MİRZƏ ƏLƏKBƏR SABİR HAQQINDA YENİ BƏDİİ-SƏNƏDLİ FİLM

İctimai Televiziya M.Ə.Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar “Səbirli adam. Mirzə Ələkbər Sabir” adlı yeni bədii-sənədli film hazırlayıb.

Filmin yaradıcıları M.Ə.Sabirin keşməkeşli həyatına işıq salır, əsərlərinin məhv olunmaqdan necə xilas edildiyini xüsusi qabardırlar.

Azerbaycan-ruznamesi.org filmin ssenari müəllifi Müsəllim Həsənovun AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədən bəzi fikirləri təqdim edir: “Məsələ burasındadır ki, şairin vəfatından sonra onun düşmənləri əsərlərini məhv etmək planı qururlar. Lakin şairin qızı bu təhlükəni duyaraq, Sabirin əsas şeirlərini üzə çıxarmır və bununla da “Hophopnamə” xilas olunur. Bütün bu hadisələr filmdə aktyor oyunu ilə təqdim edilir, Sabirin həyat və yaradıcılığının bir sıra gizli məqamları barədə söhbət açılır”.

Müəllif daha sonra deyib: “M.Ə.Sabir Allahsız idimi? M.Ə.Sabir yoxsul idimi? Şairin həyatına dair bu və digər suallara filmdə ətraflı cavab verilir. Filmdə böyük satirikin həyatı və yaradıcılığı barədə Xalq yazıçısı Anar, şairin nəvəsi Sevda Tahirli, eləcə də Ankara Universitetinin professoru, məşhur tarixçi İlber Ortaylı söhbət açır”.

“Səbirli adam. Mirzə Ələkbər Sabir” bədii-sənədli filminin quruluşçu rejissoru Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyevdir. İkinci rejissoru Çingiz Həsənov, quruluşçu rəssamı Vüsal Rəhim, montaj rejissoru Elçin Elxanlıdır.

Film ilk dəfə şairin doğum günündə – mayın 30-da İctimai Televiziya ilə nümayiş olunacaq.

Şərhlər bağlıdır.