22 iyun alman faşizminin SSRİ-yə qəfil hücumunun başlandığı gündür. Müharibə 1941-1945-ci illəri əhatə etdi. Yarım milyondan çox azərbaycanlı da qəddar düşmənin öz yurdunda məğlub edilməsi uğrunda döyüşlərdə iştirak etdi. Bəzilərinin qismətinə əsirlik həyatı düşdü. Onlar talelərinə boyun əymədilər, əsir düşərgələrindən qaçdılar, partizan dəstələrinə qoşuldular. Ən adlı-sanlı partizan kimi bizlərə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun adları da geniş məlumdur.
Bu yazıda və videoda isə qazaxlı Qazaxın Şıxlı kəndində 1922-ci ildə anadan olmuş Tahir İsrəfil oğlu İsayevdən söhbət açılacaq.
Tahir İsrafil oğlu İsayev (1922, Qazax rayonu – 2001, Qazax rayonu) — İkinci dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı (1968).
Tahir İsayev Qazax rayonunun Şıxlı kəndində 1922-ci ildə anadan olmuşdur. Müharibə cəbhəsində Mozdokun ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş (1942) və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu.
Döyüş yoldaşları “Serafino” adını ona atasının adına (İsrafil İsayev) uyğun olaraq vermişdilər. O, “Fiamma Verdi” beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Həmyerlimiz, leytenant Serafino 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərmişdir. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirmişdir. O, İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. 1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşıdır. Tahir İsayev alman və italyan dillərini bilirdi.
1974-ci ildə çəkilən “Onun adı Serafino idi” filmi Tahir İsayevdən bəhs edir.
- İsayev 2001-ci ildə vəfat etmiş və doğulduğu kənddə dəfn olunmuşdur. Şıxlı kəndində olan muzeydə onun haqqında geniş material vardır.
Nizami Rzaşüvari,
ehtiyatda olan mayor
Şərhlər bağlıdır.