DOKTOR RZA BƏRAHƏNİ İLƏ MÜSAHİBƏMİZ

Əziz və dəyərli həmvətənlərim,

Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir 1935-ci il Təbriz doğumlu Rza Bərahəninin vəfatından (25 mart 2022) sonra onun haqqında yazılmış bir sıra yazıları, şərhləri və qeydləri oxudum, müxtəlif mülahizələrlə tanış oldum və belə qərar gəldim ki, Rza Bərahəninin şəxsiyyəti və kimliyi, milli ruhu və hissləri ilə daha yaxından tanış olmaq üçün onun 1979-cu ildə Tehranda Azərbaycan Azadlıq Firqəsinin orqanı kimi Azərbaycan və fars dillərində nəşr olunmuş “Yoldaş” jurnalına vermiş olduğu bir müsahibəsini  sizlərin diqqətinə təqdim edim.

Bu müsahibəni elə həmin ildə (1979) özüm “Yoldaş” jurnalının səhifələrinən götürmüşəm və hətta həmin müsahibəni oxuyandan və üzünü köçürdükdən sonra onun kənarında Rza Bərahəni haqqında öz qeydlərimi də yazmışam: “Bərahəni Türkiyədə oxumuş, Leninin əsərləri ilə tanış olmuş, xüsusən əzilən kütlələrin, müstəmləkə xalqlarının milli azadlıq hərəkatları haqqında nəzəriyyəni öyrənmiş və özü də bu ruhda olmuşdur”. Belə bir qənaətə gəlməyimuin səbəbi R.Bərahənin o zamanlarda tərcümeyi-halı ilə tanış olmağım, eyni zamanda da onun özünün bu müsahibəsində “Mən və məndən böyük qardaşım doktor Nağı Bərahəni ki, indi daneşqahda (universitetdə) dərs deyir, bir proletar xanevadedən (ailədən) idik”. … mənim əvatefim (hissim, ruhum) kargərlərin (fəhlələrin) dili idi və kargər atasının dili idi” kimi qeydləri oldu.

Bu məsələ ilə bağlı bir haşiyə də çıxmaq istərdim.

İrandakı 1978-1979-cu illər İnqilabından sonra Cənubi Azərbaycandan Böyük Britaniyaya mühacirət etmiş  və orada yaşamış, oxumuş, müəyyən elmi nailiyyətlər qazanmış prof. Qulamrza Səbri Təbrizi (Allah ona da rəhmət eləsin) də 80-ci illərin əvvəllərində Bakıya gələrkən AMEA Yaxın və Orta Şərq xalqları (indiki akad. Z.Bünyadov adına Şərqşünaslıq) İnstituna dəvət olunmuşdu və İnstitutun iclas salonunda elmi işçilərlə görüşü zamanı (mən də həmin görüşdə idim) söylədiyi nitqində xüsusilə vurğulayırdı ki, o, İngiltərədə zavodda gənc fəhlə kimi fəaliyyətə başlayıb və bəzən gecə növbəsində yuxulayarkən belə ingilis fəhlələri ona dəstək olur və onun əvəzinə hətta ona tapşırılan işləri icra edirlərmiş. O da özünü proletar sinfinin, zəhmətkeş kütlənin bir nümayəndəsi olaraq qələmə verməyə çalışırdı. Çünki həmin zamanlarda bütün dünya zəhmətkeşləri sovetlərin qurduqları kommunist rejimini bütün dünyada “sülhün dfayağı” olaraq tanıyırdılar və bu ölkəyə səfər edənlər, burada məkan bulub işləmək, fəaliyyət göstərmək istəyənlər və yaxud bu rejimin dəstəyini əldə etmək, onun etmadını qazanmaq istəyənlər də gərək “proletariatın nümayəndəsi” olaydılar.

90-cı ilin əvvəllərindən etibarən SSRi-nin dağılması ilə soyuq müharibə bitmiş hesab olundu və ABŞ-ın bundan sonra dünyanın taleyini müəyyən edəcəyi barədə “təkqütblü dünya” nəzəriyyəsi ortaya qoyulmağa, inkişaf etdirilməyə və təbliğ olunmağa başladı. Bundan sonra isə yeni baxışlar, müvafiq münasibətlər  və yanaşmalar formalaşmağa başladı. Belə bir şəraitdə sözsüz ki, qloballaşan dünyada baş verən hadisələr son İran inqilabından sonra Amerikaya mühacirət etmiş, Kanadanın Toronto şəhərində məskunlaşmış və burada yaşayışına davam etmiş R.Bərahəninin də həyata yeni müvafiq baxışlarının formalaşmasına təsirsiz ötüşməmiş, həmin baxışlar da onu yaradıcılığına öz təsirini göstərmiş və onda əksini tapmışdır.

Qeyd etməliyəm ki, Rza Bərahəninin aşağıda diqqətinizə təqdim edilən müsahibəsi “Yoldaş” jurnalının göstərilən sayında əski əlifbada Azərbaycan türkcəsində getmişdir. Sözügedən müsahibəni eynilə, “Yoldaş” jurnalında dərc olunduğu kimi, cümlə quruluşunu və ifadələri dəyişmədən təqdim edirəm. Bununla belə müsahibənin şimallı-cənublu bütün həmvətənlərim üçün anlaşıqlı olması üçün cümlələrdə işlədilmiş ərəb və fars mənşəli sözlərin və ifadələrin qarşısında mötərizədə kursivlə onların tərcüməsini və şərhini də təqdim etmişəm.

Uğurlar diləyi ilə,

Səməd Bayramzadə,

dosent, tarix üzrə fəlsəfə doktoru, AMEA akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri

Doktor Rza Bərahəni ilə müsahibəmiz

(bir neçə dəqiqə)

“Araz” qəzeti: Keçmişdən bir az söhbət elə. Keçənlərdə siz heç azərbaycanca əsər yazmısınız?

Bərahəni: Mən 10 yaşında idim ki, azərbaycanca bir şeir yazdım. O şeirin ictimai cənbesi (sosial aspekti) var idi. Biz o zaman Azərbaycan dilində dərs oxuyurduq.

“Araz” qəzeti: Azərbaycan Demokrat Firqəsinin təşkilatı olan zaman, yəni 1324-1325-də (1945-1946-da)?

Bərahəni: Bəli, o zaman. Amma sonrakı ouza (şərait) çevrildi və Azərbaycan Pəhləvi çəkmepuşlarının (Pəhləvi əsgərlərinin) əlinə keçdi və Azərbaycanın hər yerində qətli-ama (kütləvi qırğına) başladılar. Ana dilimizdə olan kitabları da oxumağa icazə vermədilər. Bizə dedilər ki, bu kitablar gərək yana və bəzi müəllimlər də qabağa düşdülər və kitabları yığıb Təbrizdə “Saat qabağı”nda yandırdılar. Sonra bizə fars dilində dərs deməyə başladılar. Farsi oxumaq çətin idi. Mən və məndən böyük qardaşım doktor Nağı Bərahəni ki, indi daneşqahda (universitetdə) dərs deyir, bir proletar xanevadedən (ailədən) idik. Ata-anamız savadsız idi; nə farsi savadları var idi, nə türki. Bu xanevadedə biz savadlı olmağa başladıq. Biz evdə azərbqaycanca danışırdıq, küçədə, bazarda və mədrəsədə yoldaşlarımız ilə və müəllimlərimiz ilə azərbaycanca danışırdıq. Amma dərs oxuyanda farsca oxuyurduq və farsca yazırdıq. Bu müqəttedə (zaman kəsiyində) bir nəsil yarandı ki, şəxsiyyəti aradan getdi, nəinki iki şəxsiyyətli insan, bəlkə bir insan ki, əsl şəxsiyyəti əzildi  və çalışdılar ki, ona ayrı bir şəxsiyyət verələr – “şəxsiyyət-e şekafte” (parçalanmış şəxsiyyət və ya ikili şəxsiyyət). Mən bu zaman səy edirdim, hətta təqlid ilə də olmuş olsa, farsi danışmaq öyrənəm və öyrəndim. Amma o əvatef (hisslər, duyğular) ki, var idi və aradan getmədi və sonra mən istədim əsli hoviyyəti (milli kimliyi) tapam və Azərbaycan dilini öyrənəm, çün əvatefimin (hisslərimin, ruhumun) şəkil tapması (şəkillənməsi) azərbaycanca idi və bisavad anamın dediyi və qoşduğu qoşma və bayatıları eşidirdim və bu çox müəssir (təsirli) idi. Sonra çün şeir deyirdim, məcbur idim farsca yazam, amma mənim əvatefim (hissim, ruhum) kargərlərin (fəhlələrin) dili idi və kargər atasının dili idi. Buna görə də ayrı bir zad və tam sitəm altda yaşayan adamların və millətlərin sözlərində bu ikicəlik – “şəxsiyyət ikicəliyi” var idi. Bu mored (hal) hamı (bütün) dili və fərhəngi (mədəniyyəti) əlindən alınmış millətlərdə görünür. Sonra məndən bir məqalə də çap olanda iftixar eliyirdim və öyünürdüm ki, farsca bir zad yazam və bu öyünmək Azərbaycan yazıçılarının çoxunda var. Vəli (amma) rəvani nəzərdən (psixoloji cəhətdən) mən bir növ nəqdə (tənqidə) başladım ki, ona sonra “şəllaqi nəqd” (qamçı tənqidi) adı qoydular. İlləti (səbəbi) də bu idi ki,  mən görürdüm, fars yazıçılarının çoxunun yazdıqlarının mənim zendeqanlığım (yaşayışım, həyatım) ilə heç bir irtibatı (bağlılığı, əlaqəsi) yoxdur. Belədə mənim dilim və bəyanım farsidə bir ayrı şəkil tapdı. Həqiqətdə oldu bir azərbaycanlı yazıçının “şəllaqı” dilinin yolu fars dilində.

“Araz” qəzeti: Siz özünüz indi bilirsiniz ki, niyə bəyanınız belə oldu? (səh.7)

Bərahəni: Bəli, zülm görmüş insan əgər bir zülm görmüş millətdən də olsa, bir vaxt ki, öz dili bağlı ola və öz dili ilə zülm edənləri tapdayanmaya başlar, zülm edənin öz dili ilə onları tapdamağa və onları ki, həmeqani (hamılıqla) milli bir sitəmdə əlləri vardı.

“Araz” qəzeti: Aya, şəhər və cəngəl şeirləri bu ehsas (hisslər) üzərində yarandı?

Bərahəni: Bəli, orada mənim bəyanım bir halda ki, farsca şeir dilidi, azərbaycanlılıq hoviyyəti (kimliyi) və şəxsiyyətini hifz eləyib və sitəmlərdə – milli tapdanışlarda, habelə 1342-ci (1963) ildə bu məcmuəni Calal Al-Əhməd çap elədi. Al-Əhməd mənə dedi, fikir eləmirsən ki, ana dilinin zülm görməsindən çox danışırsan?

Sonra mən bu cəryanı “Səfər-e Mesr”də (Misir səfəri), “Dər məna-ye səd-o-yek osyan” (Yüz bir üsyanın mənası) adında münəks (əks) elədim.

“Araz” qəzeti: Fikir eliyirəm, 45 ya 46-cı ildə (1345-1346/1966-1967-ci illər nəzərdə tutulur) ola və “Firdovsi” həftəliyində çap olundu, düzdü?

Bərahəni: Bəli, düzdü. Amma axırıncı bəhs, yəni ünvan elədiyim “Dər məna-ye səd-o-yek osyan” söhbəti o həftəlikdə çap olmadı, yəni qoymadı.

“Araz” qəzeti: Aya, o zaman bir iddə (qrup) var idi ki, Tehranda bu məsələyə fikirləşə? Mənzurum hünərməndlər və rouşənfikirlərdi (Məqsədim sənətçilər və aydınlardır).

Bərahəni: Bəli, 1340-da (1961-ci ildə) bir qohumumuz var idi. Hünərməndlərdən (sənətçilərdən) və yazıçılardan ki, nəzərdə var idi, Azərbaycan hünərləri (incəsənəti) haqqında Çalışqan və hətta Mənsur Qəndriz də bu işdə var idi və çoxlu sədaqət də göstərilirdi. Amma olmadı.

“Araz” qəzeti: Azərbaycan şeirindən daha danışmaq istəmirsiniz?

Bərahəni: Baxın, Azərbaycan şeiri deməkdə bir qissədi (hekayədi), yəni Azərbaycan şairi bir növ hekayə yazandı, hətta  ğənai (insanın hiss və duyğularını ifadə edən ədəbi əsərə xas xüsusiyyət: lirik poeziya) və bu məsələ çox mühümdü ki, şeir bir növ dialoqa təbdil olar (çevrilər).

“Araz” qəzeti: Niyə belə olur, nəzəriniz nədir?

Bərahəni: Çün dilimiz bağlı idi, pəs (ona görə) səy eliyirdik, macəraları dialoq şəklində sinəbəsinə (sinədən sinəyə) bir-birimizə nəql eliyək və bir-birindən soruşaq, cavab alaq. Bu cəryan şeirə daxil olur və şeirimiz hekayə mislli (kimi) bir zad olur. Nə hekayənin özü, bəlkə dialoq onda görünür, sual tərh eləyir (verir), cavab verir və bir macəranı hekayə macərası kimi təqib edir. “Heydər babaya salam” belədi və Səhəndin şeirləri düz bu xətt üstədi və Məftunun şeirləri və hətta cavan şairlərinki. Məgər sizinkilər belə deyil? Baxın, əcib bir əlaqə (maraq) Azərbaycan yazıçılarının əsərlərində Səməd Behrəngi və Behruz Dehqaniyə nisbət (münasibətdə) görünür (səh.8).

“Səfər-e Mesr”də (Misir səfəri), “Tarix-e mozəkker” (Danışan tarix) və “Fərhəng-e hakem və məhkum”da (Hakim və məhkum mədəniyyət) bunlar aşkar deyildi və mən aşkar açıb dedim ki, “Ağa, millətlərin dilini özlərinə verin, millətlərin dilini bağlamayın” və bu iş mənim zindana getməyimə səbəb oldu və 1325-dən (1946) sonra ilk dəfə idi ki, aşkar deyildi: “Aga, həzərat, cənablar! Bizə öz dilimizi, bizə dil azadlığı verin” və zindanda Sabiti mənə dedi ki, “Bərahəni, demək sən istəyirsən, Pişəvəri olasan?” və təəccüb buradadı ki, bu sözü elə indi də mənə deyirlər (səh.42).

Mən xaricdə dedim, yazdım ki, İranda 65% fars deyillər, bu millətlərə dil və fərhəng (mədəniyyət) azadlığı vermək gərək, ta öz fərhənglərində yaradıcılıqların göstərsinlər və istedadların bəsləsinlər.

“Yoldaş” jurnalı, No 11, birinci il, şənbə günü, 29 ordibeheşt 1358/19 may 1979

Şərhlər bağlıdır.