Azerbaycan-ruznamesi.org saytının aldığı məlumata görə, təqaüdçülər və Sosial Təminat Təşkilatından yardım alanlar aprelin 4-ü, bazar günü ən azı 15 şəhərdə etiraz aksiyası keçiriblər.
Onlar tələblərinin yerinə yetirilməməsinə etiraz edirlər.
Təbriz, Ərdəbil, Ərak, Tehran, Kərəc, Xürrəmabad və doqquz başqa şəhərdə aksiyalar eyni tələblərlə həyata keçirilib.
Təqaüdçülər pensiya səviyyəsinin artırılmasını, təqaüdlərin bərabərləşdirilməsini, bununla bağlı qanunun və yetərli sığorta təminatının tətbiq olunmasını tələb edirlər.
Etirazçılar yoxsulluq həddinin 10 milyon tümən olduğu halda 4 milyon tümənlik təqaüdün yetərsiz olduğunu bildirib, sosial təminat ilə əhatə olunan təqaüdçülərin, əlillərin və müharibə yaralılarının hüquqlarının bərabərləşdirilməsini tələb ediblər.
Həmçinin dövlət və hərbi təqaüdçülərlə sosial təminat təqaüdçüləri arasında ayrıseçkiliyin aradan qaldırılması, müalicə qanununun tətbiqinin qətiləşdirilməsi və əlavə sığortanın ləğv edilməsi də tələb olunur.
Qeyd edək ki, yeni ildə təqaüdçülər eyni istəklərlə dəfələrlə etiraz aksiyası keçiriblər.
Bundan öncə Təbriz, Həmədan və Qəzvin şəhərlərində Sosial Müdafiə İdarələrinin önündə toplaşan təqaüdçülər əllərində üzərində “maaşımız rial (İranın pul vahidi) ilə, xərclərimiz dollar ilə, hesabat ver, Ruhani (İran prezidenti)” yazılmış plakatlar qaldırmışdılar.
Şərhlər bağlıdır.