TƏHQİRƏ MƏRUZ QALAN LARİCANİ SUSMAĞA ÜSTÜNLÜK VERDİ

44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan haqqında ən bədniyyət və hətta təhqiramiz ifadələr söyləyən Laricani ailəsinin üzvü olan Məhəmməd Cavad Laricani söyləmişdi. Amma nədənsə prezidentliyə namizədlərin qeydə alınması dövründə səsverməyə buraxılacaq iddiaçıların siyahısından Əli Laricani kənarda saxlanılanda, kifayət qədər təhqirlərə məruz qalanda nə özü dilləndi, nə də ağsaqqalı. “Reytinq” qəzetinin əməkdaşı Əziz Rzazadənin sizlərə təqdim olunan yazısında həmin məsələ ətraflı şərh edilir.

İyunun 4-də Ayətullah Xamnəi İran prezidentliyinə namizədliyin təsdiqlənmə prosesində bəzi namizədlər və onların ailə üzvləri haqqında qərəzli hesabatlara vurğu edib. Onun sözlərinə görə, saxta rəylər sonradan maneəsiz şəkildə KİV-lərdə yayımlanıb. Ayətullah Xamnəi: “Şərəf və ləyaqəti alçaldılan namizədlərə haqqı qaytarılmalıdır”, – dedikdə, eyhamın Əli Laricani və ailə üzvlərinə vurulduğuna yalnız azlığın şübhəsi vardı.

Nəzarətçilər (Nəzarət-Təftiş) Şurası dərhal məsələni gündəliyinə saldı, amma günün sonunda verilən bəyanatda təsdiqlənmə prosesində Nəzarətçilər Şurasının “heç bir qərəzli hesabat əsasında rəy çıxarmadığı” elan olundu. Qərar dəyişmədikdən sonra Əli Laricaninin Ayətullah Xamnəiyə qısa məktub yazaraq, bir növ, diqqətə görə təşəkkür etməkdən başqa çarəsi qalmadı.

Bir sözlə, 7 nəfərdən ibarət prezident marafonuna daha bir iddialının əlavə olunacağı fikri doğulmamış öldü.

Və… bir çox suallar ortaya çıxdı:

– Əgər namizədlərdən biri (və ya bir neçəsi) haqqında rəy çıxarılarkən, saxta hesabatlara istinad edilmişdisə, niyə Ayətullah Xamnəi özünün “hokme hokumət” (müstəsna veto) hüququndan istifadə edib həmin şəxsi (və ya şəxsləri) prezident seçkilərində iştiraka buraxmadı? Axı əvvəlki seçkilərdə bu hal müşahidə edilib, həm də bir dəfə deyil, bir neçə dəfə…

– Ayətullah Xamnəidə saxta hesabatlara dair danılmaz dəlillər vardısa, həmin hesabatın mənbəyi hansı dövlət qurumudur: “Sepah”ın kəşfiyyatı, “Ettelaat” və s.?

– Saxta hesabatın müəllifi niyə cəzalandırılmadı?

– KİV-də yayımlanan məlumatlarda Əli Laricaninin ailə üzvləri (qızı və kürəkəni), daha doğrusu, onların Böyük Britaniya təbəəliyini qəbul etməsi haqqında hesabatı “Ettelaat”ın əks-kəşfiyyat bölməsinin təqdim etdiyi bildirilib. Amma Nəzarətçilər Şurasının üzvü Əhməd Xatəmi namizədlər haqqında rəylər formalaşarkən, “Sepah”ın kəşfiyyat hesabatının da nəzərdən keçirildiyini bildirib. Elə isə “Sepah”ın hesabatında Laricani ailəsinin ikili vətəndaşlığı qeyd olunubmu?

– Söhbətin məhz Əli Laricaninin namizədliyini qeydə almamaqdan getdiyinə şübhə yeri qalmır, çünki KİV-də məhz onun ailə üzvləri ilə bağlı ifşaedici məlumatlar yayımlanıb və Nəzarətçilər Şurasının üzvü olan qardaşı Sadeq Laricani kəşfiyyat hesabatında “saxta məlumatlar”ın olduğunu açıq şəkildə bəyan edib. Bunu Ayətullah Xamnəiyə çatdıran odurmu? Yəni cütlük arasında pünhan görüş olubmu?

– “Nəzarətçilər Şurasında 20 ildir ki, təmsil olunuram və ilk dəfədir ki, Şuranı müdafiə etmək üçün söz tapmıram”, – deyən Sadeq Laricani niyə sonradan fikrini dəyişdi və “Namizədləri təsdiqləyən yeganə qanuni qurum Nəzarətçilər Şurasıdır”, – dedi? Sadeq Laricaniyə təzyiq göstərilibmi? Təzyiq kimdən gəlib: kəşfiyyat qurumlarından, yaxud Şuranın digər üzvlərindən?

– Nəzarətçilər Şurasının 12 üzvündən 6-nı (fəqih) Ayətullah Xamnəi təyin edir? Onun “prezidentliyə namizədin cəfa və zülm görməsi” barədə sözləri həm də Şura üzvlərinə ümumi töhmətdirmi?

– KİV-in iddiasına görə, Şuradakı səsvermə zamanı Şuranın sədri Əhməd Cənnəti və Abbasəli Kədxudayi Laricaninin lehinə səs verib, bəs, digər üzvlərin səsləri necə bölünüb?

Bu suallara cavab tapılana qədər qeyd ediləcək mühüm bir məqam var: 2021-ci ilin prezident seçkiləri sadəcə, icraedici hakimiyyət rəhbəri seçkisi deyil, həm də post-Xamnəi dövrünə hazırlıq mərhələsidir. Buna görə də, elitalar arasında ziddiyyətlər və gizli çarpışmalar çılpaqlaşmaqdadır. İndi İranda prezident seçkiləri fonunda siyasi qrupların əlverişli mövqe tutma uğrunda toqquşmasını görmək daha asandır.

Laricani ailəsi (klanı) də bu mövqe çarpışmasında iştirak edirmi? Cavabın təsdiqləyici olmaması qeyri-mümkündür. Bu mənada, yaxın keçmişdə baş verənləri ötəri xatırlatmağa dəyər, xüsusən, 2019-cu ildə (artıq mərhum) Ayətullah Məhəmməd Yəzdi və Sadeq Laricani arasında söz duelini.

Ekpertlər Şurasının (Şurayi Xobreqan) keçmiş sədrinin o zaman məhkəmə hakimiyyətinin eks-rəhbərini hədəfə almasının arxasında nə dururdu?

Məhəmməd Yəzdi həmişə sərt mövqeyi ilə tanınıb, ötən illərdə fəqih həmkarlarını belə çəkinmədən sözlə daşqalaq edib. Sadeq Laricaniyə gəlincə, Ayətullah Xamnəi onu “müdrik alim” adlandıraraq Ali Məhkəməyə sədr təyin etdikdə, bu, Qum hövzəsində, xüsusən, dövlət təyinatlarında həlledici səsə malik olduğu iddia edilən Məhəmməd Yəzdidə qısqanclıq oyatmışdı. Ali Məhkəmə sədri Qumda öz mədrəsəsini açmağa çalışdıqda isə Məhəmməd Yəzdi tərəddüd etmədən hərəkətə keçib, rəqibinin ünvanına bir sıra, o cümlədən korrupsiyaya bulaşma ittihamı səsləndirdi.

Sadeq Laricani də bildiklərini beş qaba çəkib, təkcə Məhəmməd Yəzdini deyil, “Sepah”ın kəşfiyyat rəhbəri Hüseyn Taeb, parlamentin hazırkı sədri Məhəmməd Baqer Qalibafı eyni ittihamla hədəfə alıb. Korrupsiyada ittiham olunan bir sıra digər nüfuzlu şəxslərin də adları səslənib, siyasi mühit əməllicə qarışıb.

Bu ağız davası sonradan tərəflərin gözlənilməz barışığı, “Pirr sülhü” ilə bitib. Amma onlardan hər birinin qisas gününü gələcəyə saxlaması şübhəsi özünün doğruldub. İki keçmiş baş hakim arasındakı şəxsi qovğanın məhz Laricani qardaşlarının gələcəyi ilə əlaqəli olduğu fərziyyəsi doğru çıxıb. Sadeq Laricaninin növbəti Ali Lider və qardaşı Əli Laricaninin prezidentliyə namizəd (və hətta prezident) ola biləcəyi barədə ehtimal Ali Məhkəmənin hazırkı sədri İbrahim Rəisini dəstəkləyən elitanı lazımi anda hərəkətə keçirib.

Ayətullah Xamnəinin nüfuz savaşı aparan elitalardan kimə məhrəm olduğu hələ aydın deyil. Ancaq “cəda və zülm”, habelə “haqqın qaytarılması tələbim” sözlərinə baxmayaraq, Laricani klanı artıq məğlub tərəf kimi görünür. Nə əvvəlki səlahiyyətlər var, nə də zahiri Ali liderə yaxınlıq gözə dəyir. Ən azı indiki mərhələdə.

Şərhlər bağlıdır.