MÜBARİZ ŞAİR MƏHƏMMƏDHÜSEYN TƏHMASİPUR İKİNCİ DƏFƏ ZİNDANDA

Öz vətəninə bağlı olan, onun azadlığı uğrunda öz canından keçməyə hazır olan şairlərdən biri Məhəmmədhüseyn Təhmasipurdur. O, Təbrizdə Şəhrək təxəllüsü ilə şer yazmağa başlamışdır. Şəhrək şah rejiminə qarşı öz qələmi və kəsərli şerləri ilə mübarizə aparırmış, 1979-cu il inqilabında fəal iştirak etmişdir. Təsadüfi deyildir ki, azadixahlara qarşı ilk polis yürüşündə Şəhrək də həbsə alınanlar sırasında idi. O, üç ilə yaxın Təbriz zindanında qaldı. Fiziki və ruhi işgəncəyə məruz qaldı. Lakin təslim olmadı. O, “Eşq hədisi” adlı şerində deyir:

Mərami eşqdə əl çəkmək olmaz əhdi-peymandan,

Keçilməz əhdi-peymandan aşiq, əl çəkər candan,

Çapammaz dağları Fərhadlar gər olmasa Şirin

Olammaz bülbül ayrı qönçədən, güldən, qülüstandan,

Deyin Məcnunları bəndi ilə təhdid eyləyən bilsin

Məgər azad olar divanələr zəncir və zindandan.

Şəhrək həmin şeri izah edərkən yazır; bu şeri 1362-ci ilin (1983-cü ilin) yay günlərindən birində, həbs olduğu vaxtdan 3 ay sonra, gecə-gündüz gözləri bağlı, ən şiddətli cismi və ruhi işgəncəyə məruz qaldığı, göz və ruhi xəstəliyə tutulduğu, eləcə də məhbuslardan bəzilərinin ruhiyyəsini itirmək və təslim olmaq istədikləri bir zamanda siqaret kağızına, özüdə gözləri bağlı olduğu bir şəraitdə gizli olaraq yazmışdır.

Yuxarıdakı misralar bir daha göstərir ki, Şəhrək öz əqidəsinə bağlı, möhkəm iradəli şair və azadlıq çarçısıdır. Şəhrək həmin ilin payız fəslində Təbriz zindanında “Vətən mahnısı” şerlərini yazdı.

Mən Vətən naminə bu canımı qurban demişəm,

Vətəni sevməyənə cahilü-nadan demişəm,

Bu dilimdən çəkilsəm dara heç bakim yox,

Elimin dərdlərini vazeh və üryan demişəm.

Məni dövran sınayıb bir də sınaqdan çıxarıb,

Qəlbim odlara yanıb mən ona övlad demişəm.

Gəlsə hər tiri-bəla cismimi amac edərəm,

Cismim ilə canı vətən dərdinə dərman demişəm.

Şəhrəkin şeri məhbusların dil əzbəri olmuş, məhbuslar arasənda mahnı kimi səslənmişdi. Bəli, düşmənə təslim olmayan şair nəhayət zindandan çıxır, öz doğma şəhəri Təbrizdə yaşamaq və yaratmaq imkanı olmadığı üçün Tehranda məskən salmağa məcbur olur.

O, Vətəni, tərk etmədi. Bununla xalqına bağlılığını bir daha sübuta yetirdi.

Şəhrəkin qardaşı Kərim Təhmasibpur beş ildir Tehran zindanında işgəncələrə məruz qalır, lakin təslim olmur. Şəhrək Fizulinin 500 illiyinin qeyd edilməsilə əlaqədar Bakıya gələrkən Tehranın təyyarə meydanında həbs edilmiş, ikinci dəfə qorxulu Tehranın dəhşətli zindanına atılmışdır. Onu da qeyd edək ki, Şəhrək Fizuli yubileyinə rəsmi dəvətnamə almadan adi müsafir kimi gəlirdi.

Şəhrəkin zindana düşməsi həyacanlı əks-səda tapmadı. yazıçı Fərəc Sərkuhinin tutulması ilə əlaqədar farslar dünya miqyasında böyük kompaniya qaldırmışlar. Türklər isə Təbriz universitetinin müəllimi Mahmud Çehreqanin müdafiəsinə qalxmışlar. Şəhrək heç kimdən kömək diləmir. O öz iradəsinə, öz ideyasına arxalanan şairdir. O, hələ Təbriz zindanında olarkən 1984-cü ilin may ayında Eynallı dağına xitabən yazırdı:

 Yamandır zəmanə, yaman,

Eynallı,

Aman zəmanədən, aman,

Eynallı.

Tapılmır halıma yanan,

Eynallı

Dərdimi dərindən qanan,

Eynallı,

Divarın başında tikanlı sim var,

Nə ucalan səsim,

Nə bir kəsim var.

Səndən bura gələn təkcə

Nəsim var.

Şəhrək 13 ildən sonra yenə də tikanlı simlərin arxasınadadır. O, yenə də işgəncəyə məruz qalır, lakin təslim olmur. O, siyasi alver məqsədilə xarici radioların dalğalarda yaydığı gurultulu müdafiəyə arxalanmır. O, öz xalqına, öz torpağına, öz vətəninə arxalanır. Afərin sənə Şəhrək! Sən heç kimdən umub-küsmürsən. dərdini Eynallı dağına deyirsən. Təbrizin nəsimi sənə öz xalqının alovlu nəfəsini çatdırır. Inan, həm sən, həm də qardaşın Kərim mübariz insan kimi yaşayırsınız. 30 il ruhi və cismi işgəncəyə məruz qalan Səfər Qəhramani nəhayət xalqın ağuşuna atıldı, azadlığa çıxdı. Inanırıq ki, sindanın dəmir dərvazaları sınacaq, sən də milyonların ağuşuna atılacağsan.

“Mühacir” qəzeti mart 1997-ci il.

Ə. Lahrudi

 

Şərhlər bağlıdır.