PARLAMENT YENİ PREZİDENTDƏN TƏLƏB EDİR:

SÜNNİLƏRƏ VƏ QADINLARA HÖKÜMƏTDƏ YER AYRILSIN

İran prezidenti seçilən İbrahim Rəisinin Milli Məclislə arasında narazılıq yaşanmaqdadır.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, İran parlamentinin bəzi üzvləri sünnilərə və qadınlara kabinetdə yer verilməməsinə etirazlarını bildiriblər.

Hazırda İran Məclisi yeni prezidentin təqdim etdiyi hökumət kabinetinə dair güvən səsverməsi başladıb. Kabinetin siyahısındakı adlar Məclisdə tək-tək qiymətləndiriləcək və ardınca səsvermə keçiriləcək.

Parlamentin iclasında deputatlara müraciət edən prezident Rəisi yeni hökumətin əsas işinin COVİD-19 pandemiyasını nəzarətə almaq və iqtisadiyyatda sabitliyi saxlamağın əsas məqsəd olduğunu açıqlayıb.

Parlamentin “Əhli Sünnə” fraksiyasının rəhbəri olan Mahabad şəhərinin deputatı Cəlal Mahmudzadə İbrahim Rəisinin hökumət kabineti siyahısını tənqid edib: “Hörmətli Rəisi, kabinetinizdə orta yaş 52-dir. Gənc kabinet şüarlarınıza rəğmən təqdim etdiyiniz kabinet siyahısında yaş ortamı qəbul edilən deyil”.

İranın yeni hökumətində qadınlara və sünnilərə yer verilmədiyinə diqqət çəkən Mahmudzadə deyib ki, əhalinin müəyyən hissəsini təşkil edən sünnülərin kabinet üzvlüyünə təqdim edilməməsi qəbulolunmazdır: “Biz və Məclisdəki qadınlar prezident Rəisidən soruşur, nədən hökumət kabinetində bir xanım belə yoxdur? Xanımların fərqli istiqamətlərdə potensialını hamımız bilirik. Ancaq siz qadınları görməzdən gəlmisiniz. Siz azlıqlardan faydalanacağınıza dair öncəki toplantıda söz vermişdiniz. Maraqlıdır, milyonlarla sünni vətəndaşdan sizin nazir olmaq üçün irəli sürəcəyiniz bir namizəd tapılmadı?”.

Deputat yeni prezidenti yaxın dostlarını hökumətə daxil etməkdə də qınayıb: “Yaxın dostlarınızdan seçdiyiniz bu iqtisadi komanda ilə iqtisadi problemlərə qarşı savaş apara bilməzsiniz. İqtisadi komandanız lazımlı idarəçilik qabiliyyətinə malik deyil və beynəlxalq anlaşmalara qatılmağa qarşı düşüncəyə sahibdirlər”.

İranda sünni əhalinin üstünlük təşkil etdiyi Sistan-Bəlucistan əyalətinin deputatı Muinuddun Sadiqi də kabinetdə heç bir qadına yer verilməməsini üzücü hadisə adlandırıb, sünnü mənsublu bir şəxsin hökumətdə nazir postunda təmsil olunmamasının səbəbini soruşub.

Sərvandan Məclisə seçilən deputat Melik Fazili isə ölkə əhalisinin 11 faizini təşkil edən Sistan-Bəlucistan əyalətindən kimsəyə hökumət kabinetindən yer veriləcəyini gözləsə də, bunun baş vermədiyini deyib.

Hər zaman Vilayəti Fəqihi dəstəklədiklərini söyləyən deputat sünni əhalinin də ləyaqət əsasında hökumət kabinetində yer almasını gözlədiklərini bildirib.

Nazim

Şərhlər bağlıdır.