AĞANIN ZİYARƏTİ BARƏDƏ STATİSTİKA

Ey insanlar!
Həzrətin andına…, yoxsa köynəyinin altından çıxan xoruzun quyruğuna inanım?

 

02.04.2022

Əlirza Nuripur (https://www.tribunezamaneh.com/archives/303972)

Mənim ölkəmin insanlarının adətlərindən biri də məzarları ziyarət etməkdir. İran mədəniyyət, incəsənət və elm diyarı olduğundan onun ərazisinin hər guşəsində bir şairin, alimin, yazıçının, filosofun və ya … ziyarətgahı vardır. Xorasan İran tarixinin ən böyük epik şairi Firdovsinin, dünya şöhrətli riyaziyyatçı, astronom və şair Xəyyamın, alim Xacəh Nasirəddin Tusinin və bir çox başqalarının doğulduğu yerdir. Lakin onların məzarını ziyarət etməyə çox az adam gedir. Əvəzində saysız-hesabsız insan seli ağalarının ayağından öpmək üçün bu yerə axışır. Təbii ki, o da əgər ağa tərəfindən istənilsələr, öz hesablarına, qürurla gedəcəklər, qalan pullarını da onun ziyarətgahına atacaqlar.

Əlbəttə ki, ağaları nə Firdovsi kimi dastan şairi və “Şahnamə” yaradıcısı, nə həmin o Xəyyam kimi müdrik filosof, astronom, riyaziyyatçı və şair, nə də Xacə Nəsrəddin kimi yazıçı və astronom idi. Onların ağalarının yeganə bacarığı öz şiələri qarşısında çıxış etmək və onların Məmun Abbasi tərəfindən Mərvə çağırılmalarına etiraz etməsi idi.

Zəvvarların ağalarının ziyarəti barədə statistikasını görəndə adamın ürəyi ağrıyır. Təkcə 2019-cu ilin mart-dekabr ayları (10 ay) ərzində ağanın “ayağından öpmək” üçün oraya otuz yeddi milyon zəvvar getmişdir. Bu, “Qanlı Noyabr”ın baş verdiyi həmin ilin statistikasıdır. Bu statistika 2017-ci ilin dekabr qırğınından (bu qırğınlar İranın hakim rejimi tərəfindən 2017-ci il dekabrın 28-də Məşhəddə və Xorasan əyalətinin böyük şəhərlərində hökumət əleyhinə baş verən  xalqın izdihamlı mitinq və nümayişləri zamanı baş vermişdi – S.B.) iki il sonraya təsadüf edir. Bu otuz yeddi milyonun mütləq İslam Respublikasının muzdluları olması da şərt deyil.

Amma bu il də nə korona (Covid), nə də inflyasiya bu xurafatın qarşısını ala bilmədi. Təkcə bu ilin ilk yeddi günündə (21-27 mart 2022-ci il tarixində – S.B.) Məşhədə altı milyon yarıma yaxın zəvvar gəlib. Bu zəvvarlar bilərəkdən və bilməyərəkdən düşmən dəyirmanına su tökən nadan və mövhumatçılardır. Bu zəvvarların çoxu özləri cəmiyyətdəki mövcud vəziyyətə etiraz edənlərdir. Çoxları yoxsulluğun, işsizliyin və məhrumiyyətlərin qurbanlarıdır. Və hətta bir çoxları öz ağalarının ziyarətgahının xərcini təmin etdikləri və pulları Ələmul-Hudanın cibinə tökdükləri bir halda Ələmül-Hüdanın ekstremist şərhlərinə etiraz edir və xəlvətdə axundlarınn “yoğunlamasından”  belə şikayətlənirlər.

Bu günlərdə Məşhədin adı hər zamanda olduğundan daha çox eşidilir. Bu günlərdə Məşhəddə qadınların stadiona girməsinin qarşısının alınması məsələsi məclislərin müzakirə mövzusu olub.

Mənim ölkəmin qadınlarının tarixi yaddaşı yoxdur. Onların yadından çıxıb ki, qırx üç illik gizlində və aşkarda törədilən cinayətlər İslam Respublikası bayrağı altında baş verib. Onlar isə həmin bayrağı çiyinlərinə taxıb, stadiona daxil olmaq üçün canlarından keçməyə hazırdırlar. Onlar unudublar ki, bu bayraq altında Nidanın, Puyanın, Səttarın, Söhrabın və minlərlə gəncin qanı tökülüb. Mərc gələrəm ki, onlar bu bayrağı boynlarına bağlayanda eyni bayraq altında Rira və Ramtini aparan Ukrayna təyyarəsinə raketlər atıldığını, 176 nəfərin həlak olduğunu belə xatırlamırlar.

Mənim ölkəmin insanları yaddaşı zəif olan adamlardır. Yadlarına gəlmir ki, bir neçə il əvvəl Səbzevar stadionunda edam mərasimi olub və çoxları buna baxmağa tələsərək qaçıblar, qadınların həmin gün o stadiona sərbəst girə bilməsi də heç kəsi təəccübləndirməyib.

Mənim ölkəmin insanları yaddaşı zəif adamlardır, edam mərasiminə baxmaq üçün Fars ostanının (əyalətinin) “Neyriz” stadionunun tamaşaçı ilə dolu olduğunu xatırlamırlar.

Heç kimi düşündürmür ki, niyə bir futbolçu belə futbol meydançasında edama qarşı etiraz etməyib?

Fars dilindən çevirəni:
Səməd Bayramzadə

Şərhlər bağlıdır.