ARAŞDIRMA

ABŞ -ÇİN NÜVƏ QARŞIDURMASI

Məşhur neft tarixçisi Daniel Yergin 14 sentyabr 2021-ci il tarixində Nyu-Yorkda nəşr olunmuş “Yeni xəritə” adlı kitabında post-neft dünyasındakı geosiyasi dəyişiklikləri dərindən araşdırmışdır. O, adıgedən kitabında yazır ki, XX əsrin əvvəllərində Birinci Dünya müharibəsindən sonra dünya xəritəsi necə dəyişmişdisə, iyirmi birinci əsrdə də dünyanın yeni xəritəsi formalaşacaqdır.

Dünya illərdir ki, Çinlə ABŞ arasında strateji və geosiyasi qarşıdurmanı izləməkdədir. Bununla belə hər iki ölkənin liderləri istər-istəməz hər hansı bir səbəbdən baş verən qarşıdurmaların qarşısını almaqla onları aradan qaldırmış və ya təxirə salmışlar.

16 Sentyabr 2021, cümə axşamı günü isə dünya üçün tarixi bir gün yaşandı. Həmin gün Avstraliya, İngiltərə və ABŞ liderləri birdən-birə dünya televiziyalarına çıxaraq müdafiə, təhlükəsizlik və nüvə sahəsində üçtərəfli müqavilənin bağlanması barədə xəbər yaydılar. Dünyanı sarsıdan bu bəyanata ilk olaraq Çin reaksiya verdi və Avstraliyanı nüvə hücumu ilə təhdid etdi. Belə ki, dünya televiziyalarında üç ölkənin liderləri tərəfindən yayımlanan sözü gedən bəyanata dərhal reaksiya verən Çin Kommunist Partiyasının ingilis dilli orqanı “Global Times” ən çılpaq sözlərlə dünya siyasi ədəbiyyatına yeni abbreviatura (qisaltma) ilə daxil olan bu müqaviləyə qarşı çıxdı. “Politico” xəbər agentliyinin bildirdiyinə görə, AUKUS (Australia, United Kingdom, United States) Amerika tarixində ən yeni və çirkin bir müqavilənin  abbreviaturası – qısaltmasıdır.

Avstraliya, İngiltərə və ABŞ arasında bağlanmış üçtərəfli təhlükəsizlik müqaviləsinə uyğun olaraq qarşıdakı 18 ay ərzində Avstraliyaya səkkiz nüvə sualtı qayığı veriləcək və bundan əlavə, Avstraliya bir çox süni intellekt, kvant və müdafiə texnologiyası ilə də təchiz ediləcəkdir.

Əslində ABŞ Əfqanıstan, Səudiyyə Ərəbistanı, İraq və Suriyadan ya geri çəkilmiş və ya geri çəkilməklə yanaşı indi Çinə qarşı Sakit okeanda nüvə və təhlükəsizlik düşərgəsi yaradır. “Röyter” xəbər agentliyinin təbirincə desək, 16 sentyabr 2021-ci il tarixində imzalanmış üçtərəfli AUKUS müqaviləsi dünyanın geosiyasi mühitinə təsir edəcək yeni “Soyuq müharibə”nin başlanmasından xəbər verir.

Sakit okean hövzəsində ABŞ hərbi düşərgəsinin yaradılması Avropa, xüsusilə də Fransa üçün çox böyük bir zərbədir. Fransa həmin müqaviləni ona arxadan vurulan xəncər kimi qiymətləndirir. “France” radiosuna verdiyi müsahibəsində Xarici İşlər naziri cənab Jean-Yves Le Drian (Jan-İv Le Drian) da bu müqaviləni qəddar, birtərəfli və gözlənilməz bir qərar adlandırmışdır. O, qəzəbini də gizlədə bilməyərək demişdir: “Həm qəzəblənirəm, həm də acıyıram. Müttəfiqlər arasında belə bir şey edilməməlidir”. Fransa hər üç ölkəni xəyanətdə günahlandırıb.

Bəs Fransanı bu qədər qəzəbləndirən səbəb nədir? Fransanı qəzəbləndirən iki əsas səbəb vardır: birincisi, AUKUS-dan öncə Fransanın Avstraliyaya 90 milyard dollarlıq nüvə sualtı gəmiləri satmaq barədə razılaşması var idi, lakin indi həmin qazanclı razılaşmanın icrası dayandırılmışdır. Digər əhəmiyyətli bir səbəb isə ilk böyük Transatlantik təhlükəsizlik müqaviləsində təkcə Fransanın deyil, Avropanın da göz ardı edilməsidir.

Avstraliyanın Baş naziri Skott Morrison BMT Baş Assambleyasının sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşməkdən imtina etmişdir. O, Fransa ilə müqavilənin ləğv edilməsindən Fransanın məyus olmayacağını düşünməyin sadəlövhlük olduğunu bildirməklə bunun Avstraliyanın milli maraqları naminə edildiyini söyləyib.

16 Sentyabr 2021-ci il tarixində dünyanın geosiyasi səhnəsində baş verənlərdən görünən budur ki, ABŞ Çinin artan irəliləyişlərinə dözməyib nəhayət, nüvə qarşıdurmasında yeni hərbi bir blokun yaradılmasına başlamışdır.

Səməd Bayramzadə

Şərhlər bağlıdır.