəsinin orqanı “Azərbaycan” qəzetində də gənc şairin yaradıcılığına diqqəti çəkən yazılara rast gəlinir. Belə ki, qəzetin 9 aprel 1946-cı il tarixli 168-ci sayında demokrat firqəsinin Təbriz şəhəri 5-ci rayon komitəsinin Azərbaycan Milli Məclisinin sədri Şəbüstərinin rəhbərliyi ilə aparılan və 800 nəfər firqə üzvünün iştirak etdiyi ciddi bir toplantı barədə “Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər 5-ci rayon komitəsindəki 5 aprel 1946-cı il tarixli toplantısından” sərlövhəli yazısında şairlərdən cənab Kaşif və cənab Səməd Afiyətin vətən və azadlıq haqqında yazdıqları şeirlərini oxuduqları qeyd edilir.
S.Afiyət Cənubi Azərbaycan şairlər və yazıçılar cəmiyyətinin üzvü olmuşdur. Onun bu cəmiyyətin orqanı olan “Şairlər məclisi” toplusunun 425 səhifəlik oktyabr-noyabr 1945-ci il tarixli 3-4-cü sayındakı “Arzular” və “Əziz vətənim” ünvanında çap olunmuş şeirləri onun ciddi ədəbi yaradıcılıqla məşğul olmasından xəbər verir.
S.Afiyətin 100 illik yubileyi münasibətilə bu gün dəyərli dostların, onu tanıyan və xatirəsini əziz tutanların diqqətinə onun “Şairlər məclisi” məcmuəsində getmiş “Arzular” və “Əziz vətənim” şeirləri (adıgedən məcmuə, s.315-316) təqdim olunur. (gələcək saylarımızda yazının davamı gedəcəkdir)
S.Bayramzadə
Arzular
Mən qələmlə silahlandım, sən də götür silahı,
Üzümüzə gülümsəsin azadlığın sabahı.
Qoy ucalsın ərşə qədər bizim məğrur səsimiz,
Qoy göylərin qatları da bilsinlər ki, kimik biz.
Qoy tarixlər dastanını başlasınlar bu gündən
Nəqş olunsun tarixlərə qızıl xətlə bu Vətən.
Qoy gəlinlər adımızı xalçalarda toxusun.
Qoy aşıqlar şənimizə məclislərdə oxusun.
Qoy analar iftixarla desin, oğlum əsgərdir,
Sevdim, halal olsun, o, bir qalib gəlmiş nəfərdir.
Qoy qızlar da bizim üçün təzə bahar fəslitək,
Hər gülşənin qucağından dərib versin bir çiçək.
Beşiklərdə rahat yatsın bizim körpə balalar,
Onların xoş günlərini salamlasın ilk bahar.
Geniş nəfəs alsın bizim ana vətən torpağı,
Üzərində dalğalansın xalqın milli bayrağı.
Azərbaycan yurdumuzdur, Azərbaycan canımız,
Azərbaycan deyib vursun ölənədək qanımız.
Əziz vətənim
Yenə tüğyan edib qəlbimdə sözlər,
Nitqə gəlmək üçün məqamı gözlər.
İstərdim, hər zaman yazaydım bunu,
Elimdə bahartək açılsın üzlər.
***
Ey ana vətənim, gözəl vətənim,
Qurbandır adına vücudum, tənim.
Sənin bayramına təbriklər demək
Vəzifəmdir mənim, fəxrimdir mənim.
***
İnan, xalqım kimi mən də canımı,
Lalətək qızaran bu saf qanımı
Qoymuşam, ey Vətən, sənin yolunda,
Günəşdən pak olan bu vicdanımı.
***
Gül açdı qəlbimdə bütün arzular,
İndi azadlıq var, indi bahar var.
İndi şair qəlbim ürəkdən deyir:
Bayramın xoş gəlib ey azad diyar.
***
Getdi ürəklərin qüssəsi, qəmi,
Yandı od yurdunun sönməyən şamı.
Daha xoş gələcək, pişvaz edəcək
Qüyur millətimi, azad ölkəmi.
***
Tarixlər yazacaq fəxrin, vüqarın,
İzi qalmayacaq tikanın, xarın.
Vətən qaldıracaq sinəsi üstə
Şanlı heykəlini böyük sərdarın.
***
Yenilməz güc verib bu torpaq mənə,
Böyük arzularım sığmır sinəmə.
Heç dərdim olmazdı, inanın, dostlar
Qurban kəsilsəydim əziz Vətənə.
***
Ölsəm də qəbrimin üstündə hər gün,
Üfüqdən boylanıb qızaran o gün
Deyəcək, ey şair, eşq olsun sənə
Öyün millətinin adilə, öyün!
Təbriz, 1945-ci il.
Şərhlər bağlıdır.