PAŞİNYAN PUTİNƏ KƏLƏK GƏLƏ BİLMƏDİ

MOSKVA ERMƏNİLƏRİN GÖZ YAŞINA DAHA İNANMIR

Ölkə liderlərinin görüşü cəmiyyət üçün qaranlıq qalan məqamlara bir sıra hallarda aydınlıq gətirə bilir. Öz ölkəsinin ictimaiyyətini saxta bəyanatlarla aldatmağa səy göstərən belə liderlər zirvə görüşlərində də özlərini ifşa edirlər.

Heç kimə sirr deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərb və Rusiya arasında manevr edən siyasətçi kimi göstərməyə cəhd etsə də, onun davranışının arxasında daha çox saxtakarlıq və hiyləgərlik dayanır.

Hamıya gün kimi aydındır ki, 2018-ci ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyinədək N.Paşinyan və komandası qatı anti-Rusiya mövqeyində idi. O, sonralar bunu ört-basdır etməyə çalışsa da, komandası strategiyasını dəyişməyib və fəaliyyətini əvvəlki kimi davam etdirməkdədir.

Bu il noyabrın 23-də Paşinyan keçirdiyi mətbuat konfransında iddialı danışmaqla özünü elə aparırdı ki, guya Ermənistan regional hadisələrdə əsas söz sahibidir. O, dolayısı ilə Rusiyaya qarşı da çıxış edirdi. Noyabrın əvvəlində İrəvanda anti-Rusiya aksiyasının keçirilməsi, Rusiya pasportu daşıyan keçmiş müdafiə naziri Artaşak Karapetyanın işdən çıxarılması, Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, Paşinyanın komandasının sadiq üzvlərindən sayılan Andranik Koçaryanın “Rusiyanın erməniləri satmaqda” ittiham etməsi kimi hadisələr rəsmi İrəvanla Moskva arasında etimad mühitinin zəif olduğunun sübutlardandır. Bu baxımdan noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və sonda bəyanatın qəbul edilməsi zamanı Moskva Paşinyanın göz yaşlarına inanmadı.

Ermənistan hökumətinin başçısının Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə zəng edərək Qərbi Cənubi Qafqazdakı məsələlərin həllinə cəlb etmək cəhdindən heç şübhəsiz Moskva da xəbərdardır.

Paşinyanın bu və bundan əvvəlki bəyanatlarını, davranışını Rusiya özünə hörmətsizlik kimi qəbul edib. Ona görə də Brüssel görüşündən əvvəl Soçi toplantısının keçirilməsinə nail olub. Düzdür, noyabrın 9-na keçirilməsi nəzərdə tutulan görüşün Ermənistanın ucbatından pozulmasını da Rusiya unutmayıb.

ABŞ Prezidenti Cozef Baydeninin N.Paşinyanı “demokratiya sammiti”nə dair video-formatda keçiriləcək konfransa dəvət etməsi də Rusiyanın qıcıqlandırmaya bilməz. Ağ ev bununla Kremlə “Ermənistan mənimdir” ismarışını verir. Belə ehtimal etmək olar ki, Paşinyan Qərb qarşısında öhdəlik götürdüyündən C.Bayden ona özəl yanaşıb. Çünki Ermənistanda demokratiyanın inkişaf səviyyəsi, insan hüquqlarının hər addımda pozulması, söz və mətbuat azadlığının boğulması, eyni zamanda, rəsmi İrəvanın bəşəri proseslərə verə biləcəyi hər hansı töhfənin olmaması bu ölkənin belə tədbirlərdə iştirakına imkan vermir.

Bütövlükdə N.Paşinyanın müxalifətdə olduğu dövrdəki, həmçinin hakimiyyətə gələndən sonrakı fəaliyyətini, xüsusən də son zamanlardakı davranışlarını Azərbaycanla Ermənistan arasında problemlərin həlli üçün vasitəçilik edən Rusiya Prezidenti Vladimir Putinə sayğısızlıq kimi qiymətləndirmək mümkündür. Bundan başqa, Paşinyanın C.Baydenin tədbirinə dəvəti Ermənistanın üzvü olduğu Avrasiya İqtisaidi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı addım sayılır. Hesab etmək olar ki, ABŞ Prezidenti demokratiya pərdəsi altında anti-Rusiya koalisiyası yaradır.

Soçi görüşündə Rusiyanı ölkəsinin ən yaxın müttəfiq adlandırması əslində Paşinyanın Putin qarşısında tövbəsi də sayıla bilər. Ona görə də o, noyabrın 23-də məlum mətbuat konfransındakı çıxışının tam əksinə danışdı. Ermənistanın hökumət başçısı Soçidə nəqliyyat əlaqələrinin bərpası, iqtisadi əlaqələrin qurulması və əməkdaşlıqla bağlı çıxış edib.

Soçi bəyanatı həm də N.Paşinyanın ölkəsindəki çıxışlarının təkzibi kimi dəyərləndirilə bilər.

Görünür, üçtərəfli görüşdən sonra Rusiya Prezidentinin onu ayrıca qəbul etməsi də təsadüfi deyil. Belə ehtimal etmək olar ki, bu görüş daha çox Rusiya və Ermənistan arasındakı mövcud vəziyyətin gərginliyi ilə bağlı olub. V.Putin ölkələr arasında ticarət dövriyyəsinin pandemiyadan əvvəlki səviyyəyə çatacağına ümid etdiyini bildirərək deyib: “Düzdür, son bir ildə ticarət dövriyyəsi bir qədər azalıb, ancaq ümid edirəm ki, bundan sonra daha da irəli gedəcəyik”.

Ticarət dövriyyəsi ilə bağlı fakt həm də Rusiya ilə Ermənistan arasındakı münasibətlərin heç də rəsmi bəyanatlarda səsləndirildiyi kimi olmadığının göstəricisi sayıla bilər.

Ermənistanın Baş naziri və onun havadarları Cənub Qafqazda mövcudluqlarını ATƏT-in Minsk qrupu vasitəsilə reallaşdırmağa çalışırlar. Onların ötən 30 il ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində fəaliyyətsizliyi bunu sübut edib. İndi həmin beynəlxalq vasitəçilər Ermənistan kimi “casus dövlət”in əli ilə yenidən Cənubi Qafqaza soxulmağa, yeni münaqişə yaratmağa səy göstərirlər. Başqa sözlə, öz fəaliyyətsizliyi və laqeydliyi nəticəsində tarixin zibilliyinə göndərilən ATƏT Minsk qrupunu geri qaytarmaq, dəfn olunmuş ölünün dirildilməsi qədər cəfəng iddiadır.

Soçi görüşü Azərbaycan və Rusiya münasibətləri ilə yanaşı, Ermənistanın da vəziyyətinə aydınlıq gətirdi. Ehtimal etmək olar ki, Paşinyan Brüssel görüşündə ikiüzlülük edəcək və Putinə keçməyən saxtakarlığını Şarl Mişelə sırımağa çalışacaq.

Sədrəddin İsmayılov,
politoloq

Şərhlər bağlıdır.