MÜSTƏQİLLİK GÜNÜ ŞƏRQŞÜNASLIQ İNSTITUTUNDA QEYD OLUNDU

ELMİ SESSİYA KEÇİRİLDİ

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi sessiya keçirilib.

Azerbaycanruznamesi.org AZƏRTAC-ın bu məlumatı institutdan aldığını bildirir. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 1918-ci il mayın 28-də yaradılan Şərqin ilk demokratik respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb. Akademik G.Baxşəliyeva Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin təsis edildiyini, parlament seçkisinin keçirildiyini, təhsilin milliləşdirildiyini, Milli Ordunun yaradıldığını, Azərbaycan dilinin dövlət dili elan olunduğunu vurğulayıb. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra ilk illərdə respublikamızın çətin dövr yaşadığını qeyd edən G.Baxşəliyeva ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra böyük siyasi təcrübəyə malik rəhbərin xalqı vətəndaş müharibəsindən, ölkəni böyük təhlükələrdən qurtararaq respublikanın inkişafının əsasını qoyduğunu, bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini qeyd edib.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə elmi sessiyada “Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti” mövzusunda məruzə edib. 1918-ci il mayın 28-də qəbul edilən “İstiqlal Bəyannaməsi”nə uyğun olaraq müəyyənləşən sonrakı daxili və xarici siyasətinin əsas prinsip və istiqamətlərindən ətraflı danışan S.Bayramzadə daxili siyasətə demokratik hüquqların təmin edilməsi, aqrar məsələlərin həlli, yeni inzibati-ərazi bölgüsünün aparılması, yeni dövlət quruluşunun yaradılması və möhkəmləndirilməsi, Azərbaycan dilinin statusunun yüksəldilməsi məqsədilə təhsil sahəsində yeni tədbirlərin həyata keçirilməsi, milli nizami ordunun təşkili, bütövlükdə respublikanın iqtisadi vəziyyətinin yaxşılaşdırılması kimi istiqamətlərin daxil edildiyini vurğulayıb. Cümhuriyyətin xarici siyasəti ilə bağlı respublikanın, ilk növbədə, qonşu dövlətlərlə qurduğu diplomatik əlaqələrindən danışan məruzəçi hökumətin 5 mart 1920-ci il tarixli qərarı ilə Fransa, İngiltərə, İtaliya, ABŞ və Polşanın da paytaxtlarında diplomatik nümayəndəliklərin yaradılması ilə bağlı parlamentə təklif olunan layihədən də söz açıb.

Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq münasibətlər” mövzusunda məruzə edib. Cümhuriyyətin yaranması ərəfəsində dünyada baş verən hadisələrdən ətraflı danışan N.Məmmədov dünya güclərinin o vaxtlar Qafqazla bağlı planlarından danışıb, 1918-ci ilin əvvəllərindən başlayaraq beynəlxalq aləmdə və Qafqazda yaranmış vəziyyətin bu regionda müstəqil dövlətlərin yaranmasına əhəmiyyətli təsir göstərdiyini, yeni yaranmış dövlətlərdən birinin də Azərbaycan Xalq Cümhuriyyəti olduğunu qeyd edib.

 

Şərhlər bağlıdır.