TƏBRİZ – “QURULTAYLAR“ ŞƏHƏRİ

Təbriz şəhəri  dövlətlərin paytaxtı , Cənubi Azərbaycanın mərkəzi olmuş, nəhayət onun BEŞDƏ BİRİNİN mərkəzi kimi təsbit edilmişdir.

Türk sülalərinin hakimiyyəti illərində Təbrizdə hökumət sarayında, divanda, orduda, şairlər məclisində yeganə dil olan türk\Azərbaycan dili 100 il bundan əvvəl  fars sülaləsinin hakimiyyətə gələməsi ilə bütün sahələrdən kənarlaşdırılmış, qadağan, həbs edilmiş bir dilə çevrildi. Pəhləvi sülaləsinin hakimiyyəti illərində türk\Azərbaycan dili yalnız dini ayin və mərasimlərin  icrasında şifahi şəkildə  işlənmək sahəsində öz rolunu qeyri-formal olaraq  qoruyub saxlamışdı. Pəhləvi rejiminə inqilabçılığı ilə seçilən azərbaycanlıların dini tədbirlərlə məşğul olması  sərf edirdi.

İslam inqilabından sonra meydana gələn teokratik rejim azərbaycanlıların dini sahədə fəaliyyətini daha da təşviq etməyə başlamış, eyni zamanda ondan digər məqsədləri üçün istifadə etməyə xüsusi əhəmiyyət verirdi və verir. Azəraycanlıların dini sahədə “fəallığı” onların ana dilinin qadağan olunmuş dil vəziyyətindən çıxmasına heç bir müsbət təsir göstərməmişdir. Əksinə ruhanilərin  öz birbaşa vəzifəsi olan din işlərini idarə və icra etməsindən əlavə, ictimai-siyasi,hərbi,mədəni və s. sahələrə nəzarət funksiyası əldə etməsi azərbaycanlı ruhaniləri avtomatik olaraq  türk\Azərbaycan dilinin mövcud qadağan olunmuş dil vəziyyətinin daha da ağırlaşmasına səbəb olurdu və olur.

Azərbaycan dilinin statusu  məişət dili səviyyəsinə endirilmiş və oradan da kənarlaşdırılmaq siyasəti aktiv şəkildə davam etdirilir. Həmin işdə azərbaycanlı ruhanilərin çoxu fəal rol oynayır. Belə ki, məscidlərdə ibadət,xütbə vaxtı dinləyicilərlə türk\Azərbaycan dilində danışan, artıq savadlı olan ruhanilər, elə dildə danışırlar ki, az-çox təmiz Azərbaycan dilində danışmaq vərdişi olan  azərbaycanlıların  onları başa düşməsi problemə çevrilir. “Savadlı” ruhanilər İslam rejiminin türk\Azərbaycan dilinin ictimai həyatdan sıxışdırılması siyasətinin tərkib hissəsi olan və dilin linqvistik baxımından eroziyaya uğraması, yəni şifahi nitqdə fars dili sözləri,ifadələri,qrammatik ünsürlərindən  istifadə edilməsi, işində mühüm rol oynayırlar.

Bunula belə, mərkəzi hakimiyyət  dini hakimiyyətə yad olmalı olan hakim,şovinist, millətçilik siyasətinə qarşı Cənubi Azərbaycanda müqaviməti,xüsusən də milli ruhlu ziyalılar arasında müqaviməti, zəiflətmək və əhalinin əksəriyyətinin diqqətini dini məsələlərə cəlb etmək üçün dini ayin, mərasimlərin keçirilməsi işlərinə xüsusi diqqət ayırır.Dövlət həmin işləri həvəslə maliyyələşdirir.

İnqilabdan sonra həmin istiqamətdə görülən işlərdən biri  Təbrizdə hər il Məhərrəm Poeziya qurultayı keçirilməsidir.Bu il(2022) həmin qurultayın regional səviyyədə yəni vilayətlərə\ostanlara  parçalanmış Cənubi Azərbaycan səviyyəsində keçirilməsi haqqında qərar qəbul edilib. Qurultayın afişasının təqdimat mərasimində Cənubi Azərbaycan və ya Azərbaycan termini əvəzinə Şimal-qərb regionu termini işlənir. Bir vaxtlar Azərbaycan sonra Şimal-qərb vilayətləri dedikdə 4 vilayət-Şərqi Azərbaycan,Qərbi Azərbaycan,Ərdəbil, Zəncan vilayətləri  nəzərdə tutulurdusa, indi daha çox birinci üç vilayətin  nəzərdə tutulduğu diqqət çəkir. İran hakimiyyəti Zəncan vilayətinin Cənubi  Azərbaycana aid olmadığı fikrini qəbul etdirməyə çalışır.

Hər halda Regional Məhərrəm Poeziya  Qurultayının təşkilat komitəsi,məsul katiblik təşkil edilib və göndəriləcək əsərləri saf-çürük etməyə hazırdır.Qurultaya göndəriləcək şerlərin mövzuları  elan edilib.Həmin mövzulardan biri belə adlanır: “Azərbaycan Respublikasında şiələrin müqaviməti”

Qurultay dövlət tərəfindən keçirilən  siyasi-dini-mədəni  bir tədbir olduğundan onun proqramına qeyd edilən mövzunun salınması İran dövlətinin açıq-aşkar şəkildə Azərbaycanın daxili işlərinə qarışdığını göstərir.Həmin, zahirən xırda məsələ, qeyd edilən qurultayın eyni zamanda hansı xarici,regional siyasətə xidmət etdiyini də göstərir.

Təbriz şəhərində bu il (21-25 tir 1400\ 12-16 iyul 2022)ardıcıl olaraq ikinci dəfə Behnəlxalq Qədir Xom( Qədir Xom adlı məkanda Məhəmməd peyğəmbərin Əlini müsəlmanların mövlası və ya şiələrə görə, özündən sonra müsəlmanların rəhbəri təyin etdiyi gün)Türk Poeziya qurultayı keçirilir. Qurultaya türk dilli  və türk dilli olmayan ölkələrdən   türk dilində şerlər qəbul edilmiş,artıq seçilmiş və  daxili və xarici iştirakçılar üçün ayr- ayrıllıqda tümən və dollarla  üç dərəcəli mükafat müəyyən edilibdir.

Qurultayın səviyyəsi  həmin tədbirin daha geniş və uzun müddətli məqsədlərə xidmət etdiyini göstərir.

İran İslam rejiminin Təbriz şəhərinin tarixini, güclü siyasi, mədəni ənənələırini nəzərə alaraq onun potensialından öz məqsədləri üçün istifadə etməyə başladığını  görmək olar.

İslam rejimi Təbriz şəhəri üçün  müəyyən vəzifə müəyyən etmişdir:  Cənubi Azərbaycan türkləri arasında dini dünyagörüşü və hissləri gücləndirnək,  xarici türk dilli dindarların  dini-mədəni  mərkəzinə çevrilmək  və İranın dini-siyasi təsirini türk dilli ölkələrə  daha geniş miqyasda,asan və səmərəli şəkildə  ötürmək.

Uzun əsrlər paytaxt,mərkəz,mütərəqqi ilklər şəhəri olmuş Təbrizin, nəhayət, yeni bir status-Cənubi Azərbaycanın və bütövlükdə türklərin dini-mədəni mərkəzi,dini poeiziya qurultayları paytaxtı   statusu əldə etməkdə olması “BÖYÜK UĞUR “ sayıla bilər.

Vidadi Mustafayev,

AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri

Şərhlər bağlıdır.