ERMƏNİLƏRİN QARABAĞLA BAĞLI GECİKMİŞ ETİRAFI – İRƏVANDA HƏQİQƏTİ ANLAYIRLAR

Son hadisələr Ermənistan cəmiyyətini qəflətdən oyadır. Ölkənin siyasi elitası reallığı xülyadan fərqləndirməyə çalışır. Bu etnik qrup yüz ildən artıqdır başqa torpaqları ələ keçirmək və türklərə düşmən münasibət ruhunda tərbiyə edilib. Sanki erməni cəmiyyətinin yuxudan ayılıb qonşuları ilə dinc yanaşı yaşamasına hansısa xarici əl mane olur. Heç şübhəsiz, bu əli Ermənistanda tutanlar, dəstəkləyənlər, öpənlər də var.

Əslində, ötən gün Ermənistan parlamentində baş verənlər də bunu təsdiqləyir. Belə ki, parlamentin hakim “Vətəndaş razılaşması” fraksiyasından olan deputat Vigen Xaçatryanın çıxışı bir çox mənalarda ölkədə rezonans yaradıb. O, parlamentdə çıxışı zamanı bildirib: “Hələ 1996-cı ildə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan bizim üçün bir xalqın başqa xalqa zorla tabe etdirilməsinin yolverilməzliyi ideyasını irəli sürmüşdü. Başqa sözlə, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmadığı deyilirdi. İllər ötüb və bu gün, demək olar ki, mənim fikrimcə, bu, düzgün ideya deyil”. Eyni zamanda Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın hakimiyyətləri dövründə və indi də deputat olan milyonçu Qurqen Arsenyan bildirib ki, son yüz ildə erməni və ermənilik “Azərbaycanofobiya” və “türkofobiya” ilə sıx şəkildə qəbul edilib: “Mən əminəm ki bunların heç birininin erməniliyə aidiyyəti yoxdur. Müasir ermənilik qonşularla dinc yanaşı yaşamaq, sərmayə, risklərin azalması və erməni sahibkarların təşviq edilməsidr”. Göründüyü kimi, Ermənistanda heç də hamı Robert Koçaryan, Serj Sarqsyan və onların təmsil etdiyi siyasi düşərgədəkilər kimi düşünmür. Həmin şəxslər Qarabağla bağlı uydurmaları və Azərbaycana düşmənçiliyi təbliğ etməklə siyasi xal toplamağa, yenidən hakimiyyətə gəlməyə ümid bəsləyirlər. Bu sabiqlər və ətraflarına toplaşanlar erməni cəmiyyətinin reallığı, həqiqəti qəbul etməsinə, xülyalardan oyanmasına mane olurlar. Onlara bu işdə bir sıra mətbu orqanlar dəstək verir. Bu tiplərə Ermənistan cəmiyyətinin gələcəyi deyil, kimlərinsə tapşırığını yerinə yetirmək vacibdir. Həmin qüvvələr Ermənistana etimadın, inamın yaranmasına mane olurlar.

Ümumiyyətlə, Ermənistan cəmiyyətinin reallıq olaraq qəbul edəcəyi həqiqətlərə uzun illərdir erməniliyin təbliğ etdiyi Azərbaycan və Türkiyəni, azərbaycanlıları, türkləri düşmən kimi görmək ideyasından əl çəkmək, Azərbaycana, eləcə də qonşu dövlətlərə, Gürcüstan, Türkyə və İrana ərazi iddiası xülyasından oyanmaq, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək, saxta və uydurma soyqırım “hadisə”sindən ayrılmaq, Ermənistanda yeni nəsli Azərbaycan və Türkiyəyə qarşı düşmən ruhunda tərbiyə etməkdən xilas olmaq, regional əməkdaşlığın mahiyyətini dərk etmək, bölgənin təhlükəsizliyini təhdid edəcək fəaliyyətdən çəkinmək, saxta, uydurma ermənilik ideologiyasına havadarlıq, sponsorluq edənlərə qulluq etməkdən xilas olmaq, ermənilər üçün problem sayılan məsələləri başqalarının silahı ilə həllinə cəhddən qaçmaq, qonşularla dinc yanaşı yaşamağa öyrəşmək və s. daxildir.

Məhz, 44 günlük müharibədən sonra bir sıra mətləblər kimi, Ermənistan cəmiyyətinin Qarabağa münasibətinin üzərinə də işıq düşdü. Bu torpaqların onlara aid olmadığı bir daha təsdiqləndi. Əgər həmin torpaqlar onlara məxsus olsaydı, oraları əkər, biçər və tikərdilər. Müharibədən əvvəl və savaş zamanı sübut olunub ki, erməni ata-analar oğullarının Azərbaycana aid ərazidə ölməsi, yaxud şikəst qalmasını artıq istəmirlər. Bunu Ermənistanda valideynlərin övladlarını Qarabağda xidmətdən yayındırdıqları barədə çoxsaylı informasiyalar da təsdiqləyir. Müharibə dövründə erməni cəmiyyətinin ovqatı da bundan xəbər verirdi. Bu ölkənin ordusunun hərbi vətənpərvərlik ruhunun aşağı olduğu belə deməyə əsas verir.

İndi Ermənistan nə vəziyətdədir? Ordusu dağılmış haldadır. Hələ də orduya rəhbərlik formalaşmayıb. Ölkə iqtisadiyyatı Rusiyadan, demək olar ki, tam asılı vəziyyətdədir. Ermənistanın siyasi səhnəsində müxalifəti Rusiyanın maraqlarını müdafiə edən revanşistlər tutub. Onlar ölkədə və regionda mövcud vəziyyəti dəyərləndirib mövcud iqtidarın yürütdüyü daxili və xarici siyasəti qərəzli deyil, obyektiv tənqid edən (Koçaryan və Sarqsyanın adamlarından fərqli) müxalifətin yaranmasına mane olurlar. Həmin qüvvələr hakimiyyətdə olduqları illərdə korrpusiya və müxtəlif cinayətlərlə topladıqları var-dövləti bu gün pozuculuq fəaliyyəti göstərməklə Ermənistanın bir dövlət kimi sıradan çıxmasına, zəifləməsinə xərcləyirlər. Bu siyasilər Ermənistanı çətin vəziyyətə salıblar. Ölkə çıxılmaz şəraitlə üz-üzədir. Keçmiş prezidentlərin gözü hələ də arxada qalıb. Belə halda reallığı və irəlini görmək, həqiqəti dərk etmək mümkün olmur. Sarqsyanlar, koçaryanlar saxtakarlıq etməklə uğur əldə etməyə səy göstərirlər. Bu qüvvələr törətdikləri əməllərlə ermənilərin keçmişinin ləkələri və gələcəyinin isə düşmənləridirlər.

Ermənistanın düşdüyü bataqlıqdan çıxmasının yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırmaq və hikkəli iddialardan, uydurma ideologiyadan əl çəkməkdir. Deputatın da çıxışından belə görünür ki, Baş nazir Nikol Paşinyan və komandası bu həqiqəti və reallığı artıq anlayıblar. Əks halda onların da aqibəti əvvəlkilərdən fərqlənməyəcək. Çünki Köçəryan və Sarqsyanın da xidmət etdiyi uydurma “Qarabağın müstəqilliyi” ideyası nəticəsində Ermənistan dalana dirənib və vəziyyətdən çıxmadan inkişafa nail ola bilməyəcək. Elə rəsmi İrəvanın hazırkı siyasi kursu da buna hesablanıb.

Nəhayət, qəflətdən oyananlar Ermənistan cəmiyyətinə reallığı, həqiqəti deməyə başlayıblar. Onlar Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu başa düşür. Bu torpaqların onlara aid olmadığını təmsil etdikləri etnik qrup arasında çəkinmədən danışırlar. Əvvəllər belə çıxış edənləri ermənilər “türk”, “düşmən” adlandırıb, ölümlə hədələyər, ya da qətlə yetirərdilər. Ancaq cəmiyyətdə dayaqlarının, Azərbaycan və Türkiyə ilə bağlı həqiqəti bilənlərin sayının çoxluğundan Vigen Xaçatryan parlamentin tribunasından reallığı açıqlayıb. O, bununla həm də Ermənistan və erməni cəmiyyətinin aldadıldığını da etiraf edib.

Şərhlər bağlıdır.