İranın bütün “inqilabi” qüvvələri xüsusi müraciətlər qəbul edərək, Məhkəmə Hakimiyyətinin rəisi ayətullah İbrahim Rəisidən yalvararaq xahiş edirlər ki, iyunun 18-də keçiriləcək 13-cü prezident seçkilərində iştirak etmək üçün razılıq versin. Bir neçə gündür namizədlərin qeydə alınmasına başlanılıb. İ.Rəisi hələ susur. Əvəzində 130 nəfərin namizədliyi qeydə alınıb.
4 il bundan əvvəl İ.Rəisi prezident seçkilərində “inqilabi” qüvvələrin əsas namizədi kimi iştirak edib seçkini uduzmuşdu. Həmin günlərdə ona qarşı irəli sürülən əsas ittihamlardan biri rejimə müxalif məhbus gənclərin həbsxanada kütləvi şəkildə edam olunmasında iştirak etməsi idi. Ona görə bu dəfə də İslahat cəbhəsində İ.Rəisidən namizəd olmağı heç kim xahiş etmir. Yəqin bu səbəbdəndir ki, İ.Rəisi bu qədər tərəddüd edir. Maraqlı cəhətlərdən biri də İran elitasının inqilabdan 40 il sonra “inqilabçılar”a və “anti inqilabçılar”a bölünməsidir.
İnqilabçılar cəbhəsində ən yüksək vəzifəli indiki və keçmiş hərbi (əsasən sepah) və mülki məmurlar, statusuna görə və faktiki olaraq ən böyük korrupsionerlər birləşir. Anti inqilab cəbhəsi adı altında isə islahatçılar, “liberallar” və onlara yaxın qüvvələr başa düşülür. Həmin cəbhədə də korrupsiya imkanı geniş və korrupsionerlər az deyil. Söhbət Milli sərvəti talamaq və mənisəməkdə inhisara nail olmaqdan gedir. İran İslam Respublikasında yenidən təşkil edilən məhkəmə hakimiyyəti yarandığı gündən mühafizəkarların ixtiyarındadır. Mübarizə həmişə parlament və əsasən İcra hakimiyyəti uğrunda getmişdir.
Hazırda Parlament (Qanunvericilik) hakimiyyəti tamamali mühafizəkarların əlindədir. Qalır icra hakimiyyəti. Onun da ələ keçirilməsi, əgər gözləniməz hadisə baş verməsə, elə bir problem təşkil etməyəcək. Bundan sonra mühafizəkarlar, yəni “inqilabçılar” hakimiyyətə təkbaşına sahib olub milli sərvəti öz aralarında bölüşdürmək üçün ən münasib şərait yaratmış olacaqlar. Həmişə olduğu kimi, bütün dava bir armudun üstündədir.
Vidadi Mustafa
Şərhlər bağlıdır.