TEHRANDA QARŞIDURMA

KÜTLƏNİN NARAZILIĞI, XAMNEYİ ƏLEYHİNƏ ŞÜARLAR

İyulun 31-də Tehranda futbol üzrə ölkə Premyer Liqası çərçivəsində “Persopolis”-“Peykan” klubları arasında keçirilən oyundan sonra insident baş verib.

Rəqibi üzərində 2-0 hesabı ilə qələbə qazanaraq çempion olan “Perspolis”in azarkeşləri küçələrə axışıb. Aksiyada hakimiyyət əleyhinə və ali lider Seyidəli Xamneyiyə qarşı şüarlar səslənib.

Bununla bağıə sosial şəbəkələrdə foto və video görüntülər yayılıb. Məlumata görə, “Perspolis”in çempion olmasını bayram edən futbol azarkeşləri şovinist fars rejiminə qarşı kəskin şüarlar səsləndiriblər.

Paytaxtın Narmək, Tehranpars və bir sıra digər məntəqələrində, eləcə də paytaxta yaxın olan Gülüstan və Baharistan şəhərlərində küçələrə axışan futbol tərəfdarları “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Uzun illər bu qədər cinayət törətmiş Vilayət-i Fəqih rejiminə ölüm olsun”, “Top, tank, fişfişə, rədd olsun axundlar” və “İslam respublikasına ölüm” şüarları səsləndirib.

Narazılar ölkəni bərbad duruma salan hakimiyyətin yarıtmaz siyasətinə etiraz bildiriblər.

Motosikletçi polis və mülki geyimli təhlükəsizlik qüvvələri etirazçılara hücum edib. Narazılarla rejim qüvvələri arasında bir neçə yerdə qarşıdurma baş verib. Onlarla etirazçı həbs edilərək naməlum istiqamətə aparılıb.

Etirazların bir neçə saat davam etdirildiyi, hazırda Tehranda, eləcədə Gülüstan və Baharistan şəhərlərində vəziyyətin gərgin olduğu bildirilir.

Şərhlər bağlıdır.